Qardaş ölkə virusdan necə qurtulur? - Türkiyədə yaşayan azərbaycanlı politoloq danışır
Koronavirus pandemiyasından ən çox zərər görən ölkələrdən biri də Türkiyədir.
Qardaş dövlətdə son durumu dəyərləndirmək üçün orada yaşayan azərbaycanlı politoloq Toğrul İsmayılla söhbət etdik.
- Toğrul bəy, koronavirusla əlaqədar Türkiyədə son durum necədir?
- Durum stabildir. Vəziyyət tam nəzarət altındadır. Bu açıq şəkildə görünür. Çünki sağalananların sayı xəstələrdən çoxdur. Mütəxəssislər epidemiyanın pik həddə çatdığını deyirlər. Bilirsiniz ki, burada Elmi Şura var. Ora məruzə edilir və Səhiyyə Nazirliyi də açıqlamaları o yöndə verir. Onların ifadəsinə görə artıq sağalma pik həddə çatıb. Türkiyə əvvəlcədən önəmli qərarlar aldı. Sərhədləri tez bağladı. Digər məsələlərdə də doğru qərarlar zamanında alındı. Türkiyə aktiv ölkədir. Ölkəyə gedib-gələnlərin, hərəkət edən insanların sayı kifayət qədər çoxdur. Xüsusilə, Ümrə ziyarəti və Avropadan gələnlər arasından xəstəliyin gəlməsi ehtimalları yüksək idi. Qismən də xəstəlik kənardan gəldi. Amma bu gün vəziyyətin nəzarət altında olduğunu deyə bilərik. Vətəndaşlar da daha məsuliyyətlidir. Bu, o qədər də asan olmadı. Amma çox ehtimal ki, televiziyalar və mətbuatda edilən çağırışlar, dövlət adamlarının tez-tez “evdə oturun”, “çıxmayın” çağırışları öz işini gördü, yəni insanlar daha məsuliyyətli olmağa başladılar.
- Virusun daha çox yayıldığı ölkələr sırasında Türkiyə ilk onluqda qərarlaşdı. Hətta 7-6-cı sıralara belə endi. Bu da bəzi suallar yaratdı...
- Burada əsas səbəblərdən biri əhalinin sayının çox olmasıdır. Aktivliyin burada yüksək formada olmasını da qeyd etmək olar. Qonşu ölkələrdən İranda virus hər kəsə bəllidir ki, çox yayıldı. Türkiyə sosial cəhətdən də çox aktivdir. Ailələr genişdir, çoxdur. Türkiyənin səhiyyə naziri etiraf edirdi ki, Çin ortalama bir nəfərə iki yarım nəfər xəstələndirir. Amma Türkiyədəki araşdırmalarda bir nəfərin 26-30 nəfəri xəstələndirdiyini görürük. Bilirsiniz ki, Türkiyədə ziyarətlər olanda qohum-əqrəba tökülüşüb gəlib. Burada ziyarət edənlər də kifayət qədər çoxdur. Bu da virusun aktivliyinə heç şübhəsiz ki, səbəb olan amillərdən biri idi. Amma diqqət edin, xəstələrin sayının çox olmasına baxmayaraq, ölüm sayı azdır. Əsas məsələ ölənlərin qarşısını almaqdır.
Bu virusun özəlliklərindən biri də çox sürətli yayılmasındadır. Əsas təhlükə də bundan irəli gəlir. Yoxsa ölümcüllüyü o qədər də sürətli deyil, amma təhlükəsi dediyim kimi çoxdur. Burada xəstəlik çox olsa da, vəziyyət nəzarət altından buraxılmadı. Ölümləri müqayisə etmək lazımdır. Onu da deyim ki, pandemiya bəzi ölkələrdə yeni-yeni başlayır. Məsələn, Rusiyada artım müşahidə olunur.
- Türkiyənin hazırda daxili iqtisadiyyatında vəziyyət necədir?
- Virus bütün ölkələrin iqtisadiyyatına ciddi zərbə vurub. Ümumiyyətlə, pandemiya Türkiyəni iqtisadiyyatının zəif olduğu bir dönəmdə “vurdu”. Hökumət əlindən gələni edir. Çalışır ki, iqtisadiyyat zərər görməsin. Amma dediyim kimi, bu bütün dünyanı “vuran” bir məsələdir. Fransadan açıqlama gəldi ki, dünya iqtisadiyyatı çox ciddi daralmaya gedəcək. Bu, elə bir güclü təhlükədir ki, bütün dünya gücləri onunla üzbəüz qalıblar.
- Türkiyə müxalifəti bu məsələlərdə necə davrandı?
- Bu pandemiyadır. Burada qarşıdurma olmaz. Bir sıra ölkələrdə iqtidarlar bayıra çıxmağı qadağan edirdilərsə, Türkiyədə bunu daha çox müxalifət gündəmə gətirirdi. Burada bir birlik var. Amma istənilən halda siyasi mübarizə davam edir. Bu günlərdə qarşılıqlı ittihamlar yenə də səslənməkdədir. Pandemiya ilə mübarizədə iqtidar-müxalifət məsələsi yoxdur. Siyasət öz işinə davam edir. Müxalifətin işi tənqid etməkdir. Bunu hər zaman edəcək.
- Koronavirusla bağlı iddialardan biri Amerika ilə soyuq münasibətləri olan Çin, İran, Rusiya və Türkiyə kimi güclü dövlətlərdə daha çox epidemiyanın yayılması yönündə idi. Bu barədə siz nə deyə bilərsiniz?
- Bu tipli virus daha çox belə ölkələrdə tüğyan edir. Dəyişik yemək növlərindən daha çox istifadə edən dövlətlərdə virus meydana çıxır və onlarla əlaqədə olan digər ölkələrə keçir. Çin, Afrika və başqa ölkələri misal çəkə bilərik. İndi də Çində başladı, sonradan Koreya, Sinqapur, Tailand, Yaponiya kimi ölkələrdə yayılmağa başladı. Yayılma davam edir. İlk başda bəzi Avropa ölkələri bunu ciddiyə almadı. İtaliya, İranın özü gözlənilən təhlükəyə laqeyd yanaşdı. Almaniya isə, ciddiyə aldı. Ona görə də, belə ölkələrdə virus fərqli şəkildə nəticələr verdi. Türkiyədə aparılan araşdırmalardan sonra belə nəticəyə gəlinib ki, virusun 30 fərqli növü var. Doğrudur, bizim insanlar bu tipli məsələlərdə nələrsə axtarmağı sevirlər, bu niyə belə oldu, nədən oldu və s. Biri əgər bir şeyi belə ortaya atırsa, demək, bunun səbəbi olmalıdır. Görünən odur ki, buradan kimsə xeyir görmür, bütün ölkələr zərərdədir. Bizi böyük iqtisadi böhran gözləyir. Neftin qiyməti kəskin şəkildə düşüb. Neft ixrac edən ölkələri ciddi təhlükələr gözləyir. ABŞ da belə şirkətlər iflas durumdadırlar. Haradasa nefti su qiymətinə satırlar. Ticarət, turizm demək olar dayanıb. Təyyarə səfərləri dayandırılıb. Təhsil sistemi qapanıb. Rəsmən dünyada normal hərəkət edən sistemlər dayanıb. Əsas olan məsələ ölkələrin səhiyyə sistemlərinin sıradan çıxmış durumda olmalasıdır. Bu, bəzi ölkələrdə zəif görünə bilər. Amma unutmayaq ki, bu həmin ölkələrdə bu sistemin inkişaf etməməsinin göstəricisidir. Türkiyə məlumatları dəqiq verdiyi üçün rəqəmlər yüksəkdir. Türkmənistan pandemiya ilə bağlı məlumatları yasaq edib. Belarusda zatən bilirsiniz ki, prezident Lukaşenko belə bir şeyin olduğuna inanmır. Bu ölkədə hətta dünyada dayandırıldığı halda futbol çempionatı belə davam edir. Suriya, İraq kimi, eləcə də, bəzi Avropa ölkələrində səhiyyə sistemi normaldır ki, bir doğru-dürüst məlumat da versinlər. Nə qədər test edilir. Burada vacib olan xəstəliyi ortaya çıxaran testlərdir. Amma Türkiyə kimi ölkədə 80 milyon insanı eyni anda test etmək olmaz. Bunlar çox ciddi problemlərdir. Arxasında hələ maddi problemlər durur. Hansı dövlət daha çox test sayı aparırsa, orada xəstələrin sayı daha çox üzə çıxır. Virusun bir sıra ölkələrdə daha çox görünməsinin səbəbi bu dövlətlərdə xəstəliyi obyektiv şəkildə təsbit edib ortaya qoyma sisteminin olmasıdır. Yoxsa hər yerdə bu xəstəlik yayılıb.
- Epidemiya daha sürətlə yayılandan sonra Suriyada gedən proseslər sanki səngiyib. Son ay yarımda bu daha çox müşahidə olunur. Sizə də elə gəlmirmi?
- Diqqət koronavirusa yönəldiyi üçün proseslərin səngidiyini demək doğru olmazdı. PKK orada işini görür. Afrində hücum oldu. Nəticədə ölən və yaralananlar oldu. PKK-PYD orada fəaliyyətini davam etdirir. Terror virusdan daha təhlükəli şeydir. Koronavirus dünyada daha önəmli və birinci dərəcəyə çıxdığı üçün bu tipli məsələlər arxa plana keçib. Sadəcə Suriyada deyil, dünyanın hər yerində proseslər davam edir. Bəzi səngimələr var ki, bu da normaldır. Fransada ən önəmli gəmilərdən birində xəstəlik çıxdı. Məcburən geri çəkildilər. Hərbiçilərin sağlıqları çox vacib məsələdir. Məsələn, PKK virusa yaxalanmış üzvlərini qəsdən Təhlükəsizlik Xidmətinə təqdim edirdi ki, virus türk əsgərinə, güvənlik işçilərinə yayılsın. Amma məsələyə Türkiyə daha tədbirli yanaşdı. Bunları deməkdə məqsədim odur ki, terrorçuların fəaliyyəti dayanmayıb.
- Virusdan sonrakı dünyanı necə görürsünüz?
- Öncəliklə bu virusu geridə buraxmamız lazımdır. Bu da asan məsələ deyil. Çünki mütləq peyvənd tapılmalıdır. Əks halda hər kəs bu xəstəliyə tutula bilər. Bunun da 2-3 il davam etmə ehtimalı var. Dünya tarixinə baxdığımız zaman bu tipli xəstəliklərin ömrünün 2-3 il olduğunu görərik. Birdən-birə dünya düzənində dəyişikliklərin olması gözlənilən deyil. Bunlar hamısı gələcəyin məsələləridir. Dünya ölkələrin nəyə diqqət edəcəklərini görəcəyik. Mətbuatda, sosial şəbəkələrdə belə suallara rast gəlirik ki, niyə əvvəllər belə təhlükələr meydana çıxanda dövlətlər sərhədlərini bağlamırdılar? Bunun cavabı çox bəsitdir. İndi XXI əsrdir, dünyada bir hərəkətlilik var. Dünya kiçilib, insanlar bir yerdən başqa yerə çox sürətlə hərəkət edirlər. Nəticədə bu tipli pandemik xəstəliklərin yayılma sürəti də artmışdır. Texnolojinin inkişafı azadlıqları məhdudlaşdırır. İndi daha çox bu məhdudlaşdırma təhlükəsi ortaya çıxa bilər.
Cavanşir ABBASLI,
“Yeni Müsavat”