azia.az
azia.az

Mehriban Əliyeva İƏT Sammiti çərçivəsində sessiyada çıxış edib

15-04-2016, 09:57

Mehriban Əliyeva İƏT Sammiti çərçivəsində sessiyada çıxış edib İstanbulda İslam Əməkdaşlıq Təşkilatının XIII Sammiti çərçivəsində “Xərçəng xəstəliyi ilə mübarizədə birinci xanımların liderliyi” mövzusunda sessiya keçirilib.
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva sessiyada iştirak edib.
Sessiya müqəddəs “Qurani-Kərim”dən ayənin oxunması ilə başlayıb.
Sessiyanı açan Türkiyənin birinci xanımı Əminə Ərdoğan İslam Əməkdaşlıq Təşkilatının İstanbulda keçirilən XIII Sammitinin əhəmiyyətini vurğulayıb və müsəlman cəmiyyətlərini maraqlandıran ortaq problemlərin mövcudluğunu bildirib.
Türkiyənin birinci xanımı İslamın terrorla eyniləşdirilməsindən təəssüfləndiyini bildirərək, islamofobiyanın müsəlmanlara qarşı yönəlmiş təhlükəli addım olduğunu diqqətə çatdırıb. Əminə Ərdoğan qeyd edib ki, İslam dünyası malik olduğu potensialın fərqinə varmalı, müsəlmanlar öz dəyərlərini qorumaq üçün birləşməlidirlər.
Türkiyənin birinci xanımı “Xərçəng xəstəliyi ilə mübarizədə birinci xanımların liderliyi” mövzusunda sessiyanın keçirilməsinin əhəmiyyətindən danışıb, bu xəstəliklə mübarizənin bütün dünya üçün önəmli məsələ olduğunu bildirib. Xərçəng xəstəliyinin qarşısının alınması və müalicəsinin mümkünlüyünü deyən Əminə Ərdoğan bu sahədə həyata keçiriləcək ilk tədbir kimi məlumat bankının yaradılması təşəbbüsünü irəli sürüb.
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva sessiyada çıxış edərək, görüşün məqsədinin dünyanın ən ağır xəstəliklərindən biri olan xərçəng haqqında xalqlara dolğun məlumatın verilməsi olduğunu bildirib: “Mütəxəssislər xəstəliyin qarşısını almaq üçün onun erkən aşkar edilməsi istiqamətində səylər göstərir və müalicəsi üçün müxtəlif vasitələrdən istifadə edirlər. Baxmayaraq, bu problemlə bəşəriyyət uzun illərdir ki, üzləşib, bu günədək xəstəlik və onun müalicəsi haqqında bir çox yanlış fikirlər mövcuddur. Misal üçün, bir çox hallarda xərçəng xəstəliyi sırf tibb problemi kimi təsvir edilir. Digər hallarda, rəylər var ki, xərçəng əsasən yaşlı insanların xəstəliyi sayılır. Hesab olunur ki, insana qoyulan onkoloji diaqnoz – bir növ “ölümə məhkum edilməkdir”.
Mehriban Əliyeva qeyd edib ki, müasir dünyada xərçəng xəstəliyi təkcə səhiyyənin yox, həm də sosial, iqtisadi, ekoloji sahələrin və hətta təhsilin problemidir: “Bu xəstəlik bütün yaş qrupları, sosial-iqtisadi qruplar arasında, inkişaf etmiş və inkişaf edən ölkələrdə yayılır. Elmi təhlillər onu göstərir ki, düzgün və ümumi profilaktik strategiya qurulan halda xərçəng xəstəliyinin ən çox yayılmış növünün üçdəbir hissəsinin qarşısını almaq mümkündür. Əhali arasında onkoloji xəstəliklərin yaranma səbəblərinin aradan qaldırılması, ilkin diaqnostika, xəstəliyin düzgün profilaktikası və müalicəsi bu sahədə çalışan mütəxəssislərin diqqət mərkəzindədir”.
“Bununla bağlı işlər bu gün dəfələrlə qeyd olunduğu kimi, dörd əsas istiqamətdə həyata keçirilir - sağlam həyat tərzinin seçilməsi, xəstəliyin erkən aşkar olunması, hər bir xəstənin müasir müalicə üsulları ilə təmin edilməsi və ümumi həyat keyfiyyətinin yüksəldilməsi.
Mehriban Əliyeva Azərbaycanda müstəqillik dövründə bu istiqamətdə mühüm addımların atıldığını qeyd edib: “Ölkəmizdə müasir Milli Onkologiya Mərkəzi yaradılıb, regionda ilk dəfə olaraq Uşaq Onkoloji Klinikası açılıb. Biz xəstəliyin erkən diaqnostikası və müalicəsi üçün müasir avadanlıqdan istifadə yolu ilə xəstələrimizin müalicəsini təmin etmək istəyirik.
Respublikamızda onkoloqların nailiyyətləri böyükdür. Lakin onlar bütün dünyada olduğu kimi, bir çox hallarda bu xəstəlikdən əziyyət çəkən insanların əzabını bəzən ancaq yüngülləşdirə bilirlər. Bir çox ölkələrdə olduğu kimi, Azərbaycanın rəsmi statistikasına görə, ölkədə insan ölümünün əsas səbəbləri arasında ikinci yeri onkoloji xəstəliklər tutur”.
“Yer kürəsində hər il 500 min insan bu xəstəliklə üzləşir. Çox hallarda diaqnoz xəstəliyin yalnız son mərhələlərində qoyulur və insanların həyatını xilas etmək olmur. Dünya Səhiyyə Təşkilatının məlumatlarına görə, yaxın 20 ildə bu xəstəlikdən əziyyət çəkən insanların sayının 50 faizdən çox artacağı gözlənilir. Məhz buna görə onkoloji xəstəliklər bütün bəşəriyyət üçün ən aktual problemlərdən biri olaraq qalır.
Əminəm, hər birimiz inanmaq istərdik ki, XXI əsrdə elmin inkişafı sayəsində əldə ediləcək yeni imkanlar və texnologiyalar onkoloji xəstəliklərin müalicəsində dönüş yaradacaq və milyonlarla insanın ölümünə səbəb olan bu xəstəliyin müalicəsi üçün səmərəli vasitə tapılacaq”, - deyə Mehriban Əliyeva bildirib.
Digər çıxış edənlər bildirdilər ki, hər il artan xərçəng xəstəliklərindən əziyyət çəkən insanlara dünya ictimaiyyətinin diqqətini yönəltmək mühüm əhəmiyyət kəsb edir. Bir daha qeyd edildi ki, bütün dünya bu xəstəlikdən əziyyət çəkənlərə dəstək olmalı, həmin xəstəliyə dair əhalinin maariflənməsinə təkan verilməlidir.
Sessiya iştirakçıları məsələ ilə bağlı dünya ictimaiyyətini səyləri birləşdirməyə çağırdılar və xərçəng xəstəlikləri ilə mübarizənin yalnız birlikdə aparıldıqda səmərəli olduğunu bir daha xatırladıblar. Xəstəliklə mübarizədə diaqnostikanın rolu xüsusi vurğulanıb. Xərçəng xəstəliyinin tədqiqi sahəsində mühüm irəliləyişin əldə edildiyini deyən natiqlər bu sahədə inkişafı sürətləndirməyin yollarını araşdırmağın vacibliyinə diqqət çəkdilər, alimlərin bir-biri ilə daha çox məlumat mübadiləsi aparmasının zəruri olduğunu bildiriblər.
Tədbir iştirakçıları alimlərin hazırda xərçəngin necə formalaşdığı və yayıldığı barədə daha çox biliklərə malik olduqlarını və onun öhdəsindən gəlmək üçün yeni yollar üzərində işlədiklərini vurğulayıblar.
Sessiyada İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin dövlət başçılarının xanımlarının “Xərçəng xəstəliyi ilə mübarizədə birinci xanımların liderliyi” Bəyannaməsi imzalanıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi