Nəsibə Zeynalovanın 100 yaşı tamam olur
Bu gün Azərbaycanın xalq artisti, gülüş ustası Nəsibə Zeynalovanın 100 yaşı tamam olur.
N. Zeynalova 1916-cı il aprelin 20-də Azərbaycan milli realist aktyor məktəbinin banisi Cahangir Zeynalovun ailəsində anadan olub.
1932-ci ildə Rza Təhmasibin dram dərnəyinə üzv olub. 1934-cü ildən mövsümi fəaliyyət göstərən səyyar Kolxoz və Sovxoz Teatrında aktrisa işləməyə başlayıb.
1938-ci ildə yenicə yaranan Azərbaycan Dövlət Musiqili Komediya Teatrının truppasına birinci dərəcəli aktrisa götürülüb. Həmin il Bakı Teatr Məktəbinə daxil olaraq, aktyorluq təhsili alıb.
Aleksandr Tuqanovdan, Məhərrəm Haşımovdan, Ağasadıq Gəraybəylidən dərs alan N. Zeynalova texnikumda oxuyarkən Katarina (“Şıltaq qızın yumşalması”, Vilyam Şekspir), Elvira (“Don Juan”, Jan Batist Molyer), Yelizaveta (“Mariya Stüart”, Fridrix Şiller) rollarını oynayıb.
Aktrisa Azərbaycan klassik operettalarının tamaşalarında Gülpəri, Cahan xala, Sənəm ("Ər və arvad", "Arşın mal alan" və "Məşədi İbad", Üzeyir bəy Hacıbəyov), Mələk xanım və Kələk xanım ("Əlli yaşında cavan", Zülfüqar bəy Hacıbəyov) kimi xarakterik səhnə obrazlarında çıxış edib.