Tanınmış ümumi cərrah Samir Hacıbabayev: “Xalq tibbi öz hissəsi kimi hiss etməlidir...”
Müsahibimiz - Olimp Hospitalın ümumi, qastroenteroloji və onkoloji cərrahı Samir Hacıbabayevdir.
Hacıbabayev Samir Səfər oğlu 1993-cü ildə Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsinə daxil olmuşdur. 1999-cu ildə Universiteti əla qiymətlərlə bitirmişdir. 1998-1999-cü illərdə I cərrahi xəstəliklər kafedrasında “Cərrahlıq” sikli üzrə subordinatura, 1999-2000-ci illərdə Milli Onkologiya Mərkəzində internatura keçmişdir. 2000-ci ildə Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda “Endoskopiya” kursunu bitirmişdir. 2001-ci Azərbaycan Tibb Universitetinin Hərbi Tibb fakültəsində “Hərbi -səhra cərrahiyyəsi” ixtisası üzrə təhsil almışdır. N saylı hərbi hissədə cərrah vəzifəsində xidmət etmişdir. 2003-cü ildən 2004-cı ilədək Milli Onkologiya Mərkəzininin “Endoskopiya” və “Abdominal onkologiya” şöbələrində çalışmışdır. 2004-2005-ci illərdə İstanbul Memorial xəstəxanasında “Qaraciyər, öd yolları, mədəaltı vəzi cərrahiyyəsi və orqan nəqli” mərkəzində praktik fəaliyyətini davam etmişdir. 2006-2009-cu illərdə N.İ. Piroqov adına Rusiya Milli Cərrahlıq Mərkəzində (Moskva ş.) “Cərrahlıq” ixtisası üzrə aspiranturada təhsil almışdır. 2010-cu ildə ABŞ-ın Klivlend klinikasında “Qaraciyər, öd yolları, mədəaltı vəzi cərrahiyyəsi və qaraciyər nəqli” şöbəsində ixtisasartırma kursu keçmişdir. 2010- cu ildə Türkiyə Respublikasında YÖK tərəfindən Həkimlik Diplomunun Dənkliyi tanınmışdır. 2011-ci ildə TUS imtahanı ilə İstanbul Okmeydanı Eğitim və Araştırma xəstəxanasında ”Ümumi cərrahlıq” üzrə uzmanlıq təhsili proqramına qəbul olunmuşdur. 2011-2016- cı illərdə Azərbaycan Tibb Universitetində “Ümumi cərrahlıq” ixtisası üzrə rezidenturada təhsil almışdır. 2016- cı ildə İstanbul Universitetinin tibb fakültəsində “Qaraciyər, öd yolları, mədəaltı vəzi cərrahiyyəsi və qaraciyər nəqli” mərkəzində rotasiya keçmişdir. Qaraciyər, öd yolları, mədəaltı vəzi, qida borusu, mədə və bağırsaq üzərində laparoskopik və açıq mürəkkəb cərrahi əməliyyatları yerinə yetirir.
The Transplantation Society (TTS), İnternational Association of Surgeons, Gastroenterologists and Oncologists (IASGO) və Türkiyə Hepatopankreatobiliyar Cərrahiyyə Dərnəyinin (THPBCD) üzvüdür. Bir çox yerli, beynəlxalq konqreslər, konfranslar və seminarlarda iştirak (çıxış) etmişdir.
Samir Hacıbabayevin 40-a yaxın tibbi məqalənin müəllifidir, eyni zamanda, 1000- ə yaxın laparoskopik və 5 000- dən çox açıq əməliyyat icra edib.
Fəxrlə qeyd edmək lazımdır ki, Samir Hacıbabayev Azərbaycan təbabətində ilk olaraq bir çox mürəkkəb xüsusi əməliyyatları həyata keçirib və Azərbaycan tibb tarixində ilk dəfə olaraq, görə tam total laparoskopik qastrektomiya (Mədə xərçənginə qapalı üsulla tam əvəz olunması) əməliyyatını icra edib.
Eyni zamanda, Doktor Samir Hacıbabayev Azərbaycanda ilk dəfə tam laparoskopik total kollektomiya (həddindən çox uzanmış yoğun bağırsağa görə) əməliyyatını,
-Samir həkim, bu günlərdə öd daşı xəstəliyi həddindən artıq çoxalıb. İstərdim bu barədə bizi məlumatlandırasınız.
-Öd daşlarının yerləşməsinə görə öd yolları patologiyaları xəstəliklərin beynəlxalq 10- cu təsnifatına uyğun olaraq təsnif olunurlar.
Öd daşları ən çox öd kisəsində rast gəlinir, tez-tez öd kisəsində iltihab yaranır və bu hal tibbdə “xolesistit” adlandırılır.Bu latınca “öd kisəsinin iltihabı” deməkdir.
Əgər öd daşları insan orqanizmində öd kisəsi axarından ana öd yoluna keçsələr bu daha ciddi problemlərə yol aça bilir. Ümumi öd axarı insanda qaraciyərdən gələn ödü bağırsağa keçirir; burada öd kisəsi insan orqanizmində bir rezervuar, depo rolunu oynayır.
Qaraciyərdən axan öd- öd kisəsində toplanır, qatılaşır.
İnsan daha ağır(kalorili) qidalar qəbul etdikdə öd kisəsindən müəyyən porsiyada qatılaşmış öd ifraz edilir ki, qidanın daha rahat həzminə köməklik edir.
Qatı öddə isə çöküntü yaranmağa meyllik yüksəkdir və insan orqanizmində maddələr mübadiləsi pozulanda, öd kisəsi divarlarına xolesterin hopması baş verir. Xolesterin mənşəli poliplər yaranır.Buna öd kisəsinin xolesterozu deyilir. Burada cərrahi müdaxilə nadir tələb olunur və əgər poliplərin sayı 3- dən çoxdursa və ölşüləri 1 sm- dən böyükdürsə, bu zaman cərrahi müdaxiləyə ehtiyac ola bilər.
İnsan orqanizmində öd yolları, mədəaltı vəzi xərçəngi -melanoma, qida borusu xərçəngindən sonra ən aqressiv xərçəng növlərindən biri hesab edilirlər. Ona görə bu növ xərçənglərin erkən diaqnostikası xüsusi əhəmiyət daşıyır, öd kisəsində hər hansı bir polipin bədxassəli şişə çevrilməsinin aşkar edilməsi üçün erkən diaqnostika çox vacibdir.Tibb sahəsi yüksək inkişaf etmiş bəzi ölkələrdə öd kisəsi və öd yolları xərçənginin erkən diaqnostikası(skrininqi) üzrə xüsusi proqramlar mövcuddur.
-Bildiyimiz yerə qədər, öd daşlarının növləri vardır.
-Öd kisəsində və öd yollarında xolesterin (halların 90%-dən çoxu, sarı-yaşıl), piqment (qara və ya qəhvəyi, bilirubin mənşəli) və qarışıq tipli daşlara rast gəlinir.
-Fitoterapiyaya tabe olan öd daşları varmı?
-Fitoterapiyaya tabe olan öd daşları daha çox xolesterin mənşəli daşlardır ki, məsələn uzun müddət səy göstərərək, sözügedən daşların ölcülərini kiçiltmək mümkündür, lakin, qısa zaman ərzində daşlar yenidən öz əvvəlki ölçülərinə qayıda bilir. O biri tərəfdən, bu daşların öd kisəsindən ümumi öd axarına keçməsi olduqca təhlükəli fəsadlara səbəb ola bilər.
-Ümumiyyətlə, öd kisəsi olmadan yaşayan insanlar çoxdur. Öd kisəsi orqanının insan həyatı üçün nə dərəcədə böyük əhəmiyyəti və zərurəti var?
-Öd insanın qəbul etdiyi bütün qidaların həzmi üçün nəzərdə tutulan bir katalizator rolunu oynayır, xüsusilə də mədəaltı vəzinin şirəsi ilə qarışdıqda, bağırsaqlarda qidanın həzmini rahatlaşdırır.Öd kisəsi əməliyyatla götürüldükdən sonra, ana öd kanalı yerində qalır və birbaşa qaraciyərdən öd 12 barmaq bağırsağa daxil olur. Bu əməliyyatları laparoskopik üsulla 3 vəya 4 dəlik vasitəsi ilə edirik. Pasiyentlər sonradan normal həyatına davam edirlər.
-Xəstələrinizə əməliyyat sonrası hansı pəhrizlərə riayət etməyi tövsiyyə edərsiniz?
-Öd kisəsi və öd yolarında əməliyyat keçirən pasiyentlər üçün təbabətdə xüsusi pəhrizlər tətbiq edilir. Çünki öd kisəsi çıxarılan xəstələrdə ümumi öd axarı genişlənir və durğunluq əlamətləri təkrar edə bilər. Öd durğunluğu olan pasiyentlərdə ümumi öd kanalında daşların toplanmaması üçün, ayda bir dəfə onlara pəhrizdən kənara çıxamağa icazə veririk ki, öd ifrazı stimulyasiya olunsun.
Müəyyən illərdən sonra, öd yollarında daşların yaranmasına rast gəlirik.Hesab olunur ki, bunlar vaxtı ilə öd kisəsindən ümumi kanala yerini dəyişmiş kiçicik daşlar olub,sonra böyüyüblər. Digər tərəfdən, daşların sonradan yaranma hallarınada rast gəlirik.
Öd yollarında durğunluq baş verirsə , öd daşlarına rast gəlmək ehtimalı artır. Məhz ona görə, profilaktik həkim baxışları, mütəmadi yoxlanışlar, təkrarlanan kurslarla təyin olunan ödüdurulaşdıran və ödqovucu dərmanların qəbulu çox əhəmiyyətlidir.Ursodezoksixol turşusu öd turşularını əvəz edən bir preparatdır; o, tərkibcə “ayı ödünü” xatırladır və tarixdə ilk olaraq qonur ayının ödündən sintez olunub.Latıncadan da tərcüməsi məhz “ursus -ayı” anlamındadır. Bu dərmalar öd durğunluğunun qarşısını alır.
-İnsan orqanizmində öd daşı xəstəliyininin olmaması mümkündürmü?
-Düşünürəm ki, bu bir çox faktora bağlıdır; hətta, pəhriz saxlayan insanlarda da öd daşlarına rast gəlmək mümkündür.Məhz bu cür xəstəliklərlə qarşılaşmamaq üçün, səhər yeməyinin önəmli olmasına diqqət yetirmək lazımdır və axşam saatlarındada , saat 1800- 2000 arası qida qəbulu normal hesab olunur. Düşünürəm ki, insanlar gün ərzində iki dəfə qida qəbulu ilə də kifayətlənə bilərlər.Profilaktik müayinələrin köməyi ilə öd kisəsində yaranan durğunluğu vaxtında aşkar etmək olar.
-Qenetika öd xəstəliklərində rol oynayırmı?
-Bəli, qenetika xüsusilə əhəmiyyətlidir; belə ki, əgər öd daşı xəstəliyi ailə tarixçəsində rast gəlirsə, o övladlarda da ola bilir. Qadınlarda, xüsusi ilə hamiləlikdən sonra, köklüyə meyillilikdə, 40 yaşı keçdikdən sonra,maddələr mübadiləsi pozulması olan hallarda öd daşı daha tez-tez rast gəlir. Ödün tərkibindəki lesitin, xolesterin və öd turşularının qarşılıqlı mütənasibliyinin pozulması nəticəsində ödün axıcılığı azalır və daşların yaranma riski artır.
-Bir qədər karyeranızdan bəhs edək; dünyanı gəzmiş, bir çox öndə gedən dünya klinikalarında geniş təcrübələr keçmiş mütəxəssis kimi, hansı ölkə sizin daha çox marağınıza səbəb oldu?
-Əlbəttə ki, tibbi texnologiya daha çox inkişaf etmiş ölkə məhz ABŞ olduğu üçün, mən bu ölkədəki tibbin inkişafını daha çox bəyəndim. Orada mədəaltı vəzin əməliyyatları Da Vinçi robotunun vasitəsi ilə çox sayda aparılır. Bir çox orqanın, o cümlədən mədəaltı vəzin nəqlidə uğurla aparılır.
-Ən yadda qalan və uğurlu əməliyyatlarınız hansılardır?
Mənim uğurlu əməliyyatlarımdan biri Mərkəzi Hərbi Hospitalda 40 gün komada yatan hərbiçimizin öd yolunda müdaxiləmizdən sonra sağalamasıdır ki, bunu bir möcüzədə saymaq olar.
Daha bir mürəkkəb əməliyyatım sol böyrəyin xərçəngi olan yaşlı bir pasiyent idi; hər iki böyrək venasında olan tromboza görə böyrəklər fəaliyyətini itirmişdi və xəstə dializ müalicəsi alırdı. Xəstədəki böyrəkdəki şişi götürdükdən sonra, aşağı boş vena damarından ürəyin sağ qulağcığına çatan trombunu xaric etdik və bütün bunları xəstəni suni qan dövranı cihazına qoşulmadan etdik. Sonradan xəstənin sağ böyrəyi bərpa olunana qədər bir müddət də dializ almalı oldu, qalan böyrəyin fəaliyyəti tam bərpa oldu.
Daha bir uğurlu əməliyyatımız isə total pankreonekroz(mədəaltı vəzin ağır iltihabı və parçalanması) səbəbindən komaya düşmüş yüksək ixtisalı bir mühəndisin laparoskopik əməliyyatla həyatını xilas etməyə imkan verdi.
Xarici ölkə vətəndaşının partlamış appendisit, ağır peritonitə görə laparoskopik əməliyyat keçirərək həyata qayıtmasına nail olduq.
-Bəzən həkimlərdən gileylənlənmələr olur.Həkimlərdən şikayət edənlərdə olur. Bununla bağlı fikirləriniz önəmli olardı.
-Əgər sizin hər hansı bir ağır xəstəliyiniz əməliyyatla həkimlərimiz tərəfindən sağalırsa, bilinməlidir ki, bu uğurun qarşısında tibbin yüzillərinin təcrübəsi və əvvəlki bir çox uğursuzluqları dayana bilər. Mən bu əməliyyatları dünyada aviasiyanın inkişafı ilə müqayisə edirəm. Gördüyümüz kimi, hazırda bir çox uçuşlar sərbəst,qəzasız icra edilir, artıq səmalarda qəzalar minimuma endirilib. Hal-hazırda minlərlə mürəkkəb əməliyyat uğurla həyata keçirilir. Həyati göstərişlərlə əməliyyat olunan xəstələrdə fəsad və ölüm halları dah çox olur. Uğursuzluq cərrah tərəfindən heç bir zaman qəsdən törədilmir.
Bir yazı vardı ki, əvvəllər güya ki, Babilistan qanunlarına uyğun olaraq, əgər göz həkimlər gözü sağalda bilmirdilərsə, cəza kimi onun öz gözünü çıxarırlarmış. Məntiqlə bu doğru deyil. Çünki, sağlamlığın keşiyində dayanan insanlardan hansı birisi bu cür halı gördükdə təbib olmağı seçərdi?
Bu gün respublikamızın böyük şəhərlərində, regionlarda açıq ürək əməliyyatları uğurla keçirilir. Bu olduqca sevindirici haldır; çünki, 15- 20 il üçün bu böyük inkişafdır. Orqan transplantasiyası bir çox tibb sahələrininin əsas lokomotividir. Hüquqi və elmi cəhətdən ölkəmizdə beyin ölümü anlayışı təsdiq edidikdən sonra, orqanların transplantasiyası daha da inkişaf etmişdir.
Həkimlər var ki, daha çox təşkilati işlərlə məşğul olmağı sevirlər. Mən kliniki və elmi fəaliyyəti üstün tutaraq, öz işimə olan sevgimi xəstələrimi şəfalandırmaqla dahada artırırıram. Bir uğur- əvvəlki stresi və bir neçə uğursuzluğu unutdurur. Cəmiyyət tibb sahəsində çalışanlara dəstək olmalıdır.
Qədimdə rus həkimləri dua edirlərmiş ki, “İlahi sən özün bizim nəfsimizə hakim olmağa kömək ol və imkan vermə ki, biz haqsızlığa yol verək,tamaha girək!”
Pandemiya dövründə təmənnasız olaraq həyatını riskə atan, hətta dünyasını dəyişən neçə həkim və tibb bacılarımız oldu! Mən özüm həmin dönəmdə koronavirusa yoluxmuş xəstəyə süni nəfəs verdiyim üçün, ağır formalı koronavirus xəstəliyinə yoluxdum.
Müasir tibbçilərin əsas amalları tibbin sirrlərini gələcək nəsillərə ötürmələrinə yardımçı olmalarıdır. Ümumiyyətlə, xalq ölkə tibbini öz doğma hissəsi kimi hiss etməlidir.
Xatırlayın, Vətən müharibəsində ordumuzun yaralı əsgərlərinə sevgi və şəfqətlə xidmət göstərən həkimlərin zəhmətini əsla unutmaq olmaz!
Aynur Nurlu