azia.az
azia.az

“Yaltaqlığa nifrət edirəm...” -məşhur hüquqşünas Aslan İsmayılov

22-01-2019, 15:13

“Yaltaqlığa nifrət edirəm...” -məşhur hüquqşünas Aslan İsmayılov
Azia.az xəbər verir ki, Artıq neçənci dəfədir ki, “Antrakt”da deputatlarla görüşürük. Yəqin ki, oxucularımızı tanınmış hüquqşünasların da adi məişət qayğıları ilə necə məşğul olmaları, necə və harada dincəlmələri, ailələri, valideynləri ilə nə cür davranmaları, həyatın çətinliklərini hansı yollarla dəf etmələri və s. maraqlandırır. Bunu nəzərə alaraq rubrikamıza məşhur hüquqşünas Aslan İsmayılovu qonaq etdik...

-Aslan bəy, qədim Qarayazı torpağında - Qardabanidə keçən uşaq çağlarınızda ən çox hansı oyunu sevmisiz?

-Futbolu çox xoşlayırdım. İndi də xoşlayıram. Təəssüf ki, artıq oynamıram... At çapmağın da həm o vaxt, həm də indi həvəskarıyam.

-Amma uşaqlıq həvəsiniz, deyəsən, indi də qalıb? Bir dəfə baş prokuror Zakir Qaralovun qəbuluna oyuncaq maşınlarla getmişdiniz....

-Yox. Bu, başqa məsələ idi. Sadəcə, DİN bəsit bir avtomobil qəzası ilə bağlı cinayəti o qədər qəlizləşdirmişdi ki, məcbur olub qəzaya uğramış maşınların oyuncaqlarını apardım ki, məsələni əyani şəkildə izah edim...

- Allah rəhmət eləsin valideynlərinizə... Deyəsən, atanızı tez itirmisiz? Ananız böyüdüb sizi...

- Bəli, elədi... Mən də anamı hədsiz dərəcədə sevmişəm... Anamın ata və anası savadlı olsalar da o oxumamışdı, ancaq dünyagörüşü çox dərin idi. Həyatımı sanki onun verdiyi təlimatla qurmuşam. Məsələn, Anam deyərdi ki, bala, çalış heç kəsin, xüsusilə, yaşlıların, uşaqların və şikəstlərin xətrinə dəymə, onlara kömək et. Üçüncü sinifdə mənə Sədi Şirazinin “Gülüstan” kitabını alıb gətirdi ki, bala, oxu, mən dincəlim. Sədi Şirazi hara, III sinif şagirdi hara? Amma mən onu həvəslə oxuyurdum ki, anam doğrudan da dincəlir... Sonra Nizaminin “Xəmsə”sinə daxil olan əsərləri aldı... Təxminən VII-VIII siniflərə qədər mən bu qayda ilə anam üçün mütaliə edərdim. Sonradan yaşlaşanda anladım ki, rəhmətlik bunu məni oxumağa həvəsləndirmək üçün edirmiş...

- Söyün Sadıqovla bir məktəbdə oxumusuz. Onunla yoldaşlığınız tuturdumu?

-Əsla. Heç nə uşaqlıqda, nə də indi... Həm də məndən yaşca balaca idi.
-Həyat yoldaşınızı özünüz seçmisiz, yoxsa?..

- Öz seçimimlə olub. Amma anam da məsləhət görüb. Ailəmiz normal bir Azərbaycan türk ailəsidi. Və bu dəqiqə həyatımda razı qaldığım yeganə sahədir...

- Oğlunuz Ziyəddin bu günlərdə Almaniya Parlamentinə təqaüd alıb. Təbrik edirik... Vətənə dönmək fikri var?

- Böyük oğlum da Amerikada təhsil alıb. Hazırda Dubay-Qana-Türkiyə arasında biznes fəaliyyəti ilə məşğuldur. Ziyəddin isə kiçik oğlumdur. Atamın adını daşıyır. O, BDU-nun hüquq fakultəsini bitirdi. Sonra isə Münxendə Avropanın ən nüfuzlu təhsil ocaqlarından sayılan Lüdviq Maksimilian Universitetinin hüquq fakultəsinə daxil oldu. Artıq gələn ilin mart ayından Almaniya Parlamentində 5 aylıq təcrübə keçəcək. Mən oğullarımın heç bir seçiminə qarışmamışam. Amma inanıram ki, onlar gec-tez Vətənə dönəcəklər. Çünki mənim övladlarımdır...

-Rejimlə yaşayırsız, yoxsa necə gəldi?

-Yox, mən rejimə çox ciddi riayət edirəm. Gəncliyimdə lap erkən oyanardım – saat 6-da. İndi isə 8-in yarısında oyanıram. 9-un yarısı idmanda oluram. Üzgüçülüklə məşğulam. 10-da işə gəlirəm. Saat 1-dən 2-dək nahar fasiləsi edirəm. 8-də evə gedirəm. 11-də yatıram...

-“Oazis” İdman və Sağlamlıq Kompleksinə yenə gedirsiz? Bu yaxınlarda oranın mühitindən bərk şikayətlənmiş, özlərini mədəniyyətsiz aparan bəziləri ilə hətta münaqişəyə də girdiyinizi söyləmişdiniz...

-Bəli, gedirəm. Orada özünə bir balaca hörmət edən hər bir adamın o mühitdən xoşu gəlmir...

- Nəhayət, yoldaşlıq etməyə bir abırlı adam tapa bilmisiz?

-Orada kifayət qədər abırlı adam dincəlir. Sadəcə, 7-8 nəfər mədəniyyətsiz
qalanların istirahətini burnundan gətirir... Və bizim bir millət kimi ümumi bəlamız odur ki, etiraz etməyi bacarmırıq...

-Sirr deyilsə, eviniz hansı tərəfdədi; həyətdi, yoxsa bina?

-“Gənclik” və “Nərimanov” metro stansiyaları arasında, bina evidir. Hələ 1989-cu ildə Rusiyadakı evimi dəyişəndə həmin rayona köçmüşəm...

-Bəs bağ eviniz?

-Heç vaxt bağ evim olmayıb. Ancaq 10 ildir ki, Bibiheybətdə həyət evi tikdirirəm. Və bir neçə torpaq sahəm olub. 1997-1998-ci ildə Sulutəpədə 300 dollara aldığım bir neçə torpaq sahəsindən birini səhv etmirəmsə, 2009-cu ildə 50 min dollara satdım...

-Yayda dincəlməyə hara gedirsiz?

-Təxminən 2009-cu ilə qədər köhnə iş yerimə Şimali Qafqaz kurortlarına - Kislovodsk, Yesentuki, Jeleznovodska və s. gedirdim. Sonra Ukraynanın Truskavets rayonuna getdim. 2011-ci ildə isə Çexiyanın Karlovı-Varı .şəhərində dincəldim. Oraya məmnuniyyətlə yenə gedərdim. Amma iki yaydır, xaricə istirahətə getməmişəm...

-Deyəsən, qızınız 50 illik yubileyinizdə “Atam” adlı bir kitab yazmışdı haqqınızda... Yəqin tərifi xoşlayırsız?

-O kitabı qızım məndən xəbərsiz arxiv materialları əsasında yazıb...Desəm ki, tərifi xoşlamıram, səmimi olmaram. Obyektiv tərifə biganə deyiləm. İnanmıram ki, kimsə də səmimi tərifə biganə qalsın. Amma süni “qoltuğa qarpız verməyi” qəbul etmirəm və yaltaqlığa nifrət edirəm. Məsələn, mənə bəzən deyirlər ki, sənin ədliyyə naziri, yaxud baş prokuror olmağını arzu edirik... Bundan çox inciyirəm. Çünki hesab edirəm ki, mənim bu günkü vəziyyətim baş prokurordan da, ali məhkəmənin sədrindən də, ədliyyə nazirindən də qat-qat üstündür. Çünki müstəqil, peşəkar vəkilliklə məşğul olub halal çörəyimi qazanıram... İnsanlar arasında da az-çox hörmətə malikəm. Ən azı, heç vaxt öz əcdadlarıma söydürmürəm...

-Ailənizdə kimin haqlarına daha həssaslıqla yanaşılır?

-Bizdə hamının haqqı qorunur,çünki hamı öz yerini bilir. Amma istəməyə gələndə, yəqin hamıdan çox qızımı istəyirəm(gülür)... Oğlanlarım həmişə deyirlər ki, qızını bizdən çox istəyirsən... Məncə, ataların çoxu belədi, bir analarını, bir də qızlarını hamıdan çox istəyirlər...

-Bizim qadınların çoxu müsəlmançılıqda qadınların hüquqlarının tapdanmağından şikayətlənir. Siz necə düşünürsüz?

-Mən, məsələn, ağlıma gətirə bilmirəm ki, həyat yoldaşını ya söymək, ya da vurmaq olar... Hesab edirəm ki, bunu edənin kişilikdən xəbəri yoxdur. Və əgər bu həddə gəlibdisə, boşanmaq lazımdır... Eyni zamanda zənnimcə, ailədə yükün çoxu kişinin boynuna düşməlidir. Ailəni kişi təmin etməlidir...

Qızımın kitabında bir neçə məqam daha xoşuma gəlir. Məsələn, yazır ki, bütün ataların öz analarını sevdiyini bilirəm, amma atam qədər anasını çox sevən kişi tanımıram... Ona görə ki, nənəmin rəhmətə getməsindən 13 il keçməsinə baxmayaraq o gün olmaz ki, atam onun haqqında sanki sağ adam kimi danışmasın...
Və kitabın sonundakı bir cümlə yazır: ”Atamın bu uğurlarında anamın xüsusi rolu var...”

-Allah Quranda hər biri ilə bütün mənalarda bərabər səviyyədə, ədalətlə münasibət quracağı halda kişiyə dörd arvad almağa icazə verildiyini buyurur. Belə imkanınız olsa, bir dəfə də evlənərsizmi?

-Yox. Elə şeylər var ki, onu iki dəfə etmək olmaz, bölüşmək olmaz. Ailə münasibətini necə bölüşmək olar? Mənim üçün insanın ən böyük uğuru, sağlamlığı - hər şeyi ailəsi ilə bağlıdır. Inanmıram ki, ailəsində problemi olan şəxs xoşbəxt olsun. Amma yüzə-yüz inanıram ki, ailəsində xoş münasibət olan şəxs həyatdan heç vaxt bezə blməz, ruhdan düşməz. Ona görə də həmişə balalarıma ailə xoşbəxtliyi arzulayıram...Mən çox çətin həyat yaşamışam. Cavan yaşımda atam rəhmətə gedib, rəhmətlik anam bizi çətinliklə böyüdüb. 16 yaşımda gedib Rusiyada fəhlə işləmişəm. Amma həyatımı yenidən yaşasam, heç nəyi dəyişməzdim. Yalnız anamın ölümünü istəməzdim...

-Bildiyimə görə, teatrı da xoşlayırsız. Sonuncu dəfə hansı tamaşaya baxmısız?

-Hardasa 5-6 aydır ki, teatra gedə blmirəm. Əvvəllər “İbrus” teatrı fəaliyyət göstərəndə ora və Milli Dram teatra tez-tez gedərdim. Sonuncu dəfə Aktyorlar Evində Fuad Poladovun baş rolda olduğu “Afinalı Timon” tamaşasına baxmışam. Çox gözəl, əsl bizim Azərbaycan üçün çox vacib tamaşadır. Yaltaqlığın cəmiyyəti necə məhv etdiyi, tərifə uyan şahların necə bədbəxtliyə düçar olması təsvir edilir. Məsləhət görərdim ki, bu tamaşaya uşaqdan böyüyə hər bir azərbaycanlı baxsın...

-Bir müsahibənizdə vəkil kimi aylıq qazancınızın deputat maaşından çox olduğunu söyləmişdiniz. Bilmək olar, ayda təxminən nə qədər gəlir götürürsüz?

- Ən azı deputatın qazancından artıq...

-1999-2002-ci illərdə sizin “Bakı Printinq Press” adlı bir mətbəəniz vardı. Qəzetlərini çap etdiyiniz bir sıra qəzet redaktorları sizə o vaxtdan borclu qalmışdı. Borcunu qaytaran olmayıb ki?

-İndi xeyli keçib, danışmaq olar... 1999-2002-ci illərdə müxalifət mətbuatı demək olar ki, yalnız həmin mətbəənin hesabına yaşadı. Ona görə ki, o dövrdə bizdə qiymətlər çox aşağı idi. Və kifayət qədər nisyə tirajlar da çap edirdik. Rəhmətlik Elmar Hüseynovla birgə qurmuşduq. İnanırsız, həmin mətbəədən canımı 35 min dollar ziyanla qurtardım. Yeganə qazancım o oldu ki, “Monitor”, “Bakinskiye vedomosti”, “Bakinskiy bulvar” kimi maarifləndirici nəşrləri biz çap etdik... 2002-ci ildə nəşriyyatı dağıtdılar, Elmarı, texniki işlərə rəhbərlik edən dayım oğlunu tutdular. Mənim evim də, ofisim də bankda girovda olduğundan onları itirmək təhlükəsində qaldım. Sadəcə, bir əcnəbi dostum 50 min dollar borcumu ödədi... Amma mətbəəyə borclu qalanlar heç biri borcunu qaytarmadı. Ən acınacaqlısı da odur ki, həmin illər, kimi desəz, “Mətbuatın dostu” elan etdilər, məni heç olmasa, üçüncü adam da elan etmədilər... Əslində hansısa ad almağın iddiasında deyiləm, amma o dönəmlər yadıma gələndə içimdə bir küskünlük yaşanır ki, cəmiyyətimiz insana onun sağlığında çox ədalətsizdir...

-Borclu olanlardan yəqin indi də sizinlə rastlaşanlar olur, heç qızarırlar?

-Yox, yox... Hətta borclu redaktorlardan biri bir neçə il keçəndən sonra məndən təzədən 500 dollar borc aldı, onu da qaytarmadı(gülür)... Düzü, bilsəm ki, həmin redaktorlar o vaxt qəzetlərinin satışından nəsə qazanıblar, onların boğazını üzərdim... Amma bilirəm ki, onlar da ictimai maraqlara görə hamısı müflis oldular...

-Ən yaxın dostunuz kimdi?

-Azərbaycanda, yoxsa, ümumiyyətlə?

- Ümumiyyətlə...

- 19 yaşımdan bu günə qədər dostluq etdiklərim Bislan Tleyxuray - Rusiyanın Adıgey Respublikasının Ali Məhkəməsinin üzvü və hazırda Krasnodar diyarında dairə məhkəməsinin sədri işləyən Nikolay Dvornikov... Azərbaycanda isə... Adlarını çəkib problem yaratmaq istəmirəm... Amma birinin adını çəkərəm. Onun itirəcək bir şeyi yoxdu... Talış balası Fazil Quliyev... Onunla Stavropoldan bəri dostluq edirəm... O da orqanlarda çox şərəflə, halallıqla işləyib. Çox etibarlı dostdur. Hazırda təqaüddədir...

-Aslan bəy, Allah həmişə canınızı sağ eləsin... 2011-ci ildə məşhur Zülfüqarlı qardaşlarının məhkəmə işini apardığınız zaman yüksək qan təzyiqi və ürək ağrıları ilə Mərkəzi Klinikaya yerləşdirilmişdiniz. İndi necədir səhhətiniz?

-Şükür Allaha, çalışıram idmanla özümü saxlayam. Amma hər şey Yaradandan asılıdır... Yenə qızımın kitabından sitat gətirəcəm. Yazır ki, atamın qarşısına çıxan bu qədər təhlükələrdən danışdım. Oxucu soruşa bilər ki, atanız bu təhlükələrdən necə sovuşub. Bunun da yalnız bir izahı var: atamı Allah qoruyub...

-Hər bir adam kimi yəqin sizin də həyatdan bezdiyiniz bir məqam olur. Belə hallarda nə ilə təsəlli tapırsız?

-Ailəmlə. Ancaq... Tam səmimi deyirəm. İnanmıram ki, bu cür ailəm olmasaydı, mən yaşaya bilərdim. Bir də körpə uşaqları çox sevirəm. Bu gün bir dostumun 1 yaşlı oğlu məni istənilən stressdən çıxarır. Bilirsiz, adam bəzən necə bezir? Özünə qarşı haqsızlıq görəndə, ədalətsizlik görəndə... Keçdiyim həyat yoluna baxanda düşünürəm ki, mən Azərbaycanın ən varlı adamlarından biri ola bilərdim... Amma mənəvi dəyərləri itirməmək üçün çox şanslardan imtina etmişəm... Baxırsan ki, buna qiymət verən yoxdu. Sanki çoxları səni izləyib addımlarında hansısa bir pis əməl axtarır... Amma mən bütün bunlara baxmadan həmişə nəyi düşünmüşəm, onu da demişəm...

-Məsələn, hansı şansdan imtina etmisiz ki, onun hesabına böyük var-dövlət sahibi ola bilərdiniz?

-Vallah, o mövzuya qayıtmaq istəmirəm... Məni tanıyanlar yaxşı bilir... Amma onu deyə bilərəm ki, bu ölkədə məni vəziyyətdə olan az adam Prezidentlə görüşüb... Amma İlham Əliyevin şəxsən mənə qarşı münasibəti həmişə çox müsbət olsa da, o münasibətdən heç vaxt şəxsi mənafe üçün yararlanmamışam....

-Aslan bəy, bu dünyada bacardığınız qədər həm özünüzün, həm də başqalarının haqqını qorumusuz. Neçə-neçə məhkəmələrdə ya ittihamçı, ya da vəkil kimi iştirak etmisiz... Birinə cəza kəsib o birini cəzadan qurtarmısız. Bəs Axirət günü - ən böyük Hakim olan Allah qarşısında müdafiə imkanlarının çox məhdud olduğu bir məhkəmədə ağır cəza maddələrindən qurtula biləcəksinizmi?

-Buna əsla şübhəm yoxdur. İnanmıram ki, yer üzündə o dünyaya mənim qədər rahat hazırlıqlı adam ola... Ona görə ki, Allaha sevgim və inamım hədsizdir. Mən Allahdan başqaları kimi qorxmamışam. Həmişə bilmişəm ki, o, ədalətlidir. Nə edibsən, onun cavabını alacaqsan... Mənim isə həyatda hansısa pis əmələ görə peşimançılığım yoxdur. Və övladlarıma da arzulayardım ki, heç vaxt kiməsə pislik etməsinlər. Mən hər axşam yuxuya keçməmişdən özümə hesabat verirəm... Bu gün, keçmişdə gördüyüm işləri düşünürəm. Məhkəmə sədri də, hakim də işləmişəm... Amma apardığım heç bir işə görə peşimançılıq çəkmirəm... Əksinə, kimlərinsə təmənnasız əlindən tutduğuma görə sevinirəm. İnsanı da yaşadan belə şeylərdir... Anama qurban olum, sanki o, varlığı ilə mənə Allaha məhəbbət aşılayıb... Rəhmətlik deyərdi ki, bala, heç vaxt böyük pul dalınca qaçma, böyük pul böyük problemlərdir. Mən də həmişə buna əməl etmişəm. Halal nə qazanmışamsa, ona qane olmuşam, heç kəsin malına əyri gözlə baxmamışam, heç kəsə badalaq atmamışam. Bir də çox şadam ki, millətimizin ən böyük bəlalarından olan paxıllıq xəstəliyinə düçar olmamışam. Əksinə həmişə başqalarının uğuruna sevinmişəm. Allahımın sevimli bəndələrindən olmuşam ki, məni nəfsi tox yaradıb. Çoxları kimi nəfsin quluna çevrilməmişəm, nəfsimə qalib gəlməyi bacarmışam. Xüsusilə sadaladığım son iki xasiyyəti həmişə balalarıma aşılamağa çalışmışam. Ona görə axşam gəlirəm evə, kəlləmi atıb rahat yatıram. Çünki qorxacağım, vicdan əzabı çəkəcəyim əməlim yoxdur.
Aybəniz Abdulova


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi