Hikmət Hacızadə: “O vaxt səfir öldürmək dəbdə deyildi”
“Mən səfir işləyəndə xüsusi cəngüdənim olmayıb”
Rusiyanın Ankarada qətlə yetirilən səfiri Andrey Karlovun silahlı mühafizəsinin olmamasına prezident Vladimir Putin də münasibət bildirib.
Onun sözlərinə görə, xüsusi xidmət orqanlarının silahlı əməkdaşları xaricdə rusiyalı diplomatların təhlükəsizliyini yalnız diplomatik nümayəndəliyin ərazisində təmin edə bilirlər. “Ümumi qaydalara əsasən, səfirliyin silahlı mühafizəsi silahla yalnız diplomatik nümayəndəliyin ərazisində işləyə bilər. Səfirlikdən kənara silahla çıxmaq qadağandır.
Problemdə elə bundadır”, - Putin deyib. Rusiya prezidenti onu da əlavə edib ki, belə qayda yalnız Türkiyədə deyil, dünyanın əksər ölkələrində var. Bununla belə, Putin hesab edir ki, bir sıra ölkələrdə vəziyyəti nəzərə alaraq “razılaşmaq olar”.
Diplomatı tanıyanlar onun mühafizəçi ilə hərəkət etməyi xoşlanmadığını deyirlər. Elə səfiri yaxından tanıyan politoloq Toğrul İsmayıl da bunu “Yeni Müsavat”a təsdiqləyib. Ancaq bəzi ekspertlər də hesab edir ki, səfirin mühafizəçi istəyib-istəməməsindən asılı olmayaraq, onun kənardan da olsa, mühafizəsi zəruridir. Xüsusilə də bölgədə baş verən son gərginliklər fonunda, terror dalğasının adiləşdiyi məqamda bu, vacib sayılır.
Elçibəy hakimiyyəti dönəmində Azərbaycanın Rusiyada səfiri işləmiş Hikmət Hacızadə “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, onun özü də mühafizəçi ilə hərəkət etməyə maraq göstərməyib: “Mən səfir işləyəndə xüsusi cəngüdənim olmayıb. Amma səfirlikdə bir təhlükəsizlik mütəxəssisi çalışırdı. Riskli görüşlərə gedəndə onu özümlə aparırdım. Əlbəttə ki, bu, terror aktindan qorunmaq üçün kifayət deyil. O zaman imkanlarımız ancaq buna çatırdı. İndiki vaxtda təbii ki, səfirin mühafizəsi olmalıdır”.
Qeyd edək ki, H.Hacızadə Rusiya-Azərbaycan münasibətlərinin ən gərgin vaxtlarında ölkəmizi qonşu ölkədə təmsil edib. O zaman yanvar qırğınından cəmi iki il keçmişdi, rus hərbçilərinin köməyi ilə Dağlıq Qarabağ və bəzi ətraf ərazilər işğal olunmuşdu, Xocalı soyqırımı törədilmişdi. İmperiya varisi isə hələ də Azərbaycanın müstəqilliyini həzm edə bilmirdi. Belə bir məqamda azərbaycanlı səfirə qarşı ən müxtəlif səviyyədə terror ola, yaxud ermənilərin hazırladığı plan həyata keçirilə bilərdi.
H.Hacızadə bildirdi ki, hansısa plan hazırlığı barədə məlumatsız olub: “Mən onu deyə bilmərəm. Amma o vaxt səfir-filan öldürmək dəbdə deyildi. Ümumən tarixən səfir toxunulmaz fiqurdur. Bu barədə beynəlxalq konvesiya, Vyana Konvensiyası var. Düzdür, ermənilər tərəfindən də türk diplomatlarının öldürülməsi olub, amma müstəsna haldır. Səfir sülh simvoludur, onu qorumaq lazımdır!”
Rus səfirin öldürülməsində Qərbin, konkret olaraq ABŞ-ın maraqlı olması barədə iddialar olsa da, artıq Vaşinqtondan məsələyə etiraz bildirilib. Bəs H.Hacızadə diplomata qarşı terrorun arxasında hansı qüvvələrin dayandığını güman edir?
“Bu qətlin arxasinda kimin durduğu barədə mənim heç bir ehtimalım yoxdur. Çünki faktım yoxdur və mən belə bir ölkə görmürəm ki, bu faciədən bəhrələnsin. Ola bilər ki, bu qətl ”əl-Nusra" cəbhəsinin Hələbə görə intiqamıdır" deyə, sabiq səfir bildirdi. H.Hacızadə bunu da bildirdi ki, rus səfirin öldürülməsi Ankara-Moskva münasibətlərində problem yaratmayacaq. (musavat.com)