Qarabağ anlaşması önündə əsas əngəl - ikili standart
Bir-biri ilə ədavətdə olan Rusiya və ABŞ-ı nədən işğalçıya münasibətdə ortaq himayə birləşdirir? Azərbaycan daha da güclənmək zorundadır; prezidentin xalqa son Qarabağ mesajının pərdəarxası...
Dağlıq Qarabağ probleminin həllinə aprel döyüşlərindən sonra yaranan kövrək ümidlər özünü doğrultmadı. Sülh danışıqları yenidən qeyri-müəyyənlik və durğunluq fazasına girib. O da faktdır ki, indi nə Rusiya, nə də ABŞ səviyyəsində hər hansı təşəbbüskarlıq ortada yoxdur. Prezidentlərin may Vyana və iyun Sankt-Peterburq görüşlərindən sonra nizamlama prosesi, ümumiyyətlə, dayanmış kimidir.
Bəzi müşahidəçilər hesab edir ki, bunun aparıcı səbəbi son vaxtlar Moskva və Vaşinqton üçün Suriya böhranının daha böyük aktuallıq kəsb etməsi, iki paytaxtın az qala, qarşıdurma səviyyəsinə gəlməsi ilə bağlıdır. Bu da istər-istəməz Rusiya və ABŞ-ın maraqlar sferasında olan başqa bölgələrdə də dil tapmasını daha da çətinləşdirir.
Lakin Vaşinqton və Moskva arasında Suriya problemi yaşanmayan dövrdə də Qarabağ ixtilafının həllində həlledici ortaq səylərin şahidi olmadıq. ABŞ dövlət katibi Con Kerrinin son açıqlaması isə (“Azərbaycan və Ermənistan rəhbərləri konfliktin həllinə hazır deyillər”) Kremlin ənənəvi yanaşmasından əsla fərqlənmir. Niyə?
Çünki Rusiya da yaxasını kənara çəkmək üçün vaxtaşırı “Azərbaycan və Ermənistan razılığa gəlsin, biz istənilən həllə qarant durmağa hazırıq” mövqeyindən çıxış edir, faktiki, indi ABŞ da.. Halbuki, hamı bilir ki, Ermənistan Qarabağ məsələsində müstəqil deyil. O üzdən hər iki yanaşma faktiki surətdə işğal rejimini uzatmağa xidmət edən, demək, elə işğala dəstək verən yanaşmadır. Belə vəziyyət isə təbii ki, ən çox ərazisinin 20 faizi on illərdir işğal altında olan Azərbaycanı narahat edir.
***
“Danışıqlarda tətbiq edilən ikili standartlar münaqişənin həllinə mənfi təsir edir”. Bu sözləri Azərbaycan prezidenti İlham Əliyev ötən həftəsonu Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda deyib.
“Aprel döyüşlərindən sonra vasitəçilər bir qədər fəallaşdılar. Bilirsiniz ki, may-iyun aylarında görüşlər keçirildi. Amma artıq biz oktyabr ayını yaşayırıq. Ermənistan öz çirkin taktikasını işə salaraq və erməni lobbisinin dəstəyinə arxalanaraq yenə də istəyir ki, bu məsələ dünya gündəliyindən çıxsın. Biz buna imkan verməməliyik və məsələ tezliklə həllini tapmalıdır. Amma siz də, Azərbaycan ictimaiyyəti də yaxşı bilir ki, bu məsələnin həll olunmaması təkcə Ermənistana görə deyil. Ermənistanın böyük himayədarları var: biri ona pul, biri silah verir, biri lobbi yaradır, biri təbliğ edir. Bax, budur məsələnin həll olunmamasının səbəbi. Biz yaxşı bilirik ki, ikili standartlarla üzləşmişik və bu məsələnin həll olunmaması BMT Təhlükəsizlik Şurasına da şərəf gətirmir. Çünki onlar dörd qətnamə qəbul ediblər” - prezident vurğulayıb.
Ölkə başçısı bu yerdə Kerrinin son bəyanatına da toxunaraq deyib: “Bu, yumşaq desək, təəccüb doğuran bəyanatdır. Azərbaycanı konfliktin həll olunmamasında günahlandırmaq ən azından, insafsızlıqdır. Digər tərəfdən, bax, bu bəyanat o biri bəyanatlarla necə uzlaşır?! Axı, Amerika, Rusiya, Fransa prezidentlərinin dəfələrlə bəyan etdikləri bir tezis var: ”Status-kvo qəbuledilməzdir". Biz bunu alqışlayırıq. Düzdür, bu sözdən sonra heç bir praktik iş aparılmır. Amma hər halda bu sözün artıq ortaya çıxması bizim böyük uğurumuzdur. Belə bir ciddi bəyanat ola-ola, “hər iki tərəf günahkardır, tərəflər buna hazır deyil, bu məsələ Fələstin-İsrail münaqişəsindən də mürəkkəbdir” demək, sadəcə olaraq, Ermənistanın işğalçı siyasətinə dəstək verməkdir... Hesab edirik ki, tezliklə bu ifadələrə ən yüksək səviyyədə düzəliş edilməlidir. Əks təqdirdə, vasitəçilik missiyası şübhə altına düşə bilər".
İlham Əliyev Qarabağla bağlı olduqca mühüm bir detala da toxunub. Faktiki, Azərbaycan xalqına mesaj verib. Sitat: “Bu, ancaq rəsmi qaydada səslənən bir tezis idi. Amma bağlı qapılar arxasında nə qədər söhbətlər gedir, bizə nə qədər təzyiqlər göstərilir ki, Azərbaycan Dağlıq Qarabağın müstəqilliyinə razılıq versin. Biz indi bunları açıqlamırıq. Çünki diplomatiyanın öz qaydaları var. Ancaq həm Qərb mediasında, həm qeyri-hökumət təşkilatları tərəfindən bizə qarşı aparılan qarayaxma, şər-böhtan, təhqir kampaniyasının, həm də burada ”beşinci kolon"a göstəriş verərək bunlardan istifadə etməyin əsas səbəbi bizi məcbur etməkdir ki, Dağlıq Qarabağın müstəqilliyinə razılığımızı verək. Bu, heç vaxt olmayacaq. Nə qədər ki, biz iqtidardayıq, - referendum göstərdi ki, İnşallah, biz iqtidarda çox olacağıq, - heç vaxt Azərbaycan buna razılıq verməyəcək, Dağlıq Qarabağ bizim ayrılmaz tarixi torpağımızdır və biz ərazi bütövlüyümüzü bərpa etməliyik".
***
Həmsədr dövlətlərin Qarabağla bağlı ölkə başçısının toxunduğu ikili standart siyasətinə dair daha bir ilginc fakt: bu günlərdə bəlli olub ki, Krımın işğalına görə Rusiyaya qarşı sanksiyalar tətbiq edən ABŞ Qarabağ separatçılarına gizlicə hərbi müşahidə-kəşfiyyat sistemi ötürüb - hansı ki, təmas xəttində Azərbaycan tərəfinin hərbi xarakterli hərəkətlərinə daha yaxşı nəzarət imkanı verəcək (Virtualaz.org). Söhbət C4İSR adlı ən son texnologiyaya əsaslanan kəşfiyyat-müşahidə sistemindən gedir.
Bəs görəsən, separatçılara Amerikanın neytral vasitəçilik missiyası ilə bir araya sığmayan canıyananlığının motivi nədir? ABŞ-ın “The National İnterest” dərgisinin yazdığına görə, qondarma Dağlıq Qarabağ “hökuməti” təsdiq edir ki, bu qabaqcıl sistemin təmas xəttində yerləşdirilməsi Azərbaycan ordusunun “qəfil hücum ehtimalını xeyli azaldacaq”. Çünki həmin sistem imkan verir ki, yaxın və uzaqmənzilli kameraların köməyi ilə təmas xəttindən dərinliklərdə istənilən hərəkət qeydə alınsın. “Nəticədə Qarabağ qüvvələri müdafiəyə və əks hücuma hazırlaşmaq, öz qoşun hissələrini və texnikasını əvvəlcədən hazırlıq vəziyyətinə gətirmək imkanı əldə edəcək” - jurnal yazıb.
Məlumatlara görə, Rusiya, Çin, Hindistan kimi ölkələr də bu cür sistemlərin yaradılması üzərində iş aparırlar. Ancaq C4ISR məhz ABŞ tərəfindən işlənib hazırlanmış sistemdir. Şübhəsiz ki, Ermənistan büdcəsinin imkanları ABŞ-dan bu cür qabaqcıl sistemi almağa imkan vermir və ola bilsin, maliyyəni Amerikadakı erməni diasporu ödəyib.
***
İndi o - Rusiyanın Ermənistana himayəsi, bu da - ABŞ-ın işğalçıya birbaşa dəstəyi, onu Azərbaycan qarşısında daha hazırlıqlı eləməsi. Bir yandan beynəlxalq hüquqdan dəm vurub, digər yandan işğalçını müdafiə eləməyin “ikili standart siyasəti”ndən savayı ayrı nə adı ola bilər ki?
Ölkə başçısı İlham Əliyev də çıxışında diqqəti elə buna yönəldib ki, “Ermənistanın böyük himayədarları var: biri ona pul, biri silah verir, biri lobbi yaradır, biri təbliğ edir. Budur məsələnin həll olunmamasının səbəbi”. Bunun ardınca prezidentin söylədiyi “bağlı qapılar arxasında bizə Dağlıq Qarabağın müstəqilliyini tanımaq üçün təzyiqlər edilir” fikri bir o qədər təəccüb doğurmur. Təbii ki, xristian amilinin təsirini də çıxdaş eləmək olmaz.
Mövcud vəziyyətdə Azərbaycan üçün daxildə milli vəhdəti gücləndirmək, dost-müttəfiq ölkələrlə (Türkiyə, Pakistan, İsrail və s.) əlaqələri daha da dərinləşdirmək və hərbi qüdrəti durmadan artırmaq, habelə dünyada özünün demokratik imicini möhkəmlətməkdən savayı yol qalmır. Güclənməli, yenə də güclənməliyik. Çünki güclü ilə həmişə hesablaşırlar - o cümlədən güclülər və söz sahibləri.(musavat.com)