İnsultun qarşısını alan MÖCÜZƏ - Beyni qoruyan dərman yaradıldı
Konnektikut Universitetinin alimləri beyni qoruyan və insultdan sonra sağalmanı yaxşılaşdıra bilən eksperimental dərman hazırlayıblar.
"Azia.az" xəbər verir ki, bu barədə Hartford Courant (HC) məlumat yayıb.
Bildirilib ki, tədqiqata "UConn Health"in dosenti Rajkumar Verma və əczaçılıq elmləri üzrə dosent Raman Bahal rəhbərlik edir.
Amerikalı alimlər insultdan sonra gen aktivliyini tənzimləyən mikroRNT adlı kiçik molekulları hədəf alıblar. Bu molekulların səviyyəsi insultdan sonra kəskin şəkildə artır və bu, iltihab, toxuma dağıntısı və sinir sisteminin fəaliyyətinin pozulmasına səbəb olur.
“Biz mikroRNT-nin zərərli təsirini bloklayan yeni nəsil inhibitor yaratmışıq. Ənənəvi eksperimental preparatlardan fərqli olaraq, bizim yanaşma eyni anda bir neçə dağıdıcı prosesi zəiflətməklə yanaşı, orqanizmin qoruyucu mexanizmlərini də aktivləşdirir”, - tədqiqatçılar bildiriblər:
Hazırda insultdan sonra beyni qoruyan effektiv dərmanlar mövcud deyil. İstifadə olunan trombolitiklər və cərrahi müdaxilələr yalnız pasiyentlərin 10–15%-nə tətbiq oluna bilir.
Alimlərin məlumatına görə, yeni inhibitorun bir dozası insult keçirmiş siçanlarda beyin zədələnməsini əhəmiyyətli dərəcədə azaldıb, həmçinin yaddaş, hərəkət qabiliyyəti və bərpa prosesini yaxşılaşdırıb. Qoruyucu təsir 15 günə qədər davam edib.
“Bizim inhibitor əvvəlki namizədlərdən daha güclü, spesifik, təhlükəsiz və uzunmüddətli təsirə malikdir. Hazırda insultun müalicəsində tamamilə yeni yanaşma yaratmaq üçün kimyəvi strukturlar və çatdırılma texnologiyalarını araşdırırıq”, - tədqiqatçı Raman Bahal qeyd edib.
Alimlər artıq bu ixtira üçün patent müraciəti ediblər və kliniki sınaqlara keçid üçün bir neçə farmasevtik şirkətlə danışıqlar aparırlar.(Publika.az)