azia.az
azia.az

Məhkəmə gəlinini döyən qayınana ilə bağlı hökmü ləğv etdi

Bu gün, 11:08

Bakı Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Cəmilə Mahmudovanın (adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Zamin İbrahimovun sədrliyi ilə keçirilən prosesdə ittiham elan olunub.

 

İttihama görə, Cəmilə Mahmudova bu ilin yanvar ayında Bakı şəhərinin Xəzər rayonu, Qala qəsəbəsində yerləşən yaşadığı evdə gəlini, zərərçəkmiş Maya Mahmudova (adı, soyadı şərtidir) və nəvələri ilə birlikdə olarkən aralarında mübahisə yaranıb. Mübahisə zamanı təqsirləndirilən şəxs gəlinə qarşı fiziki zor tətbiq edib.

 

Belə ki, o, Mayanın baş və bədən nahiyələrinə əli ilə qəsdən zərbələr endirib.

 

Məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən, hadisə nəticəsində zərərçəkmiş şəxsin boyun nahiyəsində hematoma, boyun və sağ əl nahiyələrində sıyrıqlar, ağrı sindromu və hərəkət məhdudluğu ilə müşayiət olunan yumşaq toxuma əzilməsi qeydə alınıb. Həmin xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarətləri kimi qiymətləndirilib.

 

Xəzər Rayon Məhkəməsinin hökmü ilə Cəmilə Mahmudova Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib və ona 1000 manat məbləğində cərimə cəzası təyin edilib. Hökmlə razılaşmayan qayınana apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv olunmasını və barəsində bəraət hökmü çıxarılmasını xahiş edib.

 

İş üzrə nə dövlət ittihamçısı tərəfindən apellyasiya protesti, nə də zərərçəkmiş şəxs tərəfindən apellyasiya şikayəti verilib.

 

Lakin apellyasiya baxışı zamanı Maya Mahmudova məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən şəxslə barışdığını bildirib. Gəlin ərizəsində ona dəymiş ziyanın ödənildiyini qeyd edərək cinayət işi üzrə icraata xitam verilməsini xahiş edib.

 

Məhkəmə iclasında çıxış edən Cəmilə Mahmudova  və onun müdafiəçisi də tərəflər arasında barışığın əldə olunduğunu vurğulayıblar. Müdafiə tərəfi zərərçəkmiş şəxsin mövqeyinin nəzərə alınmasını, vurulmuş ziyanın tam ödənildiyini, rayon məhkəməsinin hökmünün ləğv edilməsini və təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunmasını məhkəmədən xahiş edib.

 

Dövlət ittihamçısı isə iş üzrə qanunauyğun qərarın qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxıb.

 

Məhkəmə kollegiyası tərəflərin barışmasını, zərərin ödənilməsini və işin digər hallarını nəzərə alaraq apellyasiya şikayətini qismən təmin edib.

 

Qərara əsasən, Xəzər Rayon Məhkəməsinin Cəmilə Mahmudovanın məhkum edilməsinə dair hökmü ləğv olunub. O, Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışdığı üçün cinayət məsuliyyətindən azad edilib. Bununla da təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə aparılan cinayət təqibinə xitam verilib.

 

Kamal Məmmədov


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi