azia.az
azia.az

Təzyiqin diaqnoz və müalicəsində edilən faciəvi səhvlər... – Türk professordan sensasion açıqlama

24-04-2019, 07:06


Bakıda kişilərin bir butulka araq içməsini görəndə, şoka düşmüşdüm
Təzyiqin diaqnoz və müalicəsində edilən faciəvi səhvlər... – Türk professordan sensasion açıqlama
Ötən ay Azərbaycanda baş tutmuş Şüa Diaqnostikası elmi konfransında türkiyəli professor, 10 ildir Azərbaycanda invaziv radiologiya üzrə çalışan mütəxəssis Ahmet Memiş yüksək təzyiq xəstəliyinin böyrəklə bağlı olması barədə maraqlı bir təcrübəsini paylaşmıdı.

Mövzunun aktuallığını nəzərə alıb, həkimlə görüşüb, Azərbaycanda əhalini ən çox narahat edən yüksək təzyiqin məlum olmayan səbəbləri, müasir müayinəsi barədə müsahibə aldıq.

Medicina.az tanınmış professorun endovaskulyar cərrahiyyə, yüksək təzyiq və damar problemləri ətrafında maraqlı fikirlərini təqdim edir:

-Doktor, Azərbaycanda çox insanlar var ki, təzyiqinin əlində illərdir əsirdir, həkim gəzir, dərman qəbul edir, təzyiq düşmür ki, düşmür. Təzyiqin əsl səbəbini necə tapmaq olar?

- İlk öncə deyim ki, təzyiqlə bağlı sadəcə diaqnoz və müayinədə səhv yanaşmalar çoxdur.
Təzyiqin ölçülməsi səhv... Təzyiq dərmanlarının qəbulunda səhv... Hansını sayım?

Birincisi, təzyiq mütləq hər iki qolda ölçülməlidir. Ürək soldadır, solu ölçüm deyə bir qanun yoxdur. Tək qoldan ölçülən təzyiq düzgün deyil.
Bir qola gedən arteriya normaldlr, ölçürsən təzyiq normal. Digər qolda arteriyalarda problem var, orda ölçürsən - 160.

"Təzyiqim yüksələndə dərmanı atacam, düşəcək” kimi yanaşma çox səhvdir. Təzyiq dərmanı hər gün təzyiq normal və ya yuxarı oldu fərqi yoxdur, eyni saatda eyni dozada qəbul olunmalıdır.

Hər dəfə təzyiq qalxdıqca, damarlar sıradan çıxır. Dərman atsanız da o damarların xarab olmasının qarşısını ala bilməyəcəksiz. Ona görə təzyiqin qalxmasını gözləmək olmaz.

-Təzyiqdə ən etibarlı diaqnostika metodu hansılardır?

-Təzyiq yüksəkliyi olan xəstələrin diaqnostikası üçün yeni metod rəngli doppler USM-dir. Məhz bu metodla təzyiqin hansı orqandan qaynaqlandığını tapa bilərik. 10% hipertensiya xəstələrində böyrək damar xəstəlikləri rol oynayır.

22 yaşında gənc bir xəstəmiz var idi, təzyiq yüksək idi. Əsəbiləşməmişdi, ailəsində hipertenziya xəstəsi yox, ürəyi normal. Nə baş verdi? Təzyiq dərmanları qəbul edirdi, xeyri olmurdu. Deməli, bunun altındakı səbəbi tapmaq lazımdır. Bu zaman ilk olaraq ağlımıza böyrək damar, hipofiz və böyrəküstü vəzilər gəlir. Bu zaman rəngli doppler edirik.

Rəngli dopplerdə professional, həqiqətən işinin mütəxəssisi olan radioloq olmalıdır. 2-3 ay kursa getmiş həkim yox. Bu müayinədə böyrəklərin qan dövranında zəiflik müşahidə edən həkim biləcək ki, böyrək damarında daralma var. Böyrəyə kifayət qədər qan getmir. Damarı daralan böyrək elə bilir ki, mənə az qan gəlirsə, deməli, xəstənin yəqin təzyiqi aşağıdır, beyinə qan getmir. O zaman renin deyən hormonları ifraz edir, hormonun təsirindən insanın təzyiqi anormal yüksəlir, hətta 200-ə qalxa bilir.

Əgər böyrək damarlarından rəngli USM-də şübhə yarandısa, angioqrafiya olunacaq, elə o proses zamanı xəstənin ayağından 1 mm dəlikdən girib həm diaqnozu qoyuruq, həm də daralmış böyrək damarını 15 dəqiqə içində açırıq. Heç bir narkoza ehtiyac olmur. Xəstə artıq damarı normal şəkildə ayağa qalxır.

Diaqnostik müayinələr o qədər inkişaf edib ki, indi xəstəni angioqrafi edim, get, sonra damar açarıq kimi yanaşmalar yoxdur. Bunlar 10 il öncə idi.
Elə bir müayinə daxilində hər hansı problem varsa, yerindəcə müdaxilə edib, damarları açırıq. Eyni anda stend qoyuruq. Xəstə 2 dəfə əməliyyatxanaya girmir, 2 dəfə stress yaşamır.



Çox həkim əzbərlədiyi xəstəliklərdən tutur. Amma tibb inkişaf edib. Dərində yatan çox səbəblər var.
Bilmirsizsə, o zaman diaqnoz qoymayacaqsız, xəstəni kompentant, yəni işində usta həkimə yönəldəcəksiz.



-Azərbaycanda təzyiq xəstələrinin müalicəsində çatışmazlıqlar hansılardır?

-Ən böyük əskiklik diaqnoz qoyulmasındadır. Xəstəni ilk görən müalicə həkimlərinin xəstəliyi dərindən düşünməkdə problemləri var. Xəstənin birinci üz tutduğu həkim anamnezi düzgün toplasa, xəstəyə vaxt ayırıb qulaq assa, lazımi sualları versə, o anamnezin nəticəsində müayinələri etdikdən sonra yanaşı xəstəlikləri fikirləşərsə, yalnız ondan sonra düzgün diaqnoz qoyula bilər.

Çox həkim əzbərlədiyi xəstəliklərdən tutur. Amma tibb inkişaf edib. Dərində yatan çox səbəblər var. Bilmirsizsə, o zaman diaqnoz qoymayacaqsız, xəstəni kompentant, yəni işində usta həkimə yönəldəcəksiz. Diaqnoz addım- addım qoyulur. Elə xəstə var 1 ay düşünərsən, axtararsan, sonra diaqnoz qoyarsan. Xəstə bir dəfə gəldi, baxdım, təzyiqi yüksəkdir, tez resept yazım getsin dərman atsın kimi müalicə olmaz. Xəstələr də bunu bilməlidir.

Hər xəstəyə dərman yazmaq da lazım deyil. Xəstənin təzyiqinə təsir etməyəcək dərmanı aylarla qəbul etməsi onun digər orqanlarına, sistemlərinə təsir edir. Çox insanların səhv yazılmış dərmanlardan digər xəstəlikləri irəliləyir, başqa problemləri yaranır. O dərmanların bir-birilə əks təsirini, uyğun olub-olmadığını çox həkim bilmir.

Mənim devizim budur: ən yaxşı əməliyyat heç edilməyən əməliyyatdır. Tibbin əsas prinsipi xəstəyə ziyan verməməkdir.

-Yüksək təzyiqə səbəb olan böyrəyə bağlı daha hansı səbəblər var? Elə xəstə olubmu ki, endovaskulyar müdaxilədən sonra dərmansız yaşasın, təzyiqi normaya düşsün?

-Təzyiqi yüksəldən çox fərqli böyrək patologiyaları var. Bir xəstəmiz var idi, damar tutulması səbəbindən böyrəyə qan getmədiyindən böyrəyin ölçüsü kiçilmişdi. Biz də bundan şübhələndik. Əməliyyatdan sonra gözümüzün önündə böyrək böyüyüb normal ölçüsünə gəldi. 1 gün sonra gördük ki, xəstə artıq dərmanları qəbul etməyib, amma təzyiqi normaldır. Artıq o xəstə dərmandan qurtulmuş oldu. hətta təzyiq normaldan belə az aşağı düşmüşdü.

Bəzi yaşlı, ateroskleroz damar xəstəliyi olan xəstələrdə böyrək damar sərtləşməsi ilə yanaşı bütün əsas arteriyalarda elastiklik azalır. Bu xəstələrdə yüksək təzyiqə təkcə böyrək damarı səbəb deyil.

Burda biz böyrək arteriyasını açırıq, amma xəstədə yüksək təzyiq olur. Çünki damarları tutulub. O dərmanlarını qəbul etməyə davam etməlidir. Amma əgər böyrəyin damarını açmasaq, yaxın zamanda o böyrəyi itirə bilər. Çünki böyrək çatışmazlığı inkişaf edəcək. xəstənin böyrəyini qorumaq üçün bu invaziv müdaxilə vacibdir.

-Bəs bu əməliyyatlar üçün yaşın önəmi varmı?

- Xeyr yoxdur. Bu günə qədər əməliyyat etdiyim ən yaşlı xəstəm 94 yaşında bir qadın idi.
O xanımın yuxu arteriyasında 90% daralma olmuşdu. Qeyd edim ki, xanım çox aktiv, hər gün gəzən, sağlığına fikir verən idi.

Əgər o arteryanı açmasaydıq, xəstə insult və iflic olacaqdı. O xəstə üçün hərəkətsizlik ölümdən betər olardı. Əməliyyat etdik, 98 yaşına kimi normal yaşadı.
80 yaşında bir xəstəyə də aorta anevrizması əməliyyatı etdik.

-Bütün bu anevrizmalarn, damar daralmalarının, insultun qarşısını almaq üçün insanlar önləyici tədbir kimi nələr etsinlər. Vaxtında hansı müayinələrdən keçsinlər?

-50 yaşından sonra tarama proqramları – chek-uplar var: kardioloji, vaskulyar. Onlardan keçmək lazımdır. Beyinlə əlaqəli yuxu damarlarının doplleri olmalıdır. Təzyiq varsa böyrəklərin dopleri olunmalıdır.

-Amma bizdə vaskulyar chek-up yoxdur.

-Bu, həkimlərin yanlış yanaşması səbəbindəndir. Tibbdə bu vaxta kimi damar sistemi bir orqan kimi qəbul olunmayıb. Həkimlər insanın bütün bədənini əhatə edən və kilometlərlə uzana bilən bu qədər damar sistemini yox sayırlar.

Bir iradımı da deyim. Şükür ki, Azərbaycanda çox sayda MRT aparatı var. Xəstə gəlir, baş MRT olunub, amma damarlar yox. Niyə?

Bizim xəstəxanada MRT müayinədə damar çəkimi mütləqdir. Çox klinikalar onun qiymətini MRT-dən ayırıb, əlavə müayinə edir. Bütün orqanlarda bir çox xəstəliklərin səbəbi o orqana gələn qan dövranında problemin olmasıdır. Ticarət baxımından, qazanmaq üçün MRT edib, xəstənin damarlarına baxmamaq tibb adına yaraşmaz. Bu qədər də ticarət, biznes olmaz. MRT zamanı bir qiymət daxilində damarlar da çəkilməlidir ki, xəstə təkrar damara görə də MRT olunmasın.

Xəstənin başı ağrıyır, MRT çəkilib, beyində heç nə yox, damarına baxdınızmı? Yox! Beyin damarında anevrizma, daralmanı necə diaqnoz edəcəksiz? Baş ağrı səbəblərindən biri də budur. Diaqnoz qoya bilməyəcəksən, "səndə heç nə yoxdur” deyəcəksən, xəstə gedəcək, 1 ay sonra damarı partlayıb öləcək.







İnsanın damarı neçə yaşındadırsa, o yaşdadır. Yəni adam var ki, 35 yaşı var, damarları yaşlanıb,
65 yaşındaki kimidir. Deməli, o insanın 35 yox, 60 yaşı var.


-Ahmet doktor, invaziv radioloqa hansı xəstələr müraciət etməlidir?

-Daha çox damar daralması, tromb, insult xəstələri müraciət edir.
İnsult zamanı xəstənin ilk 3 saatda bizə çatdırılması vacibdir.

O qədər fərqli orqanlarda işləyirik ki.
Bir xəstənin qaraciyərində törəmə var idi, qaraciyər arteriyasından girib, o törəməni yandırdıq, heç kəsmədik. Digər xəstənin ayağındakı damarı açdıq, yarası sağaldı.

Bir xəstənin çox yaxınlarını fərqli səbəblərdən əməliyyat etmişik. Axırda xəstə dözməyib dedi ki, həkim utanıram da soruşum, siz nə həkimisiz? Deyim ki, hər şey, bu doğru olmaz. Bizim peşəmizin də özəlliyi odur ki, multidistiplanırdır.

İnvaziv radiologiya ən üst ixtisasdır. İnvaziv radioloq təkcə tibb universitetini bitirməklə alınmır. Ən azı 5 il radiologiyanı oxumalı, radioloji müayinə metodlarını ən yüksək səviyyədə bilib, o sonra invaziv əməliyyatları edəcək. 3-6 aylıq kurslarla, əzbərlədiyiniz bir-iki texnika ilə xəstələrdə əməliyyat etdikdə, gələcəkdə xəstənin ölümünə səbəb olan problemlər yarada bilərsiz.

Bu işə qazancı, pulu tutub gəlmək olmaz. Öncə bilik, təcrübə, arxasından pul özü gələcək.
Biz üst ixtisas olduğumuz üçün xəstələr invaziv radioloq tanımaz və gedim invaziv radioloq baxsın deyə gəlməz. Bizə xəstələri digər həkimlər göndərməlidir.

Həkim istər insult, istər böyrək, istər xərçəng xəstəsində mənim düzəldə bilcəyim bir problem görəndə, xəstəni göndərərsə, çox sevinərik. Bilirsiz ki, xəstələr sağalmaq üçün ümidlə çox həkimlər gəzir. Çox həkimlərin problemi budur: solo çalışma, eqoizm. Xəstəni əlimdən qaçırmayım, elə mənə gəlsin. Xəstənin müalicəsinin sadəcə bir damar açılmasından asılı olduğunu görürsənsə, onu dərmanlarla yükləmədən, vaxtını uzatmadan başqa ixtisaslı həkimə göndərməlisən. Sən nevroloqsan, xəstənin təzyiqi beyin yox, böyrəkdəndir. Görə bilirsənsə nə yaxşı, görmürsənsə "mənlik bir iş yoxdur, bir radioloqa, nefroloqa get” deməlisən.

"Xəstə yoxa çıxacaq, mənə faydası yox, başqa həkim qazanacaq” kimi fikirlər xəstələrin uzun müddət sağalmamasının birinci səbəbidir.

Məsələn, qadınlarda fibromalar, qanayan xoşxassəli şişlər var. Ginekoloqlar müalicə edir. Amma fibromioma müalicə ilə getməz. Qanama olur, gəl uşaqlığı götürək deyirlər. Uşaqlığı almaq ən son mərhələdə olmalıdır. O orqan qadın üçün vacibdir. Bu xəstələrdə uşaqlığın qorunması üçün ən yaxşı əməliyyat invaziv radiologiyada embolizasiyadır. Bud arteriyasından girərək fibromanı qidalandıran arteriyanı tam bağlayırıq, qanama durur, fibromalar getdikcə kiçilir, ağrılar azalır.

Yaxşı olar ki, fibriomalar hələ kiçik olduqda bu əməliyyatlar aparılsın. Burda da xəstələri ginekoloqlar gecikdirir.

-Bəs siz damarlarınızın sağlamlığının qeydinə necə qalırsız? Nə kimi tövsiyələr verə bilərsiz?

-Bizdə belə bir deyim var: insanın damarı neçə yaşındadırsa, o yaşdadır. Yəni adam var ki, 35 yaşı var, damarları qocalıb, 65 yaşındaki kimidir. Deməli, o insanın 35 yox, 60 yaşı var.

Mən ilk öncə heç vaxt siqaret çəkmədim. Damarın düşməni siqaretdir. Hətta siqaret çəkilən yerə belə girmirəm. Kimsə siqaret çəkirsə, yanımda çəkməyəcək, ya o gedəcək, ya mən.

Alkoqol lazım olanda, çox az içmək olar. Arada qırmızı şərab olar. Mən Bakıda kişilərin təkcə bir yeməkdə bir butulka araq içməsini görəndə, şoka düşmüşdüm. Bu, insanın özünə qəsdidir.

Gündəlik yürüyüşlər mütləqdir. Sağlamlıq üçün ağır idman etməyə gərək yoxdur.

Yeməyim isə İzmirli olduğum üçün Ağdəniz dietidir. Biz balıq, tərəvəz və zeytun yağını çox işlədirik. Burda kahıların sadəcə yeməyin altına qoyulduğunu, sonra atıldığını görəndə çox qəribə gəldi. Kahının üzərinə limon, zeytun yağı gəzdirirsən, bundan gözəl yemək varmı ürək üçün?

Ağdəniz qidalanma tərzi artıq ürək damar sistemin qoruyan ideal bir qidalanmadır. Bunu bütün dünyada sübut ediblər. Bir də gündə 2 litr su içirəm. Yanımda mütləq həmişə təmiz su olur...

Aygün Musayeva


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi