azia.az
azia.az

Deputatlar 2017-ci ildən nə gözləyir?

2-01-2017, 16:26

Deputatlar 2017-ci ildən nə gözləyir?Yeni ilin ilk günlərini yaşayırıq

2017-ci il ay təqvimi ilə Xoruz ili hesab olunur.

Bu il Azərbaycan üçün son dərəcə çətin və məsuliyyətli bir il olacaq.

Maraqlıdır, millət vəkillərinin 2017-ci ildə gözləntiləri nədir?

Deputat Elman Məmmədov deyir ki, yeni ildə ölkənin həm sosial-iqtisadi, həm maliyyə, həm ictimai-siyasi həyatının qaynar proseslərlə izlənəcəyi proqnozlaşdırılır. Onun sözlərinə görə, bu il Azərbaycanda İslam Həmrəyliyi Oyunları və Formula-1 yarışları keçiriləcək. Ölkəyə turist axınının davam edəcəyi gözlənilir. Əgər neftin qiymətlərində azacıq artım müşahidə olunsa, ölkə vəziyyətdən çıxmağı bacaracaq: "Gözləntilərim odur ki, torpaqlarımızın işğaldan azad olunması istiqamətində irəliləyiş olsun, doğma yurd-yuvalarımıza qayıdaq. Problemlərimiz həll olunan problemlərdir. Gündəlik problemlərdir ki, bunlar zamanla həmişə olub və həll oluna-oluna da həyat davam edir".

"Yola saldığımız 2016-cı il Azərbaycan üçün yaxşı il oldu" deyən professor Nizami Cəfərov yeni ili çox böyük ümidlə qarşılayır: "Dünyada mürəkkəb proseslər gedir, biz də bu proseslərin tərkib hissəsindəyik. Çünki dünyadan təcrid olunmaq mümkün deyil. Buna baxmayaraq, gələn ilə ümidlərimiz böyükdür. Əminəm ki, hər zaman nailiyyətlərə imza atdığımız kimi, bu il də uğurlarımız bol olacaq".

Deputat Fəzail İbrahimli 2016-cı ildə başlanan, lakin gerçəkləşməsi ləngiyən bütün planların həyata keçəcəyinə inanır: "2017-ci ildə Azərbaycana əldə etdiyi sabitliyin qorunub saxlanmasını arzu edərdim. Yeni ilin hər bir azərbaycanlı ailəsinə və övladına sevinc gətirməsini arzu edərdim. Ən əsası isə müstəqilliyimiz dövründə başımızın üstündən Domokl qılıncı kimi asılmış və bizi daim narahat edən Dağlıq Qarabağ probleminin həllini arzu edərdim".

Deputat Yevda Abramov deyir ki, gələn ilin uğurlu olması üçün uğursuzluqlarımızdan nəticə çıxarmalıyıq: "Ölkəmizdə əmin-amanlıq olsun. Yeni ildə xalqın maddi rifah halı daha da yaxşılaşsın. Dövlət adamı üçün bundan ülvi arzu ola bilməz. Prezident dəfələrlə deyib ki, hər bir məmur, hər bir millət vəkili xalqın yaxşı yaşaması üçün elə addım atmalıdır ki, həyat səviyyəsi qalxsın. Ona görə məmurlara, dövlət adamlarına müraciət edərək bildirirəm ki, gəlin, bütün qüvvə və bacarığımızı gələn ildə bizi gözləyən problemlərin həllinə yönəldək".

Millət vəkili Rəfael Cəbrayılov 2016-cı ilin "qlobal iqtisadi böhran" adlandırdığımız çətin dövr kimi tarixə qovuşduğunu deyir: "Azərbaycan iqtisadiyyatı fundamental şəkildə zərər çəkməsə də, insanlarımızın sosial vəziyyətinə kifayət qədər təsir etdi. İstər iş yerlərinin azalması baxımından, istərsə yeni iş yerlərinin açılmasının ləngiməsi baxımından, istərsə də dövlət investisiyalarının azalması baxımından 2016-cı il yaddaqalan il oldu. Amma 2017-ci ilin dövlət büdcəsində dövlət investisiyaları azalsa da, sosial istiqamətdə Azərbaycanın büdcə xərcləri nəinki azalmadı, əksinə, artırıldı. Bu da dövlətin sosial siyasətinin prioritet təşkil etməsindən irəli gələn bir məsələ idi. Düşünürəm ki, 2017-ci ildə bu yaşadığımız dövranın səngimə dövrü olacaq".

"Bölgədə müharibə və münaqişələrin artığı bir dönəmdə hər bir ölkə üçün sabitlik və təhlükəsizlik ən mühüm məsələdir" deyən deputat Qənirə Paşayeva qeyd edib ki, dünya təcrübəsi məhz bu iki amil olmadan inkişafın olmayacağını hər gün təsdiq edir: "2017-ci ildə də getdikcə daha da gərginləşən bölgəmizdə təhlükəsizliyin təminatı bizim üçün ən vacib məsələdir. Gözləntilərimiz var ki, 2017-ci ildən sabitliyin qorunub saxlanılmasını daha çox gözləyirəm. İkinci, ən vacib məsələ isə 25 ildir işğal altında olan torpaqlarımızın azadlığıdır. Ərazimizin 20 faizi düşmən tapdağındadır, qaçqın və məcburi köçkünlərimizin sayı isə 1 milyon 200 min nəfərə çatıb. Torpaqlarımızın işğaldan azad olunması, insanların isti yuvalarına qayıtması ilə bağlı gözləntilərimiz var. Eyni zamanda beynəlxalq iqtisadi-maliyyə böhranı fonunda özəlliklə əhalinin maddi imkanları zəif olan insanlarını düşünmək çox ciddi məsələdir. Fikrimcə, 2017-ci ildə dövlətimizin qarşısında duran əsas vəzifələrdən biri də məhz bu olacaq".

2017-ci ildə bütün arzuların gerçəkləşməsi diləyi ilə... (lent.az)


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi