
Milli Məclisin deputatı, parlamentin Mədəniyyət komitəsinin sədri Fazil Mustafanın Şah İsmayıl Xətai ilə bağlı səsləndirdiyi fikirlər yenidən ictimai müzakirələrə səbəb olub.
Deputat Şah İsmayılın adını daşıyan ordenin ləğv edilməsinin tərəfdarı olduğunu bildirib.
Bu açıqlamadan sonra sosial şəbəkələrdə, media orqanlarında və ictimaiyyət arasında müxtəlif reaksiyalar səslənib. Bir sıra tarixçilər, siyasətçilər və ictimai xadimlər Fazil Mustafanın mövqeyini tənqid edərək Şah İsmayıl Xətainin Azərbaycan dövlətçilik tarixində mühüm rol oynadığını vurğulayıblar.
Deputatın açıqlamalarına ən sərt reaksiyalardan birini siyasi şərhçi Taleh Şahsuvarlı verib. O, Fazil Mustafanın mövqeyini kəskin tənqid edərək bunu tarixi faktlarla ziddiyyət təşkil edən yanaşma kimi qiymətləndirib.
Tarix üzrə fəlsəfə doktoru, AMEA A. A. Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun "Qərbi Azərbaycan tarixi" şöbəsinin müdiri Cəbi Bəhrəmov AZXEBER.COM-a açıqlamasında deyib ki, Şah İsmayıl Xətai Azərbaycan tarixinin ən böyük dövlət xadimlərindən biridir:
"Şah İsmayıl Xətai Azərbaycan tarixinin ən böyük dövlət xadimlərindən biridir. Onun fəaliyyəti ilə bağlı danışarkən emosiyalarla deyil, tarixi mənbələrlə danışmaq lazımdır. Biz həmin dövrü araşdırarkən ilk növbədə dövrün öz mənbələrinə müraciət edirik.
Həsən bəy Rumlunun "Əhsənüt-təvarix” əsəri, İsgəndər bəy Münşinin "Tarix-i Aləmara-yi Abbasi” əsəri və digər etibarlı mənbələr bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Bunları yazan şəxslər Səfəvilər dövrünə yaxın yaşamış, hadisələrin bir qisminin şahidi olmuş insanlardır. Tarixi qiymətləndirərkən məhz belə mənbələr əsas götürülməlidir. Bu gün Şah İsmayıl haqqında danışanların əksəriyyəti həmin mənbələri oxumayıb. Buna görə də əsassız fikirlər səsləndirilir. Bu gün Şah İsmayıl Xətai haqqında danışan şəxslər onun kim olduğunu bilmir. Şah İsmayıl Xətai təmiz türk oğludur. O, 7 yaşına qədər fars dilini bilməyib. Onun hansı mənsəbə aid olması əsas məsələ deyil.
Kəmsavadlar bilməlidirlər ki, Səfəvilər Şərqdə yerləşib, Osmanlı dövləti isə Qərbdə. Əsas məsələ Şərq və Qərb arasında ticarət yollarının kimə məxsus olacağı idi. Bu gün boş-boş danışanların Azərbaycan Milli tarixindən xəbəri belə yoxdur”.
O qeyd edib ki, Azərbaycan dövlətçilik ənənəsinin Nadir Şahla başladığını iddia edənlərin fikirləri tamamilə yalandır:
"Azərbaycan dövlətçilik ənənəsinin Nadir Şahla başladığını iddia edənlərin fikirləri tamamilə yalandır. Bu, tarixi faktlara uyğun deyil. Nadir Şahın hakimiyyəti cəmi 11 illik dövrü əhatə edir. Tarixə yalnız faktlar əsasında yanaşmaq lazımdır. Şah İsmayılla bağlı kifayət qədər etibarlı mənbələr mövcuddur. Şah İsmayıl Xətai Azərbaycan dövlətinin qurucusudur.
Şah İsmayıl Xətai Şirvana gələn zaman deyir ki, "bizə Azərbaycan taxtı lazımdır, yoxsa qala”. Burada söhbət Azərbaycab taxtından gedirdi. 1501-ci ildə Təbrizin fəthindən sonra Şah İsmayıl Xətai demişdi ki, "ruhum bədənimə qayıtdı””.
C.Bəhrəmov bildirib ki, Şah İsmayıl haqqında səsləndirilən əsassız iddiaların elmi əsası yoxdur:
"Şah İsmayılın müəllimi Hüseyn bəy Lələ Şamlı onu vətənpərvər kimi yetişdirib. Onun fars dilində hansısa əsəri belə yoxdur, hamısı azərbaycan türkcəsindədir. Ona görə də Şah İsmayıl haqqında səsləndirilən əsassız iddiaların elmi əsası yoxdur. Bu gün savadsızların söylədiklərinin tarixdən xəbəri Kiminsə şəxsi fikri tarixi fakt hesab edilə bilməz. Tarix sənədlər, mənbələr və elmi tədqiqatlar əsasında öyrənilməlidir”.
Şahanə Ziyad