Prosesi uzatmaq cəhdi nə ilə nəticələnə bilər? - Deputatdan AÇIQLAMA
“Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramovla Ararat Mirzoyan arasında növbəti telefon danışığı zamanı tərəflərin "iki dövlətin liderinin anlaşmalarının davamı olaraq Birgə Sərhəd Komissiyasının tərkibi və sülh müqaviləsini işləyib hazırlayacaq işçi qrupunun görüşlərinin yaxın zamanlarda təşkili" haqda razılığa gəlmələri bilirsinizmi nə deməkdir?
O deməkdir ki, adı çəkilməsə də, gündəlikdəki məsələlərdən də göründüyü kimi rəsmi İrəvan Brüssel görüşü zamanı əldə edilmiş razılaşmalara uyğun olaraq konkret addım atmağın qaçılmazlığını anlayır”. Bu fikirlər millət vəkili Sahib Alıyevə məxsusdur.
Belə ki, Azərbaycan və Ermənistan XİN başçıları arasında telefon danışığını şərh edən deputat müzakirələrdə razılaşmaların Brüsseldə əldə olunması məsələsinin qeyd olunmamasının səbəbinə də aydınlıq gətirib:
“Brüsselin adı isə görünür, baş naziri Moskvadan qarışıq hisslərlə dönən Ermənistan tərəfin istəyi nəzərə alınaraq çəkilmir. Əlbəttə, bu elə də önəmli deyil. Önəmli olan odur ki, Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Zəfər qurultayındakı xəbərdarlığının, Şarl Mişelə telefonda dediklərinin ardından və Zəngilan tərəfdə sərhəddimizi pozan təxribat qrupunun geri oturdulması, bir nəfərinin isə ələ keçməsindən sonra qarşı tərəf yenidən konstruktiv davranış sərgiləyir, yəni bəzilərinin diqtə etdikləri üçtərəfli deyil, bizim istədiyimiz Bakı-İrəvan formatında danışıqlara başlamağa hazır olduğunu bildirir”.
Sahib Alıyev Ölkə Başçısının Zəfər Qurultayından Ermənistan hakimiyyətinə verdiyi mesajı da xatırladıb:
“Amma Paşinyanla komandası cənab İlham Əliyevin “yaxın gələcəkdə konkret danışıqlara başlamaq lazımdır” sözləriylə başlanan xəbərdarlığının ikinci hissəsini də unutmamalıdırlar: “Danışıqları çox uzatmaq lazım deyil”.
Mənbə:My Webpage