Ermənistan 3-cü Qarabağ Müharibəsinə hazırlaşır?
2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın ABŞ Prezidenti Donald Trampın iştirakı ilə imzaladığı Birgə Bəyannamə Cənubi Qafqazda yeni mərhələnin başlanğıcı kimi təqdim edildi.
Modern.az xatırladır ki, sənəddə tərəflər keçmiş münaqişənin səhifəsini bağlamaq, dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə hörmət etmək, gücdən istifadədən çəkinmək və revanş cəhdlərini rədd etmək barədə öhdəliklərini bəyan etdilər. Həmin görüş çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirləri sülh sazişinin razılaşdırılmış mətnini parafladılar. Bundan sonra rəsmi İrəvanın ritorikasında da sülh, dialoq və regionda kommunikasiyaların açılması mövzusu ön plana çıxdı. Paşinyan müxtəlif çıxışlarında Azərbaycanla sülh gündəmini davam etdirmək niyyətini açıqladı. 2026-cı il avqustun 8-də isə o, Prezident İlham Əliyevlə telefon danışığında Vaşinqton razılaşmasından sonra münasibətlərin normallaşdırılması istiqamətində əldə olunan irəliləyişləri və iki ölkə arasında iqtisadi əlaqələrin inkişafını qeyd etdi. Avqustun 31-də isə iki lider Bişkekdə görüşərək sülh gündəmini müzakirə etdilər.
Paşinyan avqustun 24-də də Ermənistan-Azərbaycan sülh sazişinin imzalanmasının hökumətinin prioritetlərindən biri olaraq qaldığını bildirib və Azərbaycanla bu istiqamətdə işi davam etdirəcəklərini deyib. Yəni fakt budur ki, 8 avqust 2025-ci ildən sonra rəsmi səviyyədə sülh mesajları səsləndirilib, yüksək səviyyəli görüşlər keçirilib, sərhədlərin delimitasiyası və regional kommunikasiyalarla bağlı proseslər davam edib.
Amma paralel gedən başqa bir proses də var: Ermənistan hərbi potensialını artırır.
Sülh gündəmi ilə hərbi modernləşmə eyni vaxtda gedir
Rəsmi İrəvan Ordudakı islahatları, o cümlədən silahlanmanı 2020-ci il müharibəsindən sonra müdafiə qabiliyyətinin gücləndirilməsi kimi təqdim edir. Lakin miqyas və istiqamətlər müəyyən suallar yaradır.
Ermənistan son illərdə Rusiyadan asılı hərbi təchizat modelindən uzaqlaşaraq Hindistan və Fransa başda olmaqla yeni silah tədarükçüləri ilə əməkdaşlığı genişləndirib. 2026-cı ilin mayında keçirilən hərbi paradda Hindistan istehsalı hava hücumundan müdafiə sistemləri, Fransa istehsalı artilleriya və zirehli texnika, Ermənistan istehsalı dronlar və Rusiya istehsalı raket sistemləri nümayiş etdirilib. Reuters bu paradı Ermənistanın xarici silah sistemlərini daha geniş şəkildə nümayiş etdirdiyi tədbir kimi qiymətləndirib.
Daha maraqlısı isə artıq söhbətin yalnız xaricdən silah alınmasından getməməsidir.
Paşinyan özü 2026-cı ilin iyununda bildirib ki, 2022-ci ildən Ermənistan hökuməti hərbi sənayeyə təxminən yarım milyard dollar sərmayə qoyub. Onun sözlərinə görə, ölkədə yeni hərbi sənaye kompleksi formalaşır, ilk ixraclar və iri müqavilələr də həyata keçirilib.
Ermənistanın Yüksək Texnologiyalar Sənayesi Nazirliyinin açıqlamalarında isə hərbi sənayenin əsas istiqamətləri sırasında süni intellektlə təchiz edilmiş dronlar, robot sistemləri, elektron müharibə vasitələri, optik-elektron və termal görüntüləmə sistemləri, müşahidə və perimetrə nəzarət texnologiyaları, pilotsuz uçuş aparatları və raket idarəetmə sistemləri göstərilir.
2026-cı ilin iyununda Ermənistanın 30 hərbi-sənaye şirkətinin “Eurosatory” müdafiə sərgisində vahid pavilyonla iştirakı da bu siyasətin institusional xarakter aldığını göstərir.
Avropadan maliyyə və hərbi-logistika dəstəyi
Ermənistanın Qərblə təhlükəsizlik əməkdaşlığı da genişlənir. 2026-cı ilin yanvarında Avropa İttifaqı Ermənistan Silahlı Qüvvələrinə 20 milyon avro həcmində yeni yardım paketini təsdiqləyib. Bununla Avropa Sülh Fondu çərçivəsində Ermənistana ayrılan yardımın ümumi məbləği 30 milyon avroya çatıb. Aİ bu vəsaitin əsasən logistika, tibbi imkanlar, böhran vəziyyətlərinə hazırlıq və ordunun interoperabelliyinin artırılması üçün nəzərdə tutulduğunu bildirir.
Bununla yanaşı, Aİ-Ermənistan münasibətlərinin daha geniş çərçivəsində 2024–2027-ci illər üçün 270 milyon avroluq Resilience and Growth Plan mövcuddur. Bu paketin böyük hissəsi iqtisadi, institusional və infrastruktur layihələrinə yönəlib.
Deməli, burada da mənzərə daha mürəkkəbdir: Ermənistan Qərbdən həm iqtisadi, həm institusional, həm də təhlükəsizlik sahəsində dəstək alır, lakin bütün bu vəsaitlərin hərbi məqsədlərə yönəldir.
Sərhəddə istehkamlar, yeni mövqelər
Digər diqqətçəkən məsələ Ermənistanın Azərbaycanla sərhəd boyunca hərbi infrastruktur qurmasıdır.
2026-cı ilin avqustunda Ermənistan müdafiə naziri Suren Papikyan Azərbaycanla sərhədyanı ərazilərdə yeni dəmir-beton istehkamların tikintisi ilə tanış olub. Ermənistan Müdafiə Nazirliyi bu işləri ərazinin müdafiə qabiliyyətinin artırılması çərçivəsində təqdim edib.
Bu, mühəndis-istehkam işlərinin davam etdiyini göstərən açıq faktordu. Ermənistanın eyni vaxtda ordunu yenidən təşkil etməsi, xaricdən müxtəlif silah sistemləri alması, yerli hərbi sənayeni genişləndirməsi, dron və robot texnologiyalarına investisiyanı artırması bu prosesin yalnız bir neçə səngər və beton qurğudan ibarət olmadığını göstərir.
Ermənistan kosmosa da çıxır
Maraqlı məqamlardan biri də kosmik imkanların inkişafıdır. Ermənistanın ilk peyki ARMSAT-1 2022-ci ildə orbitə çıxarılmışdı. Peykin əsas missiyası Yer səthinin müşahidəsi idi və Ermənistan rəsmiləri onun məlumatlarının təhlükəsizlik monitorinqində də istifadə olunduğunu bildirmişdilər.
2026-cı ilin sentyabrında Paşinyan isə Ermənistanın 2026–2031-ci illər hökumət proqramında kosmik imkanların ayrıca strateji məqsəd kimi müəyyənləşdirildiyini açıqladı. Onun sözlərinə görə, Ermənistan ən azı üç peykin - ikisinin Yer müşahidəsi, birinin isə telekommunikasiya məqsədli istifadəyə verilməsini planlaşdırır.
Bu da öz növbəsində hərbi potensialın yalnız tank, artilleriya və raketlərdən ibarət olmadığı müasir dövrün reallığını göstərir. Peyk müşahidəsi, pilotsuz sistemlər, süni intellekt və rabitə texnologiyaları gələcək müharibələrin mühüm elementlərinə çevrilib.
Bəs 22-ci diplomat səfəri niyə belə sərt reaksiya doğurdu?
Bütün bunların fonunda sentyabrın 11-12-də baş verən hadisə diqqəti xüsusi cəlb edir. Azərbaycanın təşkil etdiyi səfər çərçivəsində 58 ölkədən və 9 beynəlxalq təşkilatdan təxminən 150 nümayəndə Qarabağ və Şərqi Zəngəzura səfər edib. Bu, xarici diplomatların azad edilmiş ərazilərə sayca 22-ci səfəri olub.
Səfərin ardından Ermənistan daxilində kəskin reaksiyalar başladı. Bir sıra siyasi və ictimai dairələr diplomatların səfərini tənqid etdi, bəzi şəxslər xarici diplomatların mövqeyinə etiraz etdi.
Ancaq burada başqa bir detal da var. Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan hadisədən sonra daha ehtiyatlı mövqe sərgiləyərək sərt ictimai cavabların danışıqlara zərər vura biləcəyini bildirdi. Onun sözlərinə görə, bəzən “kəskin cavab” daxili auditoriyaya xoş görünə bilər, lakin sülh prosesinə fayda verməyə bilər.
Bu detal göstərir ki, rəsmi İrəvanda da hadisəyə münasibət vahid deyil. Lakin həmin səfərin yaratdığı rezonans mühüm bir siyasi problemi yenidən üzə çıxardı: Qarabağ məsələsinin Ermənistan daxilində tamamilə bağlanıb-bağlanmaması.
“Erməni irsi” narrativi yenidən önə çıxır
Səfərdən sonra Ermənistan və erməni diasporu ilə əlaqəli bir sıra qurumlar Gəncəsər və Xudavəng monastırlarının tarixi mənsubiyyəti məsələsini gündəmə gətirdi. Paşinyan isə bir tərəfdən Azərbaycanın bu istiqamətdəki fikirlərini qəbulolunmaz hesab etdiyini söylədi, digər tərəfdən Ermənistanın sülhə “qayğı ilə yanaşmağa” davam etməli olduğunu vurğuladı.
Bu, əslində mühüm nüansdır.
Çünki 2025-ci il avqustun 8-də imzalanan sənədin özündə tərəflər keçmişin düşmənçilik səhifəsini bağlamaq və “istənilən revanş cəhdini” rədd etmək barədə razılığa gəliblər.
Belə bir sənəddən cəmi bir il sonra Qarabağın tarixi və mədəni irsi ətrafında yenidən siyasi kampaniyaların genişlənməsi təbii olaraq suallar doğurur.
Ermənistanın Konstitusiyası məsələsi də hələ tam bağlanmayıb
Digər mühüm məsələ Ermənistan Konstitusiyası ilə bağlıdır. Azərbaycan uzun müddətdir bildirir ki, sülh sazişinin yekun imzalanması üçün Ermənistanın konstitusion və digər hüquqi çərçivəsində Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılması məsələsi həll edilməlidir.
Vaşinqton sənədində isə tərəflər 1991-ci il Almatı Bəyannaməsinə və dövlətlərin ərazi bütövlüyünə hörməti təsdiqləyiblər. Deməli, proses siyasi baxımdan irəli getsə də, sülhün hüquqi və institusional baxımdan tam geri dönməz hala gətirilməsi məsələsi hələ də gündəmdədir.
Əsas sual: silahlanma niyə lazımdır?
Məhz bu nöqtədə Ermənistanın hərbi siyasəti ilə sülh ritorikasının paralelliyi analitik sual yaradır.
Əgər əsas məqsəd uzunmüddətli sülh, iqtisadi inteqrasiya və regional kommunikasiyaların açılmasıdırsa, niyə hərbi sənaye sürətlə inkişaf etdirilir? Niyə yeni dron, robot texnologiyaları və elektron müharibə sistemlərinə xüsusi diqqət yetirilir? Niyə Fransa və Hindistan kimi yeni hərbi tərəfdaşlarla əlaqələr dərinləşdirilir? Niyə sərhəddə yeni istehkamlar qurulur?
Azərbaycanın təhlükəsizlik baxımından yanaşmasında başqa məqam var: sülh sazişi hələ tam hüquqi qüvvəyə minməyibsə və paralel olaraq hərbi potensial artırılırsa, bunun yaratdığı risklərə göz yummaq da mümkün deyil.
“3-cü Qarabağ müharibəsi” real ssenaridirmi?
Hazırkı açıq məlumatlar Ermənistanın Azərbaycana qarşı yaxın zamanda yeni müharibəyə başlamaq barədə qərar verdiyini göstərmir.
Əksinə, son bir ildə tərəflər arasında yüksək səviyyəli görüşlər keçirilib, iqtisadi və nəqliyyat əlaqələri üzrə müəyyən addımlar atılıb, Ermənistan rəhbərliyi dəfələrlə sülh gündəmini dəstəklədiyini bildirib. 2026-cı ilin avqustunda ABŞ, Azərbaycan və Ermənistanın birgə bəyanatında da sərhəddə sabitliyin qorunduğu və normallaşma istiqamətində addımlar atıldığı qeyd edilib.
Amma eyni zamanda Ermənistanın hərbi modernləşmə proqramı davam edir. Bu iki prosesin bir-birinə zidd görünməsi isə əsas sualı ortaya çıxarır: İrəvan sülhü təmin etmək üçün güclənir, yoxsa gələcək mümkün qarşıdurma üçün öz imkanlarını formalaşdırır?
Bu suala hazırda qəti cavab vermək mümkün deyil.
Azərbaycan faktorunu da unutmaq olmaz
Digər tərəfdən, 2020-ci il 44 günlük müharibə və 2023-cü ilin sentyabrında keçirilmiş lokal antiterror tədbirlərindən sonra bölgədə hərbi-siyasi reallıq köklü şəkildə dəyişib.
Azərbaycan artıq Qarabağ üzərində suverenliyini bərpa edib. Prezident İlham Əliyev də dəfələrlə Ermənistanın revanş cəhdlərinə qarşı xəbərdarlıq edib.
Bu xəbərdarlıqların məğzi dəyişməyib: Azərbaycan sülh prosesini dəstəklədiyini bildirir, lakin Ermənistanın hərbi imkanlarının artırılmasını və revanş ritorikasının güclənməsini təhlükəsizlik məsələsi kimi qiymətləndirir.
Ermənistan bir tərəfdən Paşinyanın dili ilə “sülh”, “dialoq”, “kommunikasiyaların açılması”, “regional əməkdaşlıq” və “sülh dividendindən” danışır.
Digər tərəfdən isə: yeni xarici silah tədarükçüləri ilə əməkdaşlıq edir, Hindistan və Fransadan müxtəlif hərbi sistemlər əldə edir, hərbi sənayeyə böyük dövlət vəsaiti yönəldir, dron və robot sistemlərinin istehsalını inkişaf etdirir, elektron müharibə və müşahidə texnologiyalarına investisiya edir, sərhəddə yeni istehkamlar və müdafiə infrastrukturu yaradır, peyk və Yer müşahidəsi imkanlarını genişləndirir, Qərb strukturları ilə təhlükəsizlik əməkdaşlığını dərinləşdirir.
Bütün bunlar mütləq şəkildə üçüncü Qarabağ müharibəsinin hazırlanması demək deyil. Lakin sülh prosesinin geri dönməz olması üçün yalnız siyasi bəyanatlar kifayət etmir. Hərbi doktrina, silahlanma siyasəti, sərhəd infrastrukturu və daxili siyasi ritorika da sülh məntiqinə uyğun olmalıdır.
Bu baxımdan sentyabr ayında xarici diplomatların Qarabağa 22-ci səfəri ətrafında yaranan gərginlik də diqqətdən kənarda qala bilməz. Çünki sülhün ən ciddi testi məhz tərəflərin narazılıq yaradan məsələlərə necə reaksiya verməsidir. Əgər İrəvan həqiqətən yeni səhifə açmaq niyyətindədirsə, Qarabağın siyasi münaqişə mövzusuna yenidən çevrilməsinə imkan verən ritorikadan uzaq durmalı, Ermənistanın hərbi modernləşməsini isə açıq şəkildə müdafiə məqsədləri və sülh prosesinin çərçivəsi ilə əlaqələndirməlidir.
İstənilən halda rəsmi İrəvanın bütün addımları rəsmi Bakı tərəfindən diqqətlə izlənilir və qarşı tərəfin silahlanması müəyyən nöqtəyə çatdıqda Azərbaycan tərəfindən preventive addımlar atılacaq. Bu baxımdan Paşinyanın komandası hərbi balansı bərpa etmək niyyətindədirsə, bu cəhdlər uğursuzluğa məhkumdur.