azia.az
azia.az

Ölkə iqtisadiyyatında ən ağır il - 2016, yoxsa 2017?

5-12-2016, 09:00

Ölkə iqtisadiyyatında ən ağır il - 2016, yoxsa 2017?
Ekspertlər gələn ilin daha çətin olacağını proqnoz edirlər, ağırlığın yükünü isə vətəndaşlar və sahibkarlar çəkəcək...

Başa çatan 2016-cı il ölkə iqtisadiyyatı üçün ciddi problemlərlə yadda qaldı. Prezident İlham Əliyev də iki gün əvvəl bu barədə danışıb. O, bu ilin iqtisadiyyatımız üçün ən ağır il olduğunu vurğulayıb. “Ölkəmizin hərtərəfli inkişafı davam edir. Son illərlə müqayisədə 2016-cı il ölkə iqtisadiyyatı üçün obyektiv səbəblər üzündən ən ağır il oldu. Buna baxmayaraq, biz çox ciddi tədbirlər görərək dünya böhranının mənfi fəsadlarını azaltmağa çalışmışıq və buna nail ola bilmişik”, - deyə İlham Əliyev bildirib.

Lakin ölkə başçısı gələcəyə nikbin baxmağın vacibliyini də vurğulayıb: “Biz ili yaxşı göstəricilərlə başa vururuq. Qeyri-neft sənayesinin, kənd təsərrüfatının artımı, əlbəttə ki, görülmüş işlərin nəticəsidir. Biz valyuta ehtiyatlarımızı qoruya bilmişik. Bu da çox vacib məsələdir. Çünki neftlə zəngin olan ölkələrin əksəriyyətində valyuta ehtiyatları tükənir, ya da azalır. Biz isə qoruyuruq, çünki bu, dövlətimiz, xalqımız üçün lazımdır. Bu, bizə əminlik və imkan verir ki, gələcəyə nikbinliklə baxaq”.

Dövlət başçısı bildirib ki, sosial məsələlərin həlli bundan sonra da prioritet olacaq: “Neftin qiymətinin 3-4 dəfə düşməsinə baxmayaraq, Azərbaycanda belə gözəl tibb ocaqları yaradılır. Ehtiyac meyarı artırılacaq, digər sosial proqramlar gələn il də artıqlaması ilə icra ediləcək”.

Ekspertlər isə hesab edirlər ki, 2017-ci il də asan olmayacaq. Əksinə, 2017-ci ilin daha ağır və çətin olacağı ehtimalları böyükdür. İqtisadçı ekspert Natiq Cəfərli qeyd edib ki, dövlət büdcəsinin parametrləri də gələn ilin ağır olacağını söyləməyə əsas verir: “2017-ci ilin büdcəsinin ilkin parametrləri açıqlanıb. Yəni bu, dollar ekvivalentində son on illərin ən kiçik büdcəsidir. Büdcə parametrlərində bir çox kəsintilərin olduğunu da indidən söyləmək mümkündür. Yəni təmir-tikinti işlərində, böyük infrastruktur layihələrində kəsintilərin olması ehtimalı var. Bu da iş yerlərinin azalması, gəlirlərin azalması ilə müşahidə olunur. Ancaq elə büdcə parametrlərinə baxdıqda, görürük ki, 2017-ci il 2016-dan asan olmayacaq. Yeganə ümid neft qiymətlərinədir. Əgər 2017-ci ildə neft fantastik dərəcədə bahalaşsa, ciddi bahalaşma müşahidə olunsa, problemlər az ola, vəziyyət düzələ bilər. Bunun da ehtimalı azdır, çox aşağıdır.

Heç olmasa, neft 65-70 dollara qədər artsa, o zaman ölkə iqtisadiyyatı nəfəs ala bilər, manatın sabitləşməsi baş verə bilər, ümumiyyətlə, bir iqtisadi canlanma müşahidə edə bilərik. Yenə təəssüf edək ki, 2017-ci il də neftdən asılı olacaq. Əgər belə bir şey baş verməsə, neftin qiymətləri 50 dollar civarında qalsa, 2017-ci il 2016-dan heç də asan il olmayacaq. Neftin qiymətinin enmə ehtimalları da var. Mən hətta düşünürəm ki, gələn il daha çətin bir il olacaq. Vətəndaşlar üçün daha çətin bir il olacaq. Çünki xərcləri artacaq. Həm kommunal xərclərin artmasının fonunda, həm qiymət artımı fonunda, həm manatın devalvasiyası fonunda 2017-ci ildə vətəndaşları daha ağır bir il gözləyir”.

Ekspert Qubad İbadoğlu isə bildirib ki, 2016-cı il ağır il olmaqla yanaşı, həm də imkanlar ili olub: “Təəssüf edirəm ki, 2016-cı ilin yaratdığı imkanlardan Azərbaycanın mövcud hakimiyyəti bəhrələnə bilmədi. Bizim gözləntilərimiz ondan ibarət idi ki, 2016-cı ildə başlayan tənəzzül ilin sonunda pozitiv yekunlarla başa çatacaq. Düşünürdük ki, ilin sonunda artıq bir sıra sahələrdə əldə etdiyimiz prioritet nəticələr 2017-ci il üçün də normal vəziyyət yaradacaq. Amma təəssüflər olsun ki, 2016-cı ilin ortalarında qoruyub saxladığımız sənaye istehsalındakı artım da tənəzzüllə əvəz olundu. Bu, o deməkdir ki, sektorlar arasında 2016-cı ilin əsas aparıcı rola malik olan sənaye sektorundakı tənəzzül 2017-ci il üçün o qədər də yaxşı perspektiv vəd etmir. Bu baxımdan, 2017-ci ili dəyərləndirərkən vəziyyətin yaxşı olmayacağını bildirmək istəyirəm. Düşünürəm ki, 2017-ci il 2016-cı illə müqayisədə daha ağır il olacaq. Bu ağırlığın yükünü istehlakçılar və sahibkarlar çəkəcək. Əgər 2016-cı ildə istehlakçıların və sahibkarların üzərinə düşən yük ümumi tənəzzülün yaratdığı xərcin bir hissəsini təşkil edirdisə, 2017-ci ildə əsas hissəsini təşkil edəcək. 2016-cı ildən gözləntilərimiz islahatlara başlamaq idi. Düşünürdük ki, 2016-cı ilin əvvəlində start götürülmüş kifayət qədər əhəmiyyətli qərarlar ilin sonunda ilkin nəticələrini verəcək. Yanvarda qeyri-neft sektorunun inkişafı ilə bağlı, sahibkarlığın təşviqi ilə bağlı, martda isə strateji yol xəritəsinin hazırlanması ilə bağlı çox önəmli sənədlər imzalandı.

Təəssüflər olsun ki, strateji yol xəritəsinin hazırlanması üçün verilən 6 ay başa çatsa da, bu iş başa çatdırılmadı. Hələ də yol xəritəsi dövlət başçısına təqdim olunmayıb, qəbul edilərək reallaşdırılmayıb. Ən böyük imkan ili idi, biz bunu dəyərləndirə bilmədik. Hesab edirdik ki, 2016-cı ildə başlanan işlərin nəticələrini növbəti ildə görəcəyik. Amma 2016-cı il başa çatır, hələ də ölkədə islahat görüntüsü yaradılır. Amma heç bir islahatdan söhbət getmir. O baxımdan, 2017-ci ili inflyasiya ili kimi gözləyirəm. Düşünürəm ki, 2017-ci ildə inflyasiya əvvəlki ildən daha çox olacaq. 2017-ci ildə Azərbaycan vətəndaşının həyat səviyyəsi daha pis, dolanışığı daha çətin olacaq. 2017-ci ildə ölkədə işsizlərin sayı, bağlanan iş yerlərinin sayı çoxalacaq. Bu baxımdan da, 2017-ci 2016-cı illə müqayisədə pis sosial nəticələrini özündə xarakterizə edən bir il kimi səciyyə oluna bilər. Gələn ilin ilk dörd ayını mən sınaq ayı adlandırıram. Söhbət may ayına qədər olan dövrdən gedir”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi