Gürcüstandan Azərbaycana və Ermənistana təklif
“Gürcüstan hakimiyyəti Dağlıq Qarabağda sülhün saxlanılmasının region üçün nə dərəcədə vacib olduğunu dərk edir.” Bu sözləri Gürcüstanın baş naziri Georgi Kvirikaşvili Strasburqa səfəri öncəsi deyib.
Kvirikaşvili Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunacağına ümid etdiyini bildirib. Baş nazir münaqişə tərəflərinə sülh danışıqlarını Gürcüstanda aparmağı təklif edib.
"Dağlıq Qarabağ münaqişəsi kəskinləşən kimi, mən bir neçə bəyanat verdim və münaqişənin sülh yolu ilə nizamlanmasını dəstəklədim. Biz Qafqazda sülhün olmasında maraqlıyıq. Bu münaqişə bütün regionun təhlükəsizliyinə mənfi təsir göstərə bilər. Ona görə biz Dağlıq Qarabağda sülhün saxlanılmasının region üçün nə dərəcədə vacib olduğunu dərk edirik. Biz bunun üçün Gürcüstanı sülh danışıqlarının keçirilməsi yeri kimi təklif edə bilərik. Biz son vaxtlar Dağlıq Qarabağda gərginliyin aradan qalxması əlamətlərinin nəzərə çarpmasından şadıq. Ümid edirik ki, bu münaqişə sülh yolu ilə nizamlanacaq", - deyə Georgi Kvirikaşvili bildirib.
Aprelin 2-dən atəşkəsin erməni silahlı qüvvələri tərəfindən pozulması ilə başlayan gərginlik aprelin 5-dək davam edib.
Müdafiə Nazirliyindən verilən məlumata görə, aprelin 5-də saat 12.00-dan etibarən Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində tərəflərin razılığı ilə əməliyyatlar dayandırılıb.
Silahlı Qüvvələrimizin bölmələri azad edilmiş torpaqlarda möhkəmləndirmə işlərini həyata keçiriblər.
Aprel ayının 8-də Bakı vaxtı ilə saat 15.00-dan başlayaraq qoşunların təmas xəttində atəşkəs rejiminin bərpa olunması barədə razılığa gəlinib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, ATƏT-in Bakı Ofisi və Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə 15.00-dan 20.00-dək döyüş meydanında qalmış hər iki tərəfin hərbi qulluqçularının meyitlərinin götürülməsi prosesi həyata keçirilib.