Azərbaycan "Köçəri" və yallı rəqslərini YUNESKO-nun siyahısına daxil etmək üçün sənədlər təqdim edəcək
Azərbaycan qədim milli rəqslərdən olan “Köçəri”nin və yallı rəqsinin YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi məqsədilə müvafiq sənədləri həmin quruma təqdim etməyə hazırlaşır.
Bunu Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun Mərasim folkloru şöbəsinin böyük elmi işçisi, fəlsəfə doktoru Atəş Əhmədli deyib.
Bu rəqslərin sırf türk düşüncəsinin nəticəsi olaraq, meydana gəldiyini və bu amilin də çox mühüm rol oynadığını deyən A.Əhmədlinin sözlərinə görə, ermənilər “Köçəri” rəqsini özününküləşdirmək istəyir. Ermənistan hətta bu rəqsi erməni milli dəyəri kimi qeyri-maddi irs siyahısına daxil edilməsinə də çalışır.
A.Əhmədli qeyd edib ki, hər bir ölkə YUNESKO-ya nominasiyaların qəbulu üzrə sənədlərini iki ildən bir təqdim edə bilər. Azərbaycanın Lahıc misgərlik sənəti üzrə nominasiyası sonuncu dəfə 2015-ci ildə qəbul edilib. Buna görə də Azərbaycan yalnız 2017-ci ildə YUNESKO-ya bu nominasiya üzrə müraciət edə bilər. Buna görə də sənədlərin həmin il təqdim edilməsi nəzərdə tutulur.
A.Əhmədlinin sözlərinə görə, YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına indiyədək Azərbaycanla bağlı 8 nümunə - muğam, Novruz bayramı, aşıq sənəti, xalçaçılıq, tar ifaçılığı, Çövkən oyunu, kələğayı və Lahıc misgərlik sənəti daxil edilib.
Qeyd edək ki, Köçəri” rəqsi Azərbaycanda çox məşhur olan qədim “Yallı” rəqsinin bir növüdür, hətta Azərbaycanın ən qədim tarixi daş abidələrindən sayılan və eramızdan əvvəl 12-8-ci minillikləri əhatə edən Mezolit dövrünə aid Qobustan qayalarının üzərində də “Yallı” rəqsinin təsvirləri verilib. “Köçəri” rəqsi əsasən Azərbaycanın ən qədim diyarlarından biri olan Naxçıvanda geniş yayılıb.
Ermənistan mədəniyyət naziri Azərbaycanın qədim milli rəqslərindən olan “Köçəri”nin erməni milli dəyəri kimi qeyri-maddi irs siyahısına daxil edilməsi üçün YUNESKO qarşısında məsələ qaldırıb.
Azərbaycan Müəllif Hüquqları Agentliyinin məlumatına görə, Azərbaycan xalqına məxsus olan musiqi əsərləri, folklor nümunələri və digər qeyri-maddi mədəni irs nümunələri uzun illərdən bəri ermənilər tərəfindən zaman-zaman oğurlanılır, mənimsənilir və erməni nümunələri kimi təqdim olunur. Buna misal olaraq, ermənilər Azərbaycanın “Sarı gəlin”, “Süsən sünbül” və onlarca digər xalq mahnılarını, “Yallı”, “Vağzalı”, “Köçəri”, “Uzundərə”, “Mirzəyi” rəqslərini, qədim musiqi alətlərimizi (tar, balaban, zurna), hətta məşhur Azərbaycan bəstəkarlarından Üzeyir Hacıbəylinin, Qara Qarayevin, Fikrət Əmirovun əsərlərini, eləcə də müasir bəstəkarlarımızın mahnılarını erməni nümunələri kimi təqdim etməyə cəhdlər göstərirlər.
Agentliyin məlumatına görə, “Köçəri” rəqsinin ermənilərin milli rəqsi kimi qələmə verilməsinin elmi və tarixi əsasları yoxdur. Azərbaycanın qədim milli rəqslərindən olan “Köçəri”nin ermənilər tərəfindən özününküləşdirilməsi onların ilk cəhdi deyildir: “Belə cəhdlərdən biri kimi "Eurovision-2011" mahnı müsabiqəsinin final yarışmasını misal göstərmək olar. O zaman “Köçəri” rəqsini Ermənistan təmsilçisi erməni nümunəsi kimi təqdim etməyə çalışmışdı. Fakt ortaya çıxan kimi Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi bununla bağlı Ümumdünya Əqli Mülkiyyət Təşkilatına məktub göndərib”.