İlham Əliyevin çevikliyi Paşinyanın niyyətini alt-üst etdi - AÇIQLAMA
Xəbər verdiyimiz kimi, dekabrın 14-də Brüsseldə işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş olub. Görüşdə Azərbaycan-Ermənistan dövlət sərhədinin delimitasiyası ilə bağlı hər iki tərəf müvəqqəti işçi qrupun yaradılması ilə bağlı razılığa gəliblər. Həmçinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin minalardan təmizlənməsi məsələsi gündəliyə gətirilib, Avropa İttifaqının bu istiqamətdə Azərbaycana texniki yardım göstərməyə hazır olduğu bildirilib. Sonda üçtərəfli görüşün nəticəsinə dair bəyanat yayılıb.
Üçtərəfli görüşü Redaktor.az-a şərh edən politoloq Zaur Məmmədov bildirdi ki, Brüssel görüşündə Azərbaycan öz istəklərinə nail oldu:
“Bunu əminliklə deyə bilərik. Görüş zamanı Azərbaycan Prezidenti NATO-nun Baş katibi, Avropa İttifaqı Şurasının prezidenti, Ermənistanın Baş naziri ilə görüşlər keçirdi. Görüşlərdə bəlli oldu ki, Avropa post-müharibə dövründə Azərbaycanın şüar və mövqeyi ilə barışıb. Konflikt, Qarabağ, Minsk qrupu kimi ifadələrdən istifadə edilmədi. Həm NATO, həm Avropa İttifaqı ümumilikdə Qərb Cənubi Qafqazdakı siyasi və iqtisadi proseslərdən geri qalmaq istəmir və bu proseslərin tərkib hissəsi kimi çıxış etmək istəyir. Brüsseldə keçirilən görüşün ən əsas nəticəsi liderlər arasında təkbətək görüşün baş tutması idi. İlk dəfə Nikol Paşinyan və İlham Əliyev tətkbətək görüşərək iki ölkə arasında olan müxtəlif problemlərə aydınlıq gətirib. Təbii ki, bu görüşün təfərrüatı bağlı qapılar arxasında qalacaq”.
Z.Məmmədov qeyd edib ki, Avropa Cənubi Qafqazdakı proseslərdə Qərbin rolunun artırılması üçün əlindən gələni edir: “Avropa İttifaqı Şurası başa düşür ki, əgər bölgədəki proseslərdə iştirak etmək istəyirsə və geosiyasi və geoiqtisadi proseslərin iştirakçısı olmağı planlayırsa, o zaman Azərbaycanın maraqlarını nəzərə almaq lazımdır. Dünənki bəyanat bunun göstəricisi idi. Hazırda Cənubi Qafqazda geosiyasi güclər arasında mübarizə gedir. Brüsseldə səsləndirilən fikirlər pozitivdir. İndi növbə bu fikirləri reallaşdırmaqdır. Lakin buna qısqanclıqla yanaşanlar və maneə törədənlər var. Bir neçə gün öncə baş verən təxribatlar bunu göstərir. Azərbaycan öz növbəsində Ermənistanla dialoqu davam etdirəcək. Ermənistan hakimiyyəti iqtisadi, nəqliyyat və kommunikasiya əlaqələrini işə salmaqla ziddiyyətləri aradan götürmək olar. İlkin mərhələdə dəmir yolunun açılmasının planlaşdırılması da çox vacibdir. Beləliklə biz həm Sisian, həm Mehri, həm də Zəngəzur ərazisinə girmiş oluruq. Qarşıda görüləsi çox iş var. İki ölkə arasında ziddiyyətləri aradan qaldırmaq üçün dialoqlar çox böyük əhəmiyyətə malikdir”.
Politoloq Qabil Hüseynli isə bildirdi ki, bu görüşə ən çox can atan tərəf Ermənistan idi:
“Ermənistan bu görüşlə Avropanı da prosesə daxil etmək və Avropa vasitəsilə Azərbaycana təzyiq göstərmək niyyəti güdürdü. Lakin Azərbaycan prezidentinin çevikliyi və proseslərə fəal müdaxiləsi nəticəsində bunun qarşısı alındı. Görüşdə indiyə qədər imzalanan sazişlərin formal da olsa əməl edilməsinə sadiqlik hər iki tərəfdən vurğulandı. Söhbət 10 noyabr bəyanatından və onun müddəalarının həyata keçirilməsindən gedir. Həm Şarl Mişelin, həm də bütövlükdə danışıqlar prosesinin gedişindən belə fikir yaranır ki, Brüssel görüşündə məsələlərin dərin mahiyyətinə varılmadı. Ümumi və ritorik şəkildə tərəflərin sülhə can atması alqışlandı. Nəticə etibarilə Rusiyanın vasitəçiliyi ilə aparılan sülhyaratma prosesinə Avropa Birliyi özü də uğurlar arzulayır. Görüşdə heç bir sənəd imzalanmadı və dərin müzakirələr olmadı. Yəni Brüsseldə ümumi xarakterli mülahizələr səsləndirildi”.