İngiltərə uçan naməlum obyektlərlə bağlı arxivi açıqlayacaq
İngiltərə Müdafiə Nazirliyi uçan naməlum obyektlərlə (UFO) bağlı arxiv sənədlərini açıqlamaya hazırlaşır.
İngiltərə hökumətinin “x-files” adlı gizli sənədləri yaxın vaxtlarda açıqlayacağı barədə məlumat yayılıb.
UFO fenomeni ilə maraqlananlar arxivin üzə çıxması nəticəsində bir çox sirli olayın aydınlaşacağı qənaətindədir. İngiltərə Lordlar Palatasının bəzi üzvləri tərəfindən dəstəklənən UFO tədqiqatçıları Müdafiə Nazirliyinin arxivlərində saxlanılan 18 məxfi dosyenin açıqlanması üçün 30 ildir mübarizə aparır. Brentvud lordu Qay Blek (Guy Black) sənədlərin aşkara çıxarılmasını hökumətdən tələb edib və sənədlər bu ay Milli Arxivə verilib. Sənədlərin ictimaiyyətə nə vaxt açıqlanacağı hələ məlum deyil.
Bəzi tədqiqatçılar Milli Arxivdəki dosyelərin yadplanetlilərin İngiltərəyə səfərləri üzərindəki sirr pərdəsini qaldıracağını düşünür. Xüsusən 1980-ci ilin dekabrında Suffolk qraflığı ərazisindəki Rendlşem (Rendlesham) meşəsində baş vermiş hadisənin nə olduğu böyük maraq doğurur. Belə ki, həmin vaxt Rendlşem meşəsində, ABŞ Hərbi Hava Qüvvələri bazasının yaxınlığında, hərəkət edən işıqlar və üçbucaq formasında naməlum obyektlər müşahidə olunub. Bu hadisəni bazada çalışan onlarla əməkdaşın 2-3 gün ərzində müşahidə etdiyi bildirilir. İngiltərə Müdafiə Nazirliyi bu hadisənin milli təhlükəsizliyə hər hansı təhdid yaratmadığını bildirməklə kifayətlənib. Lakin xalq arasında həmin işıqların və obyektlərin əraziyə enən uçan naməlum obyektlər olduğu barədə söhbətlər yayılıb. UFO-loqlar isə bu olayı ABŞ-dakı Rozuell hadisəsi ilə birlikdə XX əsrdə baş vermiş ən məşhur UFO müşahidəsi kimi qiymətləndiriblər.