Zahid Oruc: "Anonim şikayətlərin çoxalmasının dövlət orqanlarında sağlam mühitə təsiri”...
Müzakirəyə təqdim edilən “Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslərin həvəsləndirilməsi və müdafiəsi haqqında” qanun layihəsi dövlət idarəçiliyində şəffaflığın və məsuliyyətin artırılması, korrupsiyanın qarşısının alınması və ictimai nəzarətin gücləndirilməsi məqsədinə xidmət edir. Lakin sənədi dövlət qulluqçusunun hüquqları, hakimiyyət orqanları daxilində mənəvi mühit və milli təhlükəsizlik maraqları ilə birlikdə qiymətləndirməyə ehtiyac var.
Xəbər verilir ki,bunu Milli Məclisin deputatı Zahid Oruc bildirib.
Oxşar qanunların beynəlxalq təcrübəsinə nəzər saldıqda fərqli modelləri görürük. ABŞ-da Dodd–Frank qanunvericiliyi istənilən dövlət məmurunun fəaliyyəti barədə məlumat verilməsini nəzərdə tutmur, məlumatın əhəmiyyətini, sübutların etibarlılığını, şəxsin özünün hüquqpozmada iştirakını və digər halları qiymətləndirir.
Avropa Birliyində isə 2019-cu ildə qəbul edilən 1937 nömrəli Direktiv başqa istiqamətə üstünlük verir. Bilə-bilə yalan məlumat verilməsi məsuliyyətə səbəb olur, məlumatvermə mexanizmi böyük pul mükafatı üzərində qurulmur.
Qazaxıstanda dövlət qulluqçusunun korrupsiya barədə məlumat verməsi xidməti vəzifə kimi qiymətləndirilir, ona pul mükafatı verilməsi məhdudlaşdırılır.
Hazırki layihədə dövlət qulluqçusunun vəzifə borcu ilə əlavə maddi həvəsləndirmə arasındakı sərhədi dəqiq müəyyənləşdirmək gərəkdir. Dövlət idarəçiliyində korrupsiyaya qarşı mübarizə aparan əməkdaşı müdafiə etmək, insanların bir-birini maddi qazanc naminə daim izləməsini, iş mühitini pozmasını, karyera və korporativ marağa görə daimi xəbərçiliyi, qarşılıqlı şübhə və ittihamların genişlənməsini, məlumatverməni korrupsiya əməliyyatına çevirməyi təşfiq etməməlidir.
Dövlət qulluğunda sədaqət qanunsuzluğa susmağı tələb etmir, lakin korrupsiyaya qarşı mübarizə adı ilə hər bir dövlət qulluqçusu üzərində total qanunsuz nəzarət aparmaq hüququ da verməməlidir.
Son onillikdə beynəlxalq informasiya məkanında yayılan Panama, Paradise, Pandora sənədləri və OCCRP-nin “Azerbaijani Laundromat” araşdırması göstərdi ki, hi-tech korporasiyaları və qlobal media müasir dövrdə hakimiyyətləri ləkələmək və devirmək planında aktiv iştirak edirlər. Ölkəmizin beynəlxalq reputasiyanın zədələməyə çalışan kampaniyaların özləri korrupsiyanın içərisindədirlər.
Xarici dövlətlərin modelləri cəmiyyətimizin tarixi təcrübəsindən və idarəçilik ənənələrindən kənarda tətbiq edə oluna bilməz. Əsassız ittihamların, anonim şikayətlərin insanların taleyinə necə təsir göstərdiyi tarixi yaddaşımızdan silinməyib. Əlbəttə, korrupsiya haqqında vicdanla məlumat verən şəxslə qərəzli xəbərçini eyniləşdirmək olmaz. Birincisi dövlət mənafeyini müdafiə edir, ikincisi isə qanundan şəxsi məqsədlərlə istifadə edir.
Vəzifəyə yüksəlmək istəyən bir kadr rəqib hesab etdiyi həmkarı ilə bağlı qərəzli məlumat təqdim edirsə, başqa halda vəzifəli şəxs barəsində məlumatın açıqlanacağı ilə hədə-qorxu gəlirsə, ondan vəzifə, təyinat, müqavilə və ya maddi üstünlük tələb edirsə, o zaman qanun korrupsiyadan daha böyük cinayətə-sabotaja səbəb olur.
Qanun layihəsinin mediada müzakirəsi də göstərir ki, “Rüşvət görsəniz, xəbər verərdiniz?” sualına respondentlərin cavabları kəskin şəkildə fərqlənir, ictimai rəydə parçalanma və qütbləşməni göstərir.
Layihənin 16-cı maddəsinə əsasən, verilən məlumat təsdiqləndikdə təşkilat rəhbərinin qərarı ilə minimum əməkhaqqının 25 mislinədək mükafat ödənilə bilər. Lakin məlumatın ilkin araşdırmada təsdiqi ilə məhkəmənin yekun qərarı arasında ziddiyyət yaranarsa, əvvəlcədən ödənilmiş mükafatın taleyi necə olacaq? Mükafat almış şəxsin sonradan sübutların saxtalaşdırılmasında iştirak etdiyi müəyyən edilərsə, hansı tədbirlər görüləcək?
Təklif edirik ki, bilə-bilə yalan məlumatın təqdim edilməsi, sübutların saxtalaşdırılması və şantaj məqsədilə məlumatdan istifadə hallarında məsuliyyətin tətbiqi dəqiqləşdirilsin, barəsində məlumat verilən şəxsə sübut təqdim etmək, araşdırmanın nəticəsindən şikayət vermək və əsassız ittihamdan dəymiş zərərin ödətdirmək imkanları da təmin edilsin. Rəhbər şəxslər və əməkdaşlar öz qanuni fəaliyyətlərinə görə əsassız ittihamlarla karyeralarının və şəxsi nüfuzlarının dağıdılacağı qorxusu altında yaşamamalıdırlar.
Dövlət orqanında çalışmaq nə toxunulmazlıq, nə də əvvəlcədən təqsirli hesab edilmək deməkdir.
İndi əsas məsələ beynəlxalq tövsiyələri mexaniki qaydada qanunvericiliyə köçürməyə səbəb olmamalı, dövlət idarəçiliyində monoloitliyə və sağlam mühitə uyğun işlək model yaratmaqdır.
Korrupsiyaya qarşı mübarizə adı altında linçin və şantaj dövlətimizə və cəmiyyətə korrupsiyadan çox ziyan vura bilər.
Biz elə qanun qəbul etməliyik ki, korrupsiyanı ifşa edən vicdanlı insan müdafiəsiz qalmasın, lakin xalqımıza ləyaqət xidmət edən on minlərlər dövlət qulluqçuları və qanuni fəaliyyət göstərən məmurlar dövlət əsassız ittihamın girovuna çevrilməsin.