azia.az
azia.az

Türkiyədə çalışan azərbaycanlı həkimlərdən çağırış -"Yeni qanun gələcəyimizi təhlükəyə atır"

Bu gün, 18:44

Türkiyənin müxtəlif xəstəxana və tibb müəssisələrində uzmanlıq təhsili alan azərbaycanlı asistan həkimlər yeni qanun layihəsi ilə bağlı narahatlıqlarını ictimaiyyətə çatdırıblar.

Gənc həkimlər bildirirlər ki, Türkiyə Böyük Millət Məclisinə (TBMM) təqdim edilən “Ali Təhsil Qanunu və bəzi qanunlarda dəyişiklik edilməsinə dair Qanun Təklifi”nin 1-ci maddəsi qəbul olunarsa, onların sosial vəziyyəti daha da ağırlaşacaq.

Gununsesi.info bildirir ki, müraciəti Azərbaycanın Türkiyədə sabiq konsulu, tanınmış jurnalist İbrahim Nəbioğlu təqdim edib.

Müraciətdə qeyd olunur ki, hazırda Türkiyədə çalışan əcnəbi asistan həkimlər maaş almadan ağır növbələrdə xidmət göstərir, xəstələrin müalicəsində iştirak edir və səhiyyə müəssisələrinin fəaliyyətinə real töhfə verirlər.

Onların əsas gəlir mənbələrindən biri isə hazırda təxminən 17 900 türk lirəsi həcmində olan ödənişdir.

Həkimlər bildirirlər ki, Türkiyədə kirayə, qida, nəqliyyat və digər yaşayış xərcləri fonunda bu məbləğ kifayət etmir. Məhz buna görə dövriyyə kapitalından verilən əlavə ödənişlər onların təhsillərini davam etdirməsi üçün mühüm əhəmiyyət daşıyır.

Müraciətdə vurğulanır ki, Türkiyə Konstitusiya Məhkəməsi hələ 2022-ci ildə qəbul etdiyi qərarda Türkiyə vətəndaşı olan və əcnəbi asistan həkimlərin eyni işi gördüyünü, eyni məsuliyyəti daşıdığını və dövriyyə kapitalına eyni dərəcədə töhfə verdiyini qeyd edib. Buna görə də həmin ödənişlərdən məhrum edilmələrinin ayrı-seçkilik təşkil etdiyi qənaətinə gəlib.

Gənc həkimlər hesab edirlər ki, yeni qanun layihəsinin qəbul edilməsi bu hüquqi yanaşma ilə ziddiyyət təşkil edir və onların maddi vəziyyətinə ciddi təsir göstərə bilər. Onların fikrincə, bu dəyişiklik bəzi asistanların təhsilini yarımçıq qoymasına qədər gedib çıxa bilər.

Müraciətdə Azərbaycanın da maraqlarına toxunulur. Bildirilir ki, Türkiyədə uzmanlıq təhsili alan azərbaycanlı həkimlərin əksəriyyəti təhsillərini başa vurduqdan sonra ölkəyə qayıdaraq Azərbaycan səhiyyəsində çalışmaq niyyətindədir. Bu səbəbdən onların sosial təminatının zəiflədilməsi gələcəkdə Azərbaycan səhiyyəsi üçün də mənfi nəticələr yarada bilər.

Sənədi imzalayan həkimlər bildirirlər ki, məsələ təkcə maddi ödənişlə bağlı deyil. Onların sözlərinə görə, söhbət gecə-gündüz çalışan, böyük məsuliyyət daşıyan və gələcəyin ixtisaslı həkimləri olmağa çalışan gənclərin əməyinə verilən dəyərdən gedir.

Bu səbəbdən onlar TBMM-də müzakirə olunan qanun layihəsinin 1-ci maddəsinin sənəddən çıxarılmasına çağırış edirlər.

Müraciəti imzalayan azərbaycanlı asistan həkimlərin adları, onların çalışdıqları tibb müəssisələrində hər hansı təzyiq və ya təqib riski yaranmaması üçün açıqlanmır.

“Ümid edirəm ki, rəsmi orqanlarımız birləşib məsələni həll etmək üçün daha ciddi addımlar atacaq, rəsməni Ankaranı ədalətli qərar verməyə nail olacaqlar. Türkiyədə təhsil alan bu gənclər bizim gələcək intellektual və tibbi kapitalımızdır. Qanun layihəsinin bu şəkildə qəbul edilməsi minlərlə azərbaycanlı gəncin maddi imkansızlıq səbəbindən uzmanlıq təhsilini yarımçıq qoymasına, mənəvi sarsıntı keçirməsinə və böyük kadr itkisinə yol aça bilər.

Müvafiq qurumların Türkiyədəki həmkarları ilə mövcud sıx və səmimi münasibətlərini bildiyim üçün sizdən bu məsələyə təcili reaksiya verməyinizi xahiş edirəm”– deyə sabiq konsul Səhiyyə Nazirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi və Milli Məclisin Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupuna ünvanladığı müraciətdə vurğulayıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi