Deputat: Azərbaycan hər zaman regiona faktaraşdırıcı missiyanın təşkilində maraqlı olub
Fransa Prezidenti Emmanuel Makronun təşəbbüsü ilə Prezident İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında videoformatda baş tutan görüşdə razılıq əldə edilən məsələlərdən biri də UNESCO-nun bölgəyə missiya göndərməsi ilə bağlı oldu. Azərbaycan hər zaman regiona faktaraşdırıcı missiyanın təşkilində maraqlı olub. Çünki Azərbaycana məxsus mədəni irsin vəziyyətinin qiymətləndirilməsinə ciddi ehtiyac var.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva bildirib.
Deputat qeyd edib ki, işğal dövründə mədəni-dini abidələrə qarşı vandallıq aktları barədə beynəlxalq KİV-də də kifayət qədər məlumat yer alıb. Bu gün isə indiki Ermənistan ərazisində Azərbaycana məxsus abidələrin vəziyyəti ilə bağlı narahatlıq haqlı olaraq UNESCO-ya çatdırılıb. Bir halda ki, missiya Ermənistana da səfər edəcək, o zaman xalqımızın əsrlərlə yaşı olan mədəni irsinin tamamilə yoxolma təhlükəsinin qarşısı alınmalıdır.
“Tarixi faktlar təsdiqləyir ki, Ermənistan məqsədyönlü şəkildə həm etnik, həm də mədəni soyqırımı siyasəti aparmaqla bu ərazilərin tarixi və əzəli sakinləri olan azərbaycanlıların izlərini hər yerdən silir, Azərbaycan xalqının mədəni irsini talayır, dağıdır, özününküləşdirir və mənşəyini dəyişdirir. Bu məsələ QHT-lərin UNESCO-nun baş direktoruna müraciətində də əksini tapıb. Azərbaycan cəmiyyəti Ermənistanda yerləşən Göy məscid, Qala məscidi, Şah Abbas, Dəmirbulaq, Hacı Cəfər Bəy, Rəcəb Paşa, Məhəmməd Sərtib Xan, Hacı İnam Məscidi kimi 300-dən çox məscidin bərpasını tələb edir. Ermənistanda azərbaycanlılara məxsus 500-dən çox qəbiristanlığın məhv edilməsi, Azərbaycanda aşıq sənətinin görkəmli nümayəndəsi Aşıq Ələsgərin qəbrinin dağıdılması əsl vandallıq aktıdır. Bu, Ermənistanın heç bir ümumbəşəri dəyərləri qəbul etmədiyini təsdiqləyir”, - deyə Könül Nurullayeva qeyd edib.
Ermənistanın bu davranışlarına görə beynəlxalq hüquq qarşısında məsuliyyət daşıdığını vurğulayan deputat bildirib ki, mədəni abidələrin qəsdən dağıdılması, onların mənsubiyyətinin dəyişdirilməsi və özününküləşdirilməsi beynəlxalq humanitar hüququn, xüsusən də 1949-cu il Cenevrə Konvensiyalarının, UNESCO-nun 1954 və 1970-ci il Konvensiyalarının kobud şəkildə pozulmasıdır. BMT Təhlükəsizlik Şurasının 2017-ci ildə qəbul etdiyi tarixi 2347 saylı tarixi qətnaməsinin də müəyyən etdiyi kimi, mədəni irsin qəsdən dağıdılması, həmçinin sülh və təhlükəsizlik məsələsidir.
K.Nurullayeva bildirib ki, Ermənistan bu cinayətlərini ört-basdır etmək üçün hər zaman faktaraşdırıcı missiyanın əleyhinə olub. Lakin hazırda bu səfərin reallaşması ilə bağlı razılıq əldə olunub. Sadəcə, faktaraşdırıcı missiya özü də bu faktları araşdırmaqda maraqlı olmalı, Ermənistanın prosesə mane olmasına imkan verməməlidir.