azia.az
azia.az

Elşad Miri seyidləri “iblis” adlandırdı: Bu cinayətdir…

4-03-2022, 09:03


Kitabına yasaq qoyulan dinşünas: “Mən ərəb dilində bilmirəm? Ərəbistanda olmuşam, başqalarına tərcüməçilik etmişəm…”
Elşad Miri seyidləri “iblis” adlandırdı: Bu cinayətdir…
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov dinşünas Elşad Mirini seyidləri iblisə bənzətməsinə görə və ümumiyyətlə, onun ərəb dilini bilmədən Qurani-Kərimi tərcümə etməkdə günahlandırıb. Komitə rəsmisi öz sosial media hesabı vasitəsilə bunları yazıb: “Bir çoxlarınız bilirsiniz ki, Dövlət Komitəsi dinşünas Elşad Mirinin ”İslamda yoxdur” kitabının idxalına icazə verməyib. Səbəb isə kitabda Elşad Mirinin seyidləri iblislə müqayisə etməsi olub. Mən qanun və vicdanım qarşısında rahatam. Çünki əminəm ki, seyidi və ya başqa bir insanı iblislə müqayisə etmək həm qanun, həm də etik baxımdan qəbuledilməzdir. Onsuz da, bu mövqeyi ölkə məhkəmələri də haqlı sayıb. Əgər Avropa Məhkəməsi desə ki, Elşad Miri düz edib seyidləri iblislə müqayisə edib, artıq buna deyəcək bir sözüm yoxdur. Uzaqbaşı Hüseyn Cavidin “İblis”ini tərcümə etdirib onlara göndərə bilərəm.
Elşad Mirinin iddialarına ciddi, amma etiraf edim ki, onun səmimi olmadığı vaxtlarda bəzən yarızarafat, hətta ironiya və sarkazmla cavab vermişəm. Fikirləşmişəm ki, Elşad Miridir, eybi yox. Cəmiyyətdə Elşad Miri kimisinin də olması lazımdır. Amma dünənki debatdan sonra çox təəccübləndim. Deyirdilər ki, Elşad Miri ərəb dilini bilmir, inanmırdım. Fikirləşirdim ki, onu sevməyənlər bunu deyə bilər. Necə ola bilər ki, ərəbcəni yaxşi bilmədən Elşad Miri Qurani-Kərimi tərcümə edir, hətta Vasim Məmmədəliyevin tərcüməsində səhv tutur? Amma yanılmışam. Elşad Miri özü etiraf etdi ki, ərəbcə danışa bilmir və bunu heç vaxt gizlətməyib. Təsəvvür edin ki, ingilis dilini normal bilmədən Şekspiri tərcümə edirsiniz. Dəhşətdir! Çox vaxt qınayırıq ki, bəzi mollalar ərəbcəni bilmir, Quranı necə gəldi oxuyurlar. Ərəbcə yaxşı danışa bilməyən, amma Quranı tərcümə edən dinşünas görəndən sonra mollaya nə deyəsən ki?! Mən demirəm ki, dinşünaslar ərəbcə bülbül kimi cəh-cəh vurmalıdır, yox. Deyirəm ki, məhz Qurani tərcümə edən dinşünaslar həm ərəb dilini, həm də dini mükəmməl bilməlidir. Nə isə, Allah sizə rəhmət eləsin Vasim müəllim, nə yaxşı ki, Quranı vaxtında tərcümə etmisiniz!”
Məlumat üçün deyək ki, bir gün öncə Gündüz İsmayılovla Elşad Miri arasında onlayn mediada debat olub. G.İsmayılov onun kitabının hansı səbəbdən qəbul edilməməsini faktlarla sübut etməyə çalışıb. E.Miri isə həmin arqumentləri qəbul etməyib.
Ümumiyyətlə isə son illərdə Elşad Miri dini dəyərlərin əleyhinə çıxan şəxs kimi yadda qalıb. Bəziləri hətta iddia edir ki, o, Qərbin diktəsi ilə Azərbaycanın dini, milli dəyərlərinə qarşı çıxır.
NOCOMMENT.az xəbər verir ki, bu və digər məsələlərlə bağlı musavat.com Elşad Mirinin mövqeyini almağa çalışıb:
“Gündüz bəylə debat oldu, mədəni bir debat olduğuna inanıram. Debat olandan sonra bu məsələni gündəmə gətirmək tam istədiyini əldə etməyib deməkdir. Bəzi məsələlərin üstünü örtüb. Ərəb dilində danışmağa gəlincə, o da İlahiyyat İnstitutunda oxuyub, mən də. O, bakalavr oxuyub. Amma mən həm bakalavrda, həm magistr pilləsində ərəb dili üzrə oxumuşam. Hazırda İstanbul Universitetində doktoranturada da oxuyuram. Mən ərəb dilində bilmirəm? Övladım Amerikada təhsil alır. Özüm də Ərəbistanda olmuşam, başqalarına tərcüməçilik etmişəm. Sadəcə olaraq, Gündüz bəy mövzunu başqa tərəfə çəkmək istəyir. Çünki kitab qadağası olan ölkə imici formalaşacaq. Məsələ artıq Avropa Məhkəməsinə çıxacaq. Bu da Gündüz bəyin yanlışından dönməməyinin nəticəsidir”.
“Zaman-zaman mediada sizin dinlə bağlı verdiyiniz açıqlamalardan dolayı Qərbdən maliyyələşən qüvvələrə çalışdığınız bildirilir” sualına isə E.Miri cavab vermək istəmədiyini deyib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin keçmiş sədr müavini Elçin Əsgərov da “Yeni Müsavat”a mözvu ilə bağlı fikirlərini bildirib: “Gündüz müəllimin burada dediyi sözlərlə razıyam. İstənilən insanı, onun yalnız etnik, irqi, dini mənsubiyyətinə görə aşağılamaq və təhqir etmək irqçilikdir və beynəlxalq qanunlara görə cinayətdir. Seyidlər də peyğəmbər soyundan gələn insanlardır. Əvvəla, dini baxımdan seyidləri təhqir etmək peyğəmbəri təhqir etmək kimi qiymətləndirilir. Hətta dini baxışla olmasa belə, dinə və peyğəmbərə inanmasanız belə, seyidləri yalnız seyid olduğuna görə, yəni soyuna görə təhqir etmək, dediyim kimi, irqçilikdir. Mən Elşad Mirinin o kitabını tam oxumamışam və əgər Gündüz müəllim dediyi məqam varsa, elə tək o hal kifayətdir ki, kitab qadağan olunsun.
Amma o kitab haqda başqa ekspertlərin rəyini oxumuşam və bildiyim qədərilə kitabda dini ədavət salan kifayət qədər digər məqamlar da var. Quranı tərcüməyə gəldikdə isə əlbəttə, ərəb dilinin bütün incəliklərini bilmədən Quranı tərcümə etmək iddiasına düşmək, ən azı şoudur. O ki qaldı Quran haqda sırf Elşad Mirinin iddialarına, bildiyim qədərilə o iddiaları, tərcümə ilə bağlı mövqeyi özünün deyil, Türkiyədə olan və heç türk cəmiyyəti tərəfindən də qəbul edilməyən müəyyən dini qrupun iddialarıdır ki, Elşad bəy onları, sadəcə, təkrar edir və öz fikri kimi cəmiyyətə təqdim etməyə çalışır”.
Qeyd edək ki, Gündüz İsmayılov bildirib ki, kitabdan seyidlərin iblislərə bənzədilməsi hissəsi çıxarılarsa, kitabın yayımına icazə verilə bilər. Amma Elşad Miri bunu qəbul etməyib.
Bakupost


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi