azia.az
azia.az

Azərbaycanda 18 yaşlı qız üzərində unikal cərrahiyyə əməliyyatı

25-02-2016, 16:06

Azərbaycanda 18 yaşlı qız üzərində unikal cərrahiyyə əməliyyatı Mərkəzi Neftçilər Xəstəxanasının həkimləri növbəti ilkə imza atıb. Xəstəxananın Cərrahiyyə və Orqan transplantasiyası şöbəsinin həkim-cərrahı Eldar Əhmədov bildirib ki, xəstənin valideynləri Azərbaycanda bir çox xəstəxanaya müraciət etsələr də, onlara ölkəmizdə bu əməliyyatın mümkünsüz olduğu deyilib.
Daha sonra onlar Mərkəzi Neftçilər Xəstəxanasına müraciət edib. Aparılan müayinələr nəticəsində 18 yaşlı Ağdam sakinində çox nadir rastlanan qaraciyərin böyük bir törəməsi aşkarlanıb: "Xəstəmiz 18 yaşında gənc bir xanım idi. Qarnında ağrılar, halsızlıq, şişkinlik... Uzun müddətdir ki, bu ağrılardan şikayət edirdi. Bizə gəldikdə xəstəni müayinə etdik. Müayinə əsasında çox nadir rast gəlinən qaraciyərin böyük bir törəməsi aşkarlandı. Sağ payı tamamilə tutan, hətta sol paya qədər irəliləyən böyük bir törəmə aşkarlandı. Bütün müayinələrdən keçdikdən sonra əməliyyat qərarı verdik. Çünki bu cür əməliyyatlarım daha təcrübəli mərkəzlərdə olması lazımdır. Hepatobilyar cərrahiyyə ümumi cərrahiyyənin ən ağır sahəsidir və burada olunan əməliyyatlar da təbi ki, ağır əməliyyatlardır. Ona görə də biz xəstəni müayinə etdik, qərarlaşdırdıq ki, qara ciyərin sağ payının və sol payının bir hissəsini almaqla bir əməliyyat planlaşdırdıq. Təbii ki, əməliyyata gedərkən bu qaraciyərdə olan törəmənin bədxassəli olma ehtimalı da var, xoşxassəli olma ehtimalı da. Biz bunu əvvəlcədən deyə bilmirdik".
Əməliyyat 7-8 saat davam edib. Xəstənin qaraciyərindəki törəmənin həcmi 22 sm olub: "Qaraciyərin sağ payı və sol payının bir hissəsi çıxarıldı. Əməliyyat tamamilə uğurlu bir şəkildə icra edildi. Xəstə əməliyyatın 5-ci günü tam sağlam şəkildə evinə yazıldı. Biz əməliyyatdan sonra materialı göndərdik analizə, açıqlanan rəy xəstədə hepatik adenoma, qaraciyərin xoşxassəli törəməsi olduğunu göstərdi. Bu, gənc yaşlarında görülən bir şişdir. Bu əməliyyat olmasa, bu şişin gələcəkdə bədxassəliyə keçmə və hər an partlaması ola və xəstənin ölümü ilə nəticələnə bilərdi. Bu risk var idi xəstədə. Çünki törəmə çox böyük idi, qaraciyərin qapısını tamamilə sıxmışdı. Orada vacib damarlar var, aşağı boş vena dediyimiz böyük bir vena var, onun üstündə damarların yaralanması xəstənin əməliyyat masasında ölümünə də səbəb ola bilir. Təbii ki, biz bunların hamısını xəstənin özünə və ailə üzvlərinə izah etdik. Normal qəbul etdilər. Xəstənin razılığı əsasında biz onu əməliyyata aldıq. Bu əməliyyatlar tək bir adamın işi deyil, komanda işidir. Bizim əməliyyatda 4 cərrah iştirak etdi".
Eldar Əhmədov deyib ki, bu cür əməliyyatlar dünyada, sadəcə, qaraciyər cərrahiyyəsi və transplantasiyası mərkəzlərində icra olunur. Bakıda keçirilən əməliyyatın unikallığı əməliyyat olunan xəstənin gənc və qaraciyərdə aşkar olunan törəmənin 22 sm ölçüdə olmasıdır: "Biz bu əməliyyatı icra etdikdən sonra araşdırdıq, bu ölçüdə şişə və bu yaşda xəstəyə rast gəlmədik. Mən ədəbiyyatı araşdırdım, ən böyük 16, 17, 19 sm qədər gördüm. Ancaq 22 sm ölçüdə belə bir törəməyə heç bir məqalədə rast gəlmədim. Ona görə biz bu məqaləni hazırlayırıq, xarici ədəbiyyatlara da verəcəyik".
Həkim-cərrah qeyd edib ki, xəstə onların nəzarəti altındadır və müayinədən keçmək üçün tez-tez xəstəxanaya gəlir. Hazırda vəziyyəti qənaətbəxşdir.
Qeyd edək ki, xəstənin ailəsi icazə vermədiyindən, onunla söhbət etmək istəyimiz baş tutmadı.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi