Rusiya Abxaziyadakı generalını Qarabağa göndərir… – Kosobokov kimdir, niyə gəlir?
“Muradovun yerinə Kosobokovun təyinatının gündəmə gətirilməsi onu deməyə əsas verir ki, Rusiya Qarabağla bağlı bəzi çirkin planlarını həyata keçirməyə çalışır”.
Bu sözləri Azia.az-a açıqlamasında Qarabağdakı Rusiya sülhməramlı kontingentinin komandanı vəzifəsinə Moskvanın Abxaziyadakı hərbi bazasının rəhbəri, general-mayor Mixail Kosobokovun namizəd olacağı barədə erməni mətbuatının məlumatına münasibət bildirərkən, hərbçi ekspert Üzeyir Cəfərov deyib.
Həmsöhbətimizin fikrincə, bu Rusiyanın növbəti ikibaşlı oyunudur: “Azərbaycanla Gürcüstanın arasını vurmaq istəyirlər. Gürcüstan ərazisi olan Abxaziya Rusiya tərəfindən işğal olunub. General Kosobokov da bir müddət orada separatçılarla təmasda olub. Separatçılara hansı fəaliyyətlə məşğul olmaqla bağlı onlara müəyyən təlimatlar verib. İndi də bu şəxsi Qarabağa gətirmək istəyirlər. Bu hal onu göstərir ki, Putin Dağlıq Qarabağı separatçı qurum kimi tanımağa hazırlaşır. Rusiyalı yeni həmsədr tanışlıq məqsədilə regiona gəlir və Azərbaycan tərəfdən axtarışda olan Araik Arutunyanla görüşür. Əlbəttə ki, bu tapşırığı ona Putin və Lavrov verib”.
Ü. Cəfərovun fikrincə, Kosobokovun təyinatı ona xidmət edir ki, bu özündən razı generalı aləmi qarışdırmağa göndəriblər:
“Prosesin gedişi belə deməyə əsas verir ki, Rusiyanın regionla bağlı təhlükəli, xain, uzaqgedən məqsədləri var. Kosobokovun göndərilməsi onu deməyə əsas verir ki, Rusiya Qarabağla bağlı bəzi çirkin planlarını həyata keçirməyə çalışır. Azərbaycan bu çirkin məqsədlərin həyata keçməsinə imkan verməməlidir”.