Mərkəzi Elmi Kitabxanada Milli Musiqi Gününə həsr olunmuş sərgi açılıb
Mərkəzi Elmi Kitabxanada Milli Musiqi Gününə həsr olunmuş sərgi açılıb
Ümummilli Lider Heydər Əliyevin 1995-ci ildə dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 110 illik yubileyi ərəfəsində imzaladığı Fərmana əsasən, hər il sentyabrın 18-i ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur.
Bu əlamətdar gün münasibətilə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) Azərbaycan musiqi mədəniyyətinin zəngin tarixini, milli musiqi irsini və görkəmli bəstəkarların yaradıcılığını əks etdirən nəşrlərdən ibarət sərgi təşkil olunub.
Sərgidə Azərbaycan musiqisinin tarixi və inkişaf mərhələləri, milli musiqi sənətinin müxtəlif istiqamətləri, muğam və aşıq yaradıcılığı, xalq mahnıları və milli musiqi alətləri haqqında “Azərbaycan musiqi tarixi”, “Azərbaycan muğamı miniatürlərdə”, “Muğam ensiklopediyası”, “Saz məktəbi”, “Azərbaycan xalq mahnıları” ikicildliyi, “Ozan-aşıq dünyası”, “Azərbaycan musiqi alətləri” və digər qiymətli nəşrlər yer alıb.![]()
Burada dahi bəstəkar Üzeyir Hacıbəylinin operaları, operettaları, felyetonları və publisistik əsərlərinin toplandığı kitablarla yanaşı, onun həyat və zəngin yaradıcılığına həsr olunmuş elmi və biblioqrafik nəşrlər də təqdim edilir. Həmçinin görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun yaradıcılığına həsr olunmuş çoxcildliklər də yer alır. Nəşrlərdə bəstəkarın opera, balet, simfonik muğam və mahnı janrlarında yaratdığı əsərlər, eləcə də Azərbaycan professional musiqi sənətinin inkişafına verdiyi töhfələr əksini tapır.
Bundan əlavə, sərgidə Mərkəzi Elmi Kitabxananın hazırladığı “Akademik Üzeyir Hacıbəyli” biblioqrafiyası, həmçinin Azərbaycanın görkəmli musiqişünaslarına, xanəndələrinə və bəstəkarlarına həsr olunmuş kitablar nümayiş etdirilir.
Qeyd edək ki, Milli Musiqi Gününə həsr olunmuş sərgi iki həftə müddətində davam edəcək. Sərgidə təqdim olunan nəşrlərlə MEK-in Elektron kitabxana bölməsində onlayn tanış olmaq da mümkündür.