“Azərbaycanla münasibətlərimiz çox mühüm strateji xarakter daşıyır“
NATO və Avropa İttifaqına inteqrasiya Gürcüstanın yeni hökumətinin prioritetidir
azia.az APA-ya istinadən xəbər verir ki, bu sözləri bu gün Gürcüstan parlamentində deputatlar qarşısında çıxış edən Gürcüstanın baş naziri vəzifəsinə namizəd Giorgi Kvirikaşvili bildirib.
Onun sözlərinə görə, qonşu ölkələrlə əməkdaşlıq, Rusiya ilə münasibətlərin normallaşdırılması siyasəti, Gürcüstanın avroatlantik məkana inteqrasiya məsələləri Gürcüstanın yeni hökumətinin əsas prioriteti olaraq qalır.
Baş nazir deputatlar qarşısında çıxışında Avropa İttifaqı standartlarına cəhdin Gürcüstanın əsas prioriteti olduğunu bildirib: "Əlbəttə, həm Aİ və NATO-ya inteqrasiya və alyansa üzv olmaq bizim dövlətimizin dönməz məqsədidir. Bu istiqamətdə bizim çoxlu fikirlərimiz var və biz onlardan axıradək istifadə etməyi planlaşdırırıq," baş nazir Kvirikaşvili qeyd edib.
G. Kvirikaşvili Gürcüstanın qonşu ölkələrlə mehriban qonşuluq əlaqələrinin inkişaf etdirilməsinin davam edəcəyini vurğulayıb: "Bizim Azərbaycanla münasibətlərimiz çox mühüm strateji xarakter daşıyır, həmçinin Türkiyə ilə strateji əlaqələrimiz, Ermənistanla isə ənənəvi mehriban qonşuluq münasibətlərimiz var".
Çıxışında Rusiya mövzusuna toxunan G.Kvirikaşvili gələcək hökumətin Rusiya ilə münasibətlərdə praqmatik siyasəti davam etdirəcəyini deyib. O, eyni zamanda, Rusiya ilə münasibətlərin normallaşması prosesində Gürcüstanın ərazi bütövlüyü və suverenliyi məsələləri üzrə kompromisin olmayacağını qeyd edib. Baş nazir, həmçinin Gürcüstan dövləti olaraq bütün beynəlxalq platformalarda Abxaziya və Tsxinvali bölgələrinin müstəqilliyinin tanınmaması siyasəti istiqamətində işlərini davam etdirəcəyini bildirib.