azia.az
azia.az

Hüseyn Əli xanın tikdirdiyi bina haradan farsın oldu? - ZİBİLƏ DÜŞMÜŞÜK...

27-02-2022, 12:26

Hüseyn Əli xanın tikdirdiyi bina haradan farsın oldu? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Məlum olduğu kimi, Ermənistanda səfərdə olan azərbaycanlı deputatlar Tahir Mirkişili və Soltan Məmmədov bu günlərdə İrəvan səfəri zamanı şəhərdəki “Göy məscid”i ziyarət ediblər. Bununla bağlı sosial şəbəkədə paylaşım edən Tahir Mirkişili qeyd edib:

“Göy məsciddə olduq. Bildiyimiz qədər İrəvanda salamat qalan yeganə Azərbaycan abidəsidir. Divarlarında başqa dövlətə aid yazılar olsa da, amma divarları, arxitekturası, ruhu sırf bizə aiddir. Biz bu doğmalığı hiss etdik, inanıram ki, məscid də. İnanırıq ki, bu məsciddə əsl sahibləri tezliklə öz dualarını edə biləcəklər. Azərbaycanlıların duaları isə daim xeyirxah olur və yekunda da qəbul olunur!”

Qeyd edək ki, bunun ardınca İranın Ermənistandakı səfirliyi İrəvandakı “Göy məscidi” öz ölkəsinin adına çıxıb onu “İran incəsənətinin rəmzi” adlandırıb. Azərbaycanlı deputatların statusa qəzəbli reaksiya verən səfirlik üstəlik, bizim deputatları savadsızlıqda ittiham edib. İddia edib ki, binanın üstündəki farsca yazının 200 yaşı var. “Çox xoşdur ki, onun üzərində fars epiqrafiyası hələ də saxlanılıb”, - səfirlik qeyd edib.

Maraqlıdır, görəsən İrəvan xanı Hüseyn Əli xan Qacarın 1799-cu ildə tikdirdiyi, Azərbaycan memarlıq nümunələrindən olan göy türklərin “Göy məscidi” necə farsın ola bilər? İrəvan xanlığında fars hardan gəzirdi? Lap tutaq, divarında farsca nəsə var. Nizami Gəncəvi də farsca yazıb. Məgər o fars şairidirmi? İkincisi də ki, o nə yazıdır elə?

Arayış üçün bildirək ki, İrəvandakı “Göy Məscid” müsəlmanların paytaxtdakı yeganə ibadət evidir. Onu 1776-cı ildə İrəvan xanlığının xanı Hüseynqulu xan Qacar tikdirib. Ermənilər XX əsrdə bu məscidi üç dəfə yandırıblar. İlk dəfə 1918-ci ildə, ikinci dəfə 1955-ci ilin martında. “Allah evi” üçüncü dəfə 1988-ci il hadislərindən sonra yandırılıb. Məscid 1995-2006-cı ildə İran tikinti şirkətlərinin köməyi ilə bərpa olunub və İranın Ermənistandakı “mədəniyyət mərkəzləri”ndən birinə çevrilib. Ermənistan onu İrana 99 illiyə icarəyə verib.

İngilis tədqiqatçısı Tom de Vaal isə “Göy məscid” haqqında yazəb: “Ermənilərin azərbaycanlılara məxsus məscidin belə asanlıqla yer üzündən silmələrini linqvistik oyun ilə izah etmək olar: sən demə, Ermənistan azərbaycanlılarını ölkənin tarixindən asanlıqla silmək olar, çünki XX-ci əsrə qədər burada azərbaycanlıları ”tatar", “türk” və ya sadəcə “müsəlman” adlandırırdılar. Onunla belə onlar nə fars, nə də türk (osmanlı türkləri nəzərdə tutulur - red.) idilər. Onlar türkdilli şiələr idilər. Bir sözlə, onlar indiki azərbaycanlıların babaları idilər. Beləliklə, ermənilər İrəvanda “fars məscidi” haqqında danışanda, “fars” deməklə 1760-cı ildən bu məsciddə dua edənlərin azərbaycanlılar olduğunu unutdurmaq istəyilər".

Bir faktı da xatırladaq, 2014-cü ilin sentyabrında aralarında Türkiyə-Azərbaycan Dostluq Dərnəkləri Federasiyası (TADDEF) üzvləri olan Türkiyədən 14 nəfər vətəndaş cəmiyyəti nümayəndələri Ermənistanın Gürcüstandakı səfilirliyinə müraciət edərək, İrəvana gedib “Göy məscid”də namaz qılmaq istədiklərini bildirsələr də rədd cavabı alıblar...

“Bərpa işləri”nə gəlincə, “Göy məscidi” farslar ermənilərlə əlbir olub necə “təmir ediblər”, bunu Şuşadakı Gövhər ağa məscidində gördük. Bu da maraqlıdır ki, 3 dəfə yandırılan məscidin üzərində farsca yazı necə qalıb?

Onu da qeyd edək ki, 9 il əvvəl Ermənistan bu məscidi İranın tarixi abidəsi kimi YUNESKO-nin irsi siyahısına daxil edilməsinə çalışırdı. Ermənistanın mədəniyyət naziri Asmik Poqosyan qeyd edirdi ki, “hələ 2012-ci ildə İranda səfərdə olarkən orada erməni tarixi və mədəni abidələrinin necə mühafizə olunduğunu görüb: ”İranda olan bir çox erməni abidələri YUNESKO-nun mədəni irsinə daxil edilib. Ermənistan da analoji addım atmalıdır".

Bəs Ermənistan hökuməti Azərbaycana məxsus abidəni üçüncü ölkəyə, İrana icarəyə verə bilərmi? DİA.AZ xəbər verir ki, mövzu ilə bağlı tarixçi Tofiq Mustafazadə “Yeni Müsavat”a danışıb: “Ermənilər vaxtilə İrəvanda olan bütün məscidləri dağıtmışdılar. Lakin bildiyiniz kimi iranlılar İrəvana çox gedib-gəlir və onlar üçün axı bir məscid olmalıdır. Ona görə də yeganə olaraq ”Göy məscidi" saxlayıblar. Ola bilər ki, məscidin üzərində farsca nəsə yazılsın, bu da normaldır. Çünki həmin vaxt xanlıq qacarlardan asılı idi. Ağa Məhəmməd şah Qacar İrəvan xanlığını özünə tabe etmişdi. Doğrudur, xanlıq daxili müstəqilliyini saxlayırdı, bununla belə müəyyən qədər qacar şahlarından asıllığı var idi. Əlbəttə ki, “Göy məscid” Azərbaycana məxsus abidədir. Arxitekturlar məscidin quruluşuna, digər amillərinə əsaslanaraq, bunu tam sübut edə bilərlər".

Millət vəkili Çingiz Qənizadə də qeyd edib ki, “Göy məscid” Azərbaycanın tarixi, mədəni, dini abidəsidir və Ermənistanda bu cür abidələrimizin sayı çoxdur:

“Yeri gəlmişkən, Ermənistanda olan millət vəkillərimizin oradakı davranışı, əzmi və mövqeyimizi dəstəklədiklərinə görə onlara təşəkkür etmək istəyirəm. Biz bundan əvvəl də bilirdik ki, ermənilər bu məscidi özünküləşdirib, fars məscidi adı altında İrana veriblər və İran oradan istifadə edir. Çünki İran Ermənistana qarşı çox böyük dostluq və qardaşlıq nümunəsi göstərir. Amma hüquqi baxımından faktiki olaraq bu abidə uzun illərdir ki, Ermənistanın əlində, onun mülkiyyətindədir. Lakin Ermənistan onu qoruyub, saxlamalı idi. Ən azı bizdəki erməni kilsəsinə baxmalı idilər. Cənab Prezidentimiz də Moskvada TASS agentliyində Rusiyanın aparıcı kütləvi informasiya vasitələri ilə görüşdə bildirdi ki, ”biz nəinki erməni kilsəsini, hətta erməni dilində olan 5 min kitabları qoruyub saxlamışıq". Amma Ermənistan Allahın evini də icarəyə verib, oradan pul qazanmaq istəyirlər, çünki Allahdan, insanlıqdan çox uzaqdırlar.

İrəvanda olan deputatlarımız da qeyd etmişdilər ki, ermənilər məscidin üzərində fars yazıları yazmaqla Azərbaycan türklərinə məxsus olan məscidi farslaşdırılması istiqamətində müəyyən addımlar atıb, dəyişikliklər ediblər. Təbii ki, burada məqsəd izi itirmək olub. Hesab edirəm ki, Allahın evi ilə alver etmək nə heç kimə, nə də heç bir dövlətə baş ucalığı gətirməyəcək. Ermənilər nə qədər izi itirməyə çalışsalar da bu mümkün deyil. Ermənistan, həmçinin İrəvanın Azərbaycan torpaqlarıdır, oradakı tarixi və dini abidələr də Azərbaycana məxsusdur. Lakin nə edək ki, hazırda onların əlində, istifadəsindədir".
Mənbə:My Webpage


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi