azia.az
azia.az

İlin sonuna doğru bizi nə gözləyir?

25-10-2016, 09:55

İlin sonuna doğru bizi nə gözləyir?
Dekabrın sonlarında qiymətlərdə daha ciddi artımlar müşahidə oluna, neft də bahalaşa bilər...

2016-cı ilin başa çatmasına 2 aydan bir qədər artıq zaman qalır. Adətən ilin sonu iqtisadi baxımdan təlatümlü keçir.

Yeni ilin gəlişi ilə əlaqədar qiymətlər qalxır, manatın məzənnəsi ilə bağlı həyəcan yaşanır, neftin qiymətində kəskin dəyişiklik baş verir. Həmçinin qış ayları əhali üçün də maddi baxımdan çətin keçir? Bəs görəsən, bu il ilin sonuna doğru bizi nələr gözləyir?

“Yeni Müsavat”ın sualını cavablandıran iqtisadçı ekspert Rəşad Həsənov bildirdi ki, son iki ay olduqca gərgin keçəcək.

Rəşad Həsənovun sözlərinə görə, ilin sonuna doğru manatın dəyərsizləşməsi prosesi davam edəcək: “İlin sonuna təxminən iki ay vaxt qalıb. Bu müddət ərzində manat bu günlə müqayisədə təxminən 4-5 faiz zəifləyəcək. İlin sonunda rəsmi məzənnə təxminən dollara qarşı 1.70 - 1.73 arasında qərarlaşacaq. İlin əvvəlində ola bilsin ki, daha sürətli dəyərsizləşmə prosesi baş versin. Qara bazarda isə bu göstərici 1.85-1.90-a qədər arta bilər”.

Image result for Rəşad Həsənov

İqtisadçı ekspert son iki ayın neftin qiyməti ilə bağlı optimist keçəcəyini vurğuladı: “Neftin qiyməti ilə bağlı hazırda dünya bazarlarında optimist əhval-ruhiyyə müşahidə olunur. Bu, xüsusilə də OPEK-in Əlcəzair görüşündə qeyri-rəsmi formada əldə olunmuş razılıqdan qaynaqlanan bir optimizmdir. Hazırda birjalarda ”Brent" markalı neftin qiyməti 52 dollara satılır. Noyabr ayının 30-da OPEK-in növbəti toplantısı gözlənilir ki, bu zaman Əlcəzair görüşündə əldə olunmuş razılıqların rəsmi olaraq sənəd halına və müqavilə şəklinə salınması gözlənilir. Bu dövrə qədər neftin qiymətində təxminən bir barel üçün 50-57 dollar arasında dəyişmələr müşahidə oluna bilər. OPEK-in əldə edəcəyi qərardan sonra isə bu qiymətlərin hansı istiqamətdə irəliləməsi məlum olacaq. OPEK razılıq əldə edərsə, bu zaman qiymətlər müvəqqəti dövrdə 65 dollara qədər bahalaşa bilər. Lakin ondan sonrakı ABŞ istehsalı olan neftin gəlirliliyi artacaq, bu isə neft istehsalını sürətləndirməklə bu ölkənin istehsal həcmini qısa müddətə artıra bilər. Bu da növbəti dövrlərdə qiymətlərin yenidən ucuzlaşmasına səbəb ola bilər. İlin sonuna qədər OPEK razılıq əldə edərsə, dekabr ayının sonlarında böyük ehtimalla neftin qiyməti bir barel üçün 55-60 dollar arasında olacaq. OPEK-in görüşündə hər hansı razılıq olmasa, bu qiymət 40-45 dollara qədər ucuzlaşa bilər".

Rəşad Həsənov həmçinin ərzaq məhsullarında müşahidə olunan qiymət artımına da toxunaraq, prosesin davam edəcəyini bildirdi: “Bildiyiniz kimi, ölkədə ərzaq bazarında məhsulların böyük bir qismi idxal məhsullarıdır. Bu məhsullar ölkəyə xarici valyuta ilə gətirildiyi üçün ilin sonunadək xarici valyutanın bahalaşacağını nəzərə alsaq, qiymətlərin artacağını deyə bilərik. Kənd təsərrüfatı məhsullarına gəlincə, qış mövsümünün gəlməsini nəzərə alsaq, qiymətlərin artması gözləniləndir. Xüsusilə də dekabrın sonlarında bayramla əlaqədar olaraq qiymətlərdə daha ciddi artımlar müşahidə oluna bilər. Ümumi qiymətlərin bahalaşması müşahidə olunacaq. Lakin bu bahalaşmanı müəyyən qədər əngəlləyən addımlardan biri əhalinin istehlak gücünün günü-gündən azalmasıdır. Bu, prosesin nisbətən aşağı templi olmasına səbəb ola bilər”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi