Məmurların pullarını alıb həbsdən buraxacaqlar?
Məmurların pullarını alıb həbsdən buraxacaqlar? - Qulamhüseyn Əlibəyli CANLI-da
Sabah - martın 17-də hakim partiya YAP da daxil olmaqla, ölkənin iqtidarlı-müxalifətli siyasi təşkilatlarının sədrləri Qarabağa gedəcəklər. Partiya sədrlərinin işğaldan azad edilmiş ərazilərə səfəri Ermənistanda siyasi təlatümlər və iqtidar-müxalifət qarşıdurmasının yaşandığı döcrə təsadüf edir. Azərbaycanda siyasi partiyaların bu cür birlik nümayişinin əhəmiyyəti böyükdür. Onlar 44 günlük müharibədə də həmrəy oldular.
Eyni zamanda hakimiyyətin müxalifətlə dialoqu, təmasları siyasi partiyaların cəmiyyətdə rolunun artırılmasına hesablanıb. Bəs bu səfərdə hakimiyyətin siyasətini kəskin tənqid edən AXCP və Müsavat da iştirak edəcəkmi? Bu sual sosial şəbəkələrdə geniş müzakirə olunur. Çünki martın 13-də media və QHT rəhbərlərinin Ağdama səfərində heyətdə hakimiyyətin qatı tənqidçiləri olan jurnalistlər də yer almışdılar və hökumət ayrı-seçkilik qoymamışdı.
Qarabağ gündəmində müşahidə olunan maraqlı situasiya ondan ibarətdir ki, Azərbaycan rəhbərliyi regionun inkişafı və Ermənistanın iqtisadi rəzil durumdan qurtarmaq üçün etdiyi cəhdlər və çağırışlara hələ ki, adekvat, daha doğrusu ağıllı reaksiya yoxdur. Əksinə, erməni rəsmilər ara-sıra reallıq hislərini tam itirərək “müharibə hazırlığı” kimi sərsəm bəyanatlar verirlər. Bu nə qədər davam edəcək?
Yeri gəlmişkən, “Le- Monde”nin məqaləsinə reaksiyalar... Fransanın “Le Monde” qəzetində “Azərbaycanda Rusiya ordusunun Qarabağdakı rolunu müzakirə edirlər” başlıqlı məqalə dərc olunub.
Məqalədə 2020-ci ilin payızında Azərbaycanla Ermənistan arasında 44 davam edən müharibədən, Azərbaycanın bu savaşdan qalib çıxmasından, həmin il noyabrın 10-da Azərbaycan prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya prezidenti Vladimir Putinin birgə bəyanat imzalamasından, bundan sonra hərbi əməliyyatların dayandırılmasından, bəyanata uyğun olaraq Dağlıq Qarabağda ən azı 5 illiyə Rusiyanın sülhməramlı kontingentinin yerləşdirilməsindən bəhs olunur. Bildirilir ki, Ermənistanla müharibədən qalib çıxan Azərbaycan dövlət müstəqilliyini bərpa edəndən 30 il sonra Rusiya qoşunlarının qayıtması ilə barışmağa məcbur olub:
“Bəs 5 il sonra Rusiya Dağlıq Qarabağı Azərbaycana qaytaracaqmı? Azərbaycan cəmiyyətində bununla bağlı mübahisəli fikirlər dolaşır. Bakıda Moskvanın əsl niyyəti haqda şayiələr aşıb-daşır.
Doğrudanmı Rusiya sülhməramlıları bu mübahisəli ərazidə ikinci müharibəyə son qoyan 10 noyabr bəyanatına uyğun olaraq 5 il sonra Dağlıq Qarabağın açarını Azərbaycana verəcək? Buna yalnız rəsmi mövqeyi təkrarlamağa ehtiyac duyanlar inanırlar.
Rusiya 30 ildə arzuladığına nail oldu, yəni öz əsgərlərini yenidən torpağımızda yerləşdirdi, Azərbaycanın adının çəkilməsini istəməyən bir rəsmisi belə hesab edir.
Biz üçtərəfli razılaşmanın tam icra olunmasını və suverenliyimizin bütün ərazilərimizdə bərqərar edilməsini istəyirik. Rusiya isə daha çox vəziyyəti indiki kimi dondurub saxlamaqda və bölgədə öz mövcudluğunu davam etdirməkdə maraqlıdır”.
Bununla belə, Azərbaycan rəsmisi etiraf edir ki, Rusiyanın iştirakı bölgədə gərginliyin azalmasına və sabitliyin əldə olunmasına yardım edib. Azərbaycanda bu mövzuda həqiqətən də narahatlıq həqiqətən də var.
Ölkə siyasi kluarlarında, mətbuatın gündəmində olan digər bir məsələ maliyyə amnistiyası və korrupsionerlərin azadlığa buraxılması barədə çağırışlardır.
Maliyyə amnistiyası və məmurların həbsxanaya salınmaları deyil, pullarının əlindən alınması təklif edilir. Son olaraq deputat Vahid Əhmədov da bu mövzuda danışıb. “Əslində, mən belə şəxslərin içəri qoyulmasının tərəfdarı deyiləm. Onların korrupsiya yolu ilə əldə etdikləri özündə qalır və özü də bir neçə ildən sonra həbsdən çıxır və beləcə topladıqlarını əlində saxlamaqda davam edir. Məncə, korrupsionerlərin əlində və xaricdə olan vəsaitini əldə etmək lazımdır.
Mən məsələ qaldırdım, dedim ki, gəlin maliyyə amnistiyası haqqında düşünək, buna gedək. Yəni maliyyə amnistiyası haqqında qanun qəbul edilsin. Bu insanlar da qorxmasınlar, oğurluq və ya doğurluqla əldə etdikləri vəsaiti gətirib Azərbaycana qoysunlar.
Yəni qorxmasınlar. Çünki Azərbaycan qətiyyətli müharibə apararaq işğal olunan ərazilərini azad edib. İndi bu ərazilərin bərpası üçün bizə kifayət qədər maliyyə lazımdır. Hər oliqarxa bir rayonu tapşırmaq olar.
O mənadakı vəsaitini gətirib rayonda tikinti, infrastruktur işləri aparsın, kommunikasiya xətlərini həyata keçirsin. Bu baxımdan maliyyə amnistiyasının verilməsinin tərəfdarıyam”.
Dövlət korrupsiyaçıları həbslə cəzalandırmaq yox, onların pulunu geri qaytarmaq qərarı hüquq baxımdamn nə qədər ədalətli ola bilər? Maliyyə amnistiya verilərsə, xaricdə gizlədilmiş pullar üzə çıxarmır?
Cəmiyyətin və medianın müzakirə ediyi digər bir məsələ ehtiyatda olan general-leytenant Rövşən Əkbərovun həbs edilməsidir. R.Əkbərov Ukrayna Respublikasının sorğusu əsasında həbs edilib.
Belə ki, R.Əkbərov Ukraynada qəsdən adam öldürmə cinayətində təqsirləndirilib. Nəsimi rayon Məhkəməsində hakim Azər Tağıyevin icraatında Rövşən Əkbərov barəsində istintaq orqanının təqdimatına baxılıb və barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Belə iddialar səslənir ki, generallar hərbi çevriliş etmək istəyə bilərdilər. Ssenari belə ola bilərdi: müharibədə ardıcıl hərbi məğlubiyyət yaradılır, canlı itkilər durmadan artır, yeni ərazilər düşmənə təhvil verilir, xalq hakimiyyətə qəzəblənir, ölkədə ictimai-siyasi sabitlik pozulur, cəmiyyət panikaya düşür. Bəlkə də, buna görə tanıdığımız və tanımadığımız generallar, digər yüksək rütbəli zabitlər müharibə zamanı prosesdən kənar saxlandılar. Yoxsa indi Azərbaycan tamam başqa idi.
Bu ssenarini bir neçə dəfə yaşamışıq 90-larda. Necə ki hazırda Ermənistanda məğlubiyyətdən sonra yaşananalara şahidlik edirik,
Musavat TV-nin canlı yayımlanan “Həftə içi” proqramında aparıcı Emil Salamoğlu sabah Qarabağa gedəcək siyasətçilərdən biri olan Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli ilə aktual məsələləri müzakirə edir.
Verilişi aşağıdakı linklər vasitəsilə izləyə bilərsiniz:
Facebook səhifəsinin ünvanı:
https://www.facebook.com/NewMusavat/