azia.az
azia.az

Avropa İttifaqının münasibətlərin normallaşdırılması prosesində təşəbbüsləri mühüm əhəmiyyət daşıyır

26-12-2021, 10:40

Avropa İttifaqının münasibətlərin normallaşdırılması prosesində təşəbbüsləri mühüm əhəmiyyət daşıyır
Prezident İlham Əliyev bir neçə gün əvvəl İtaliyanın “İl Sole 24 Ore” qəzetinə müharibədən sonrakı dövrdə görülən işlər, üçtərəfli bəyanatların icrası və qarşıda dayanan vəzifələr barədə geniş müsahibə verdi, aktual məsələlərə toxundu.
Avropa İttifaqının münasibətlərin normallaşdırılması prosesində təşəbbüsləri mühüm əhəmiyyət daşıyır
Bu gün İkinci Qarabağ müharibəsindən sonra yaranmış yeni reallıqlar, həmin reallıqlara uyğunlaşma və qonşu olaraq yaşamağı öyrənmək kimi məsələlərdə Avropa İttifaqının rolu və səyləri mühüm əhəmiyyətə malikdir.

Bir neçə gün öncə Brüsseldə Prezident İlham Əliyevin Ermənistanın baş naziri ilə görüşündə Ermənistan tərəfindən dərhal həyata keçiriləcək işlərə dair mühüm qərarlar qəbul edildi ki, dəmir yolu layihəsinin praktiki reallaşdırılmasına start verilsin. Azərbaycan artıq işlərə başlayıb və azad edilmiş ərazilərdən Ermənistan sərhədinə qədər dəmir yolu xətti 2023-cü ilin sonunadək hazır olmalıdır.

Hazırda işğaldan azad edilmiş torpaqlarımızda ən vacib məsələlərdən biri bu ərazilərin minalardan təmizlənməsidir. Avropa İttifaqı özünün fondları vasitəsilə Azərbaycanda minalardan təmizləmə prosesinin maliyyələşdirilməsini nəzərdən keçirə və bizə kömək edə bilər. Avropa İttifaqı minaların təmizlənməsi ilə məşğul olan Avropa şirkətlərinə maliyyə yardımı ayıra bilər və onlar Azərbaycanda bu işi həyata keçirə bilərlər. Çünki bu işi fiziki olaraq qısa müddətdə etmək real deyil. Minalar təmizlənməsə isə, insanların geri qayıdışını təmin etmək mümkün deyil.

Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayan Azərbaycan Avropa ölkələrini qazla təmin edən Cənub Qaz Dəhlizinin 4 seqmentinin hamısında əsas maliyyə yükünü öz üzərinə götürüb. Sözügedən layihə XXI əsrin ən böyük infrastruktur layihələrindən biri hesab olunur. Uzunluğu 3500 kilometr olan Cənub Qaz Dəhlizi Bakıdan Adriatik dənizinin dibi ilə, yüksək dağlıq ərazilərdən keçərək İtaliyaya çatır. Bu, texniki baxımdan çox mürəkkəb və bahalı layihədir. Ötən ilin dekabrında layihənin tam başa çatmasından əvvəl artıq istehlakçılarla müqavilələr imzalanıb və yanvarın 1-dən başlayaraq İtaliya, Yunanıstan və Bolqarıstan 7,2 milyard kubmetr qazla təchiz olunur. Gələn il bunun 9 milyard, 2023-cü ildə azı 11 milyard kubmetr olacağı gözlənilir.

Transadriatik boru kəmərinin istismara verilməsi ilə Azərbaycan İtaliyanın mühüm enerji təchizatçısına çevrilib. İtaliya istehlakında Azərbaycan qazının həcmi ilbəil artacaq və İtaliya dost ölkə olaraq azad edilmiş ərazilərdə də fəaliyyət göstərəcəkdir. İtalyan memarlar Şuşadakı tarixi abidələrin və məscidlərin bərpa işlərində iştirak edəcəklər.

Hazırda Azərbaycanın Avrasiyanın nəqliyyat habına çevrilməsi istiqamətində işlər aparılır. Ölkəmizdə altı beynəlxalq hava limanı var və azad olunmuş ərazilərdə daha üç beynəlxalq hava limanı olacaq. Onlardan Füzuli Beynəlxalq Hava Limanının açılışı artıq olub. Hazırda ölkəmizi bütün qonşu ölkələrlə birləşdirən dəmir yolu sistemi şaxələndirilir. Bundan əlavə, müasir magistral yollar var. Azərbaycan Şimal-Cənub nəqliyyat dəhlizi üzərində yerləşir və bu dəhliz Şimali Avropa, Rusiya, Azərbaycan, İran və Fars körfəzindən keçir. Şimal-Cənub dəhlizinin Azərbaycan seqmentində aparılan bütün tikinti işləri artıq tamamlanıb.

Hazırda Cənubi Qafqazda İkinci Qarabağ müharibəsindən sonra Zəngəzur dəhlizi adlandırılan yeni dəhlizi açmaq üçün əlverişli imkanlar mövcuddur. Həmin dəhliz Azərbaycandan Ermənistana və oradan Azərbaycanın Naxçıvan Muxtar Respublikasına gedərək Türkiyə və Avropaya qədər uzanacaq ki, bu da nəqliyyat üçün alternativ marşrut olacaq.

Gözlənilən odur ki, nəqliyyat sektoru enerji sektorundan sonra ölkəmizin aparıcı sahələrindən biri olacaq. Hazırda Ələt qəsəbəsində Azad İqtisadi Zonanın yaradılması üzərində fəal işlər aparılır. Xəzər dənizində ən böyük ticarət limanının açılışı isə xüsusi qeyd olunmalıdır.

Aparılan bütün bu işlər deməyə əsas verir ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanı yaxın gələcəkdə daha gözəl günlər və parlaq gələcək gözləyir.

Jalə Əhmədova,

Milli Məclisin deputatı


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi