Mehriban Əliyeva: “Biz birlikdə gözəl işlər görə bilərik”
Martın 17-də - Novruz bayramı ərəfəsində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Bakıdakı diplomatik missiya rəhbərlərinin həyat yoldaşları ilə görüşüb.
Gün.Az Azərtac-a istinadən xəbər verir ki, birinci xanım Mehriban Əliyeva ölkəmizdə akkreditə olunmuş diplomatik missiya rəhbərlərinin həyat yoldaşları ilə görüşməkdən şad olduğunu bildirib.
Pakistanın Azərbaycandakı səfirinin xanımı, Diplomatik Missiya Rəhbərlərinin Həyat Yoldaşları Təşkilatının rəhbəri Asima Qayser görüş iştirakçılar adından çıxış edərək xalqımızın qonaqpərvərliyini xüsusi vurğulayıb. O, Azərbaycanda özlərini doğma evlərindəki kimi hiss etdiklərini bildirib. Asima Qayser deyib ki, rəhbərlik etdiyi təşkilatın əsas məqsədi onun üzvlərinin bir-biri ilə dost olaraq sosial və mədəni təbirlərdə iştirak etmək, Azərbaycanı daha yaxından öyrənməkdir.
Xanım Asima Qayser Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə görülən işlərdən, həyata keçirilən layihələrdən danışıb. O, Mehriban Əliyevanın fəaliyyətini yüksək qiymətləndirib. Görüşə görə Azərbaycanın birinci xanımına təşəkkürünü bildirən təşkilatın rəhbəri belə görüşlərin ənənəvi olaraq keçirilməsini təklif edib və Azərbaycan xalqına qarşıdan gələn Novruz bayramı münasibətilə təbriklərini çatdırıb.
Asima Qayser deyib: "Hörmətli Azərbaycan Respublikasının birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva. Əziz Diplomatik Missiya Rəhbərlərinin Həyat Yoldaşları Təşkilatının üzvləri, sabahınız xeyir. İcazə verin, çıxışımı bizim hamımıza şərəf verdiyinə görə xanım Mehriban Əliyevaya dərin minnətdarlığımı ifadə etməklə başlayım.
Hörmətli xanım Əliyeva, mənim bu gün burada iştirak edən bütün həmkarlarım və dostlarım Sizi aramızda görməkdən olduqca məmnundurlar. Adınıza uyğun olaraq Siz həqiqətən də mehribansınız. Qiymətli vaxtınızı bizə ayırdığınıza görə Sizə təşəkkür edirəm. Siz həm Azərbaycanın birinci xanımı, həm də Heydər Əliyev Fondunun prezidenti kimi böyük rol oynayırsınız. Sizin şəxsiyyətinizdə bəşəriyyətə məhəbbət, qayğı və sevgi təcəssüm tapıb. Sizin müxtəlif mədəniyyətlər, sivilizasiyalar, dinlər və millətlər arasında anlaşmanı təşviq etməklə bağlı səyləriniz təqdirəlayiqdir. Mən bilirəm ki, Sizin Pakistana xüsusi rəğbətiniz var. Lakin mən əminəm ki, burada iştirak edən qonaqların ölkələrində də Sizi çox sevirlər. Sizin fəaliyyətiniz və sadiqliyiniz bizim hamımız üçün ilham mənbəyidir”.
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva diplomatik missiya rəhbərlərinin və onların həyat yoldaşlarının ölkələr arasında münasibətlərin daha da möhkəmləndirilməsinə töhfə verdiklərini, bu görüşün əməkdaşlığın perspektivlərinin müzakirəsi üçün gözəl imkan olduğunu bildirib.
Birinci xanım Mehriban Əliyeva deyib: "Hörmətli xanımlar, ilk növbədə, mən sizin hamınızı burada səmimi qəlbdən salamlayıram. Sizi görməyimə çox şadam. Mənim haqqımda dediyiniz sözlərə, fəaliyyətimi belə yüksək qiymətləndirdiyinizə görə sizə xüsusi minnətdarlığımı bildirirəm. Mənim üçün, əlbəttə, ən xoş təəssürat odur ki, siz deyirsiniz, biz Azərbaycanda özümüzü çox rahat və xoşbəxt hiss edirik. Təbii ki, sizlərdən bəziləri uzun, bəziləri isə qısa müddətdir Azərbaycandadır. Amma mən ümidvaram ki, siz Azərbaycan xalqının qonaqpərvərliyini, istiqanlılığını, mərhəmətini artıq hiss etmisiniz.
Əlbəttə, Azərbaycan, xüsusilə də paytaxt Bakı bu gün demək olar ki, dünyanın ən gözəl şəhərlərindən biridir. Burada rahat və çox gözəl həyat tərzi sürmək üçün bütün imkanlar var. Əminəm ki, siz ölkəmizin və paytaxtımızın tarixi ilə tanışsınız. Bakı özündə həm Qərb, həm Şərq mədəniyyətini, həm qədimliyi, həm müasirliyi birləşdirir. Yəqin ki, siz də bu şəhərdə yaşamağın ləzzətini duyursunuz. Fikrimcə, hər yerdə olduğu kimi, Azərbaycanda da insanların qəlbində olan münasibət ən əsas məqamdır. Əlbəttə, ölkələrimiz arasında olan münasibətlərin möhkəmlənməsi işinə siz də böyük töhfə verirsiniz. Əminəm ki, görüşdə iştirak edən bütün səfirlərin xanımları və səfirlər Azərbaycan ilə öz ölkələri arasında əlaqələrin daha da möhkəm, daha da geniş, daha da sıx qardaşlıq əsasında qurulmasında səylərini göstərirlər.
Siz bu gün fəaliyyətiniz haqqında mənə ətraflı danışdınız. Əlbəttə, mən Heydər Əliyev Fondu ilə gələcəkdə mümkün olan əməkdaşlığı alqışlayıram. Siz qeyd etdiniz ki, Heydər Əliyev Fondu təkcə Azərbaycanda yox, xaricdə də humanitar sahədə həyata keçirdiyi layihələri ilə tanınır. Mən inanıram ki, insanlar, xüsusilə də qadınlar dünyada məhz bu sahədə böyük işlər görə bilərlər. Çünki mədəniyyət, təhsil, sosial sahə insanları bir-birinə daha yaxşı tanıdan, daha dolğun məlumat verən gözəl universal imkandır. Siz təklif etdiniz ki, biz gələcəkdə daha tez-tez görüşək və mümkün olan əməkdaşlığı müzakirə edək. Mən əminəm ki, biz doğrudan da birlikdə gözəl işlər görə bilərik. Mən bu əməkdaşlığa hazıram və açığam.
Mən sizə bu görüşə və ölkəmizdə göstərdiyiniz fəaliyyətə görə bir daha minnətdarlığımı bildirirəm. Qarşıdan gələn Novruz bayramı münasibətilə sizi səmimi qəlbdən təbrik edirəm. Sizə və ailələrinizə xoşbəxtlik, cansağlığı diləyirəm. Ölkələrinizə sülh və əmin-amanlıq arzulayıram".
Sonra çıxış edən Niderlandın ölkəmizdəki səfirinin xanımı Ursula Çehner təşkilatın xeyriyyə layihələrindən danışıb.
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva bu sahədə bir çox işlərin görülə biləcəyinə əminliyini bildirib. O, həmçinin Diplomatik Missiya Rəhbərlərinin Həyat Yoldaşları Təşkilatının layihələrini dəstəkləməyə hazır olduğunu qeyd edib.
Görüş çay süfrəsi arxasında gələcəkdə reallaşdırılması mümkün olan layihələr, görüləcək işlərlə bağlı söhbətlə davam etdirilib.
Sonda xatirə şəkli çəkdirilib. Diplomatik missiya rəhbərlərinin həyat yoldaşlarına Novruz sovqatları təqdim olunub.
Xəbərfakt.Az