Ermənistan Rusiyadan üz döndərib: Regionda xoşagəlməz hadisələr baş verəcək - Brüssel görüşünə qədər... / ŞƏRH
Kapitulyant tərəfin davranışları Azərbaycanın antiterror əməliyyatını qaçılmaza çevirir; rusiyalı politoloq: “Qlobal geosiyasi oyunda Ermənistan daha Rusiyanın tərəfində deyil…”Ötən həftəsonu Bakı və İrəvan arasında humanitar xarakterli növbəti “mübadilə” ilə yadda qaldı. Azərbaycan Ermənistana 16 noyabrdakı “1 günlük müharibə” zamanı ələ keçmiş 10 erməni əsirini qaytardı, qarşılığında mina xəritələrini aldı.
İstənilən halda, tərəflər arasındakı bu mübadilə dinc sülh prosesinə kiçik də olsa, töhfə sayıla bilər. O sülh prosesi ki, müstəsna olaraq, rəsmi İrəvanın ara verməyən qeyri-konstruktivliyi üzündən uzanmaqdadır. Stokholmda, ATƏT Nazirlər Şurasının növbəti illik sammiti çərçivəsində Azərbaycan və Ermənistan XİN başçılarının görüşünün İrəvanın təxribatı nəticəsində ləğvi buna əyani sübutdur.
Xatırladaq ki, görüşə bir neçə saat qalmış Ermənistan parlamentinin bir qrup üzvü Xankəndində qondarma “parlamentin” üzvləri ilə görüş keçirmişdilər. İstisna deyil ki, Azərbaycan və Ermənistan rəhbərləri arasında dekabrın 15-nə nəzərdə tutulan Brüssel görüşünədək Paşinyan iqtidarı maksimum aqressiv davranış göstərəcək və Ermənistanı “haqsız əzilən tərəf” kimi təqdim eləməyə çalışacaq ki, situasiyaya Qərbin, o sırada Avropa Birliyinin daha fəal müdaxiləsinə nail olsun – təbii ki, İrəvanın xeyrinə.
Brüssel görüşünə 1 həftə qalmış bu xüsusda xarici siyasi təhlilçilərin fikirləri də maraq doğurur.
Məsələn, rusiyalı tanınmış ekspert və hərbi icmalçı, “Milli Müdafiə” (“Naçionalnaya Oborona”) jurnalının baş redaktoru İqor Korotçenko hesab edir ki, İrəvanda və bütövlükdə Ermənistanda mövcud hakim rejim hələ də mental olaraq 1994-cü ildə, Azərbaycan ərazilərinin 20 faizini işğal etdiyi vaxtda ilişib qalıb. “Ermənistanın danışıqlar aparmaqla bağlı qabiliyyətsizliyi isə Cənubi Qafqazda sülh və sabitlikdə səmimi şəkildə maraqlı olanların həll etməli olduğu problemdir”, – deyə o qeyd edib.
Korotçenko habelə Qərbin Ermənistandan Rusiyaya qarşı alət kimi istifadə elədiyinə əmindir: “Qərb Cənubi Qafqaza daxil olmaq istəyir. Rusiyanın regionda tutduğu rol onu qane etmir. Qərb yaxşı bilir ki, Cənubi Qafqazda sabitliyin pozulması Rusiya üçün əlavə başağrısı deməkdir və o, Moskvanın bu başağrısını yaşaması üçün hər şeyi edəcək. Aydındır ki, bütün bunların fonunda Paşinyan ABŞ və Avropa Birliyi ölkələrindəki nüfuzlu dairələrin dəstəyinə arxalanacaq”.
Moskva-İrəvan müttəfiqliyinin perspektivinə toxunan analitik deyib ki, Ermənistanın hazırkı iqtidarı Rusiyaya dost mövqedə deyil: “Paşinyanın ətrafı hakimiyyətə gəlməzdən öncə rusofob ritorika ilə yadda qalıb. Rusiya Ermənistana münasibətdə öz mövqeyini dəqiq müəyyən eləməli, sərt mövqe tutmalıdır. Bu bir. İkincisi isə erməni lobbisinin fəal şəkildə bizə sırımaq istədiyi doqmalardan qurtulmalıyıq. Məncə, həqiqətən Rusiyanın maraqlarına cavab verən slavyan-türk geosiyasi birliyini yaratmalıyıq. Anlamaq lazımdır ki, qlobal geosiyasi oyunda Ermənistan və onun elitası artıq Rusiyanın tərəfində deyil. O, indi ”3 stul”da əyləşib – Amerika, Avropa və Rusiya. Və qarşıda bizi müxtəlif xoşagəlməz sürprizlər gözləyə bilər. Ermənistan bu gün Rusiyanın situativ müttəfiqidir. Və vəziyyətdən asılı olaraq, o, tamamilə başqa bayraq qaldıra bilər. Müxalifətin İrəvandakı mitinqlərində biz artıq bunu müşahidə edirik”. / musavat.com