azia.az
azia.az

Bir şagird üçün illik təhsil xərclərinin miqdarı BELƏ müəyyən edilib

Bu gün, 10:12

Naizrlər Kabinetinin 26 oktyabr tarixli qərarına əsasən, ümumi təhsil müəssisələrinin ayrı-ayrı növləri üzrə hər bir təhsilalana (şagird) düşən illik təhsil xərclərinin miqdarı aşağıdakı kimi müəyyən edilib:

Tam orta ümumtəhsil məktəbi - 2000₼
Lisey - 2200₼
Gimnaziya - 2200₼
Ümumi təyinatlı internat tipli ümumtəhsil məktəbi - 2500₼
İnternat tipli lisey - 3000₼
İnternat tipli gimnaziya - 3000₼

Nazirlər Kabinetinin bu qərarı ictimaiyyət arasında müzakirələrə səbəb olub və bəzi suallar doğurub: göstərilən məbləğ hara və necə xərclənir, bura nələr daxildir?

Milli Məclisin deputat Ceyhun Məmmədov mövzu ilə bağlı Modern.az-a danışıb.

"Bu sistem maliyyə təminatının güclənməsinə öz töhfəsini verəcək. Yəni məktəblərimizin maliyyə təminatı daha da güclənəcək. Ən vacib məsələ səmərəliliyin artırılmasıdır.
Bütün hallarda şagirdi çox olan məktəblə şagirdi az olan məktəbin maliyyələşməsi eyni ola bilməz. Yeni sistem tam olaraq belə məsələlərdə öz təsirini göstərəcək.

Düşünürəm ki, Elm və Təhsil Nazirliyinin bu yanaşması təhsilin keyfiyyətinə böyük təsir edəcək".

Təhsil eksperti Elçin Əfəndi isə qeyd edir ki, bu, təhsilin yaxşılaşması üçün atılan addımdır:

"Maliyyələşmə prinsipi şagird üçün nəzərdə tutulan illik baza təhsil xərcləridir. Bu məsələdə təhsil xərcləri dəyişir. Əvvəllər belə bir prinsip tətbiq olunmamışdı, yalnız bu tədris ilindən etibarən yeni prinsip tətbiq olunur. Adambaşına maliyyələşmə ümumi xərclərin düzgün istiqamətləndirilməsini təmin edir. Çünki bizim elə ucqar nöqtələr var idi ki, orada şagirdlər müvafiq olaraq auditoriyada 2-3 nəfər təşkil edirdi və o 2-3 nəfərə sərf edilən xərclər paytaxt, paytaxta yaxın ərazilərdə 25-30 nəfərin təhsil aldığı bir auditoriyanın xərcləri ilə eynilik təşkil edirdi. Yəni 2-3 nəfərə 2500-3000 manat xərc çəkilirdisə, 25-30 nəfərə də eyni xərc çəkilirdi. Amma indi adambaşına maliyyələşmə prinsipində bu xərclər azalıb".

Ekspert qeyd edib ki,rasionallaşma prinsipi ilə xərclər tam istiqamət üzrə xərclənir.

"İbtidai təhsil, ümumi orta təhsil və s. bunların hər birində fərqli əmsallar tətbiq olunur. Əmsallara baxsaq görərik ki, ilkin xərclər ilkin təhsildə 1 əmsalla, ümumi orta təhsildə 1,25, digərində isə 1,70-lə hesablanır. Bütün bu əmsallar adambaşına maliyyələşmə prinsipində tətbiq olunur".
Ekspert vurğulayıb ki, bu qərar məktəblərarası rəqabətin daha da artmasına gətirib çıxaracaq.
"Bu qərarın verilməsi təhsilverənlərin ümumi şəraitini, əmək haqqını yaxşılaşdırmaq üçün atılan addımdır"

Lamiyə Cənnətzadə


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi