ŞOK KORRUPSİYA FAKTI: Təmirinə 200 min manat ayrılan məktəbə bir mismar belə VURULMAYIB
Azia.az xəbər verir ki, Təhsil xalqın gələcəyi olsa da, bəzi yerlərdə, o cümlədən Abeşeron rayonu, Digah qəsəbəsində yerləşən, 20 Yanvar şəhidi Səxavət Məmmədovun adını daşıyan orta məktəb yararsız vəziyyətə düşüb. Elə bu məktəbə diqqətsizlik onu göstərir ki, heç də Azərbaycanda təhsilə xalqın gələcəyi kimi yanaşılmır.
Şəhid S.Məmmədovun qardaşı İntiqam Məmmədovun “Hürriyyət”ə müraciətindən sonra vəziyyəti görmək üçün həmin məktəbə baş çəkdik. Sanki məktəb ucqar dağ kəndində yerləşir. Məktəbin kiçik çala-çuxurlu həyəti, məktəb binasının, xüsüsən ayaqyolunun bərbad vəziyyəti insanı dəhşətə gətirir. Bir anlıq düşünürsən ki, XXI əsrdə belə məktəb olar?!
Məktəbin daxilində ayaqyolu olmaması azmış kimi, həyətində yerləşən ayaqyolunun nə təmiri, nə də bağlı qapısı var. Gərək ayaqyoluna gedən şagirdə kimsə bayırda qarovul çəkə.
Məktəbin direktoru Adil Abdullayev bizimlə söhbətdə etiraf etdi ki, məktəbin qız şagirdləri və qadın müəllimləri ayaqyoluna gedə bilmir, digər korpusdakı ayaqyolundan istifadə edirlər.
Sözügedən təhsil ocağının problemi təkcə ayaqyolu ilə də bitmir, nə idman zalı, nə stadionu, nə də bufeti var. Bufet kimi məktəbin həyətində yerləşən bir evdən şagirdlər şirniyyat və ərzaq məhsulları alırlar ki, bu da qanunsuzdur. Axı, həmin şirniyyatların, ərzaqların kefiyyətinə kim zəmanət verə bilər? Bəllidir ki, hər bir məktəbdə normal bufet olmalıdır. Orada şagirdlərə satılan məhsullar da müvafiq qurumlar tərəfindən vaxtaşırı yoxlanılmalıdır. Burada isə şagirdlərin məktəbin həyətində yerləşən evdən aldığı şirniyyat və ərzaq məhsullarının kefiyyətinə kimsə zəmanət vermir. Şagirdlərin dediklərinə görə qiymətlər də kifayət qədər bahadır. Onlarla söhbət zamanı daha bir problem dilə gətirdilər: “Bizim stadion yoxdur. “Xahiş edirik, yazın ki, bizim məktəbin də stadionu olsun”.
Ən üzücüsü isə odur ki, şagirdlər arasında təhsil aldıqları məktəbin 20 Yanvar şəhidi Səxavət
Məmmədovun adını daşıdığını bilməyənlər də vardı. Hətta 7-ci sinif şagirdinə sual etdikdə ki, 20 Yanvar faciəsi haqda nə bilirsiniz, cavab verdi ki, Xocalı günüdür. Hansı ki, xalqımızın tarixinə “Qanlı yanvar” kimi düşən bu gün haqqında şagirdlərin bilgisiz olmasına ancaq təəssüf etmək olar.
Məktəb binasının sökük divarlarını, çala-çuxur həyətini, bərbad ayaqyolunu gördükdən sonra bu qənaətə gəldik ki, burada tədrisin kefiyyəti də normal ola bilməz. Necə ki, şagirdlərlə söhbətimizdə şahidi olduq ki, xalqımızın tarixini, faciə gününü belə düzgün bilmirlər.
Qeyd edək ki, məktəbin bayırdan görünən problemləri göz önündə olsa da, sinif otaqlarına daxil olmağa məktəbin direktoru Adil Abdullayev icazə vermədi. Dedi ki, bunun üçün rayon təhsil şöbəsindən razılıq almalıdır. Odur ki, direktor təhsil şöbəsinə zəng etdi. Amma marqlıdır ki, telefonda danışan Abşeron Rayon Təhsil Şöbəsinin müdiri “sinif otaqlarına girmək olmaz, təzə təmir olunub”, - deyə içəri girməyimizə mane oldu.
Əlbəttə, sual oluna bilər ki, sinif otaqları təzə təmir olunubsa, niyə həm A.Abdullayev, həm də Abşeron Rayon Təhsil Şöbəsinin müdiri sinif otaqlarına girməyimizi istəmədi?! Bəlkə sinif otaqları bayırdan daha dəhşətli vəziyyətdə olduğu üçün bizim içərini görməyimizə əngəl oldular?!
Nəhayət, şəkil çəkməyəcəyimizə söz verdikdən sonra sinif otaqlarından sadəcə birinə girməyə icazə ala bildik. Əslində, orada təmirdən əlamət yox idi, köhnə divarlar, köhnə lövhə göz önündə idi. Uşaqlar da paltolu əyləşmişdilər, istilik sistemi normal çalışmırdı. Abşeron Rayon Təhsil Şöbəsinin rəisi və məktəbin direktoru “sinif otaqları təmir olunub” desə də, gördüklərimiz bunu əksini söyləyirdi.
Təəccüblü odur ki, məktəbin vəziyyəti ilə bağlı bizə müraciət edən İ.Məmmədovun sözlərinə görə, ötən il məktəbin təmiri üçün 200 min manat ayrılıb. Amma məktəb hələ də bərbad gündədir. Həmin vəsaitin hara xərclənməsi ilə bağlı sual etdikdə, məktəb direktoru dedi ki, məktəbin sinif otaqları təmir olunub, o vəsaiti Təhsil Nazirliyi bizə verməyib, özləri təmir ediblər.
Bu halda, sual olunur ki, təmir olunan məktəb bu gündə olur?...
Məktəbdə xadimələrin otaqlarının olmaması da diqqətdən qaçmadı. Çünki bir neçə xadimə məktəbin dəhlizindəcə bürüşüb oturmuşdu. Adam onlara baxanda düşünürdü ki, görəsən, bunların günahı nədir ki, bu vəziyyətdə işləyirlər? Xadimələr problemlərini direktorun yanında deməsələr də, onlar otaqlarının olmamasından və vəziyyətlərindən gileyləndilər.
“Heç şəhidə qiymət vermirlər”
İntiqam Məmmədov
Şəhid Səxavət Məmmədovun adını daşıyan məktəblə bağlı qardaşı İntiqam Məmmədov özü isə “Hürriyyət”ə bunları danışıb: “Bu məktəb 30-cu illərdə Mircəfər Bağırovun hakimiyyətdə olduğu illərdə tikilib. Gördüyünüz kimi, qardaşımın adını daşıyan məktəb bərbad gündədir. Amma kənddə hamı deyir ki, məktəbin təmirinə 200 min manat ayrılıb. Vəziyyəti özünüz görürüsünüz. Bu gün mənim istədiyim odur ki, məktəbdə səliqə-səhman olsun. Tualet bərbad gündədir. O tualetin çalasına bilirsən, nə qədər adam düşüb?! Bu boyda Digaha kanalizasiya çəkildi, yarımçıq qoydular, gedilər. Görürsünüz ki, məktəbin normal həyəti yoxdur, aşağı sinif uşaqları yola qaçır. Belə olanda da onları maşın vurur. Hər il 2-3 uşağı burada maşın vurur.
Məktəbin bufeti yoxdur. O gördüyünüz evin sahibi özü üçün şirniyyat sexi qurub, oradan məktəbin həyətinə pəncərə açıb.
Məktəbin idman zalı, emalatxanası yoxdur. Bir sözlə, bu təhsil ocağında heç nə yoxdur. Heç şəhidə də qiymət vermirlər. Heç olmasa təbliğatı düzgün aparsınlar ki, bu şəhid kimdir. Şagirdlərin biri deyir, “20 Yanvar Xocalı günüdür”, biri başqa gün deyir. Şəhidlərə qiymət verilmir. Gördünüz ki, məktəbin 7-ci sinif şagirdi bilmir 20 yanvar nə gündür, deməli, təbliğat aparılmır”.
“Mənəm deyən oğlanlar var idi, bir gülləyə siçan kimi gizləndilər”
“Mənim qardaşım o qədər saf idi ki… Mən inanıram ki, bizim 20 Yanvar şəhidləri hamısı saflıqdan getdi. Biz həmin gün gizlənənləri də gördük. Mənəm deyən oğlanlar var idi, bir gülləyə siçan kimi gizləndilər. Gör, insanın canı nə qədər şirin imiş. Amma bu oğlan 3 dəfə güllənin qabağına girib-çıxıb. “Olimp” mağazasından üzü yuxarı “Salyanski” kazarmaya qədər atışa-atışa gediblər. Qardaşımın yanında olan oğlan, Nağı dedi ki, mənə maşının içində güllə oturacaqdan kürəyimə keçdi. “Əlimi kürəyimə vurdum ki, kürəyim istidir, qandır. Saxladım, maşından düşdüm, yıxıldım, dal təkərin yanında dayandım. Bir də onda gördüm ki, “atkroy rot” deyirlər”. Deyir, bəxtim onda gətirdi ki, kimsə həmin adamı çağırdı. İndi həmin Nağı yaşayır. Qardaşım da yaşaya bilərdi. Yaralı Nağı yanından düşüb gedir, qardaşım, əksinə o biri qapıdan snayperlərə tərəf gedir, vururlar. Bakı şəhərinin bütün hündür binalarında snayperlər qoyulmuşdu”,-deyə şəhid qardaşı bildirdi.
“Mən arayış ala bilmədim ki, qardaşım rus ordusu tərəfindən öldürülüb”
İ.Məmmədov 20 yanvar günü başına gələnləri də xatırlatdı: “Şənbə, bazar günləri həmişə qardaşımın ailəsini yığıb, kəndə gətirirdim. Elə onda şənbə günü idi. Mən səhər durub maşını işə salanda anam qabağımı kəsdi. Elə bil ürəyinə nəsə dammışdı. Dedi, mən də gedirəm. Kirov qəsəbəsində saqallılar durmuşdu, yollar bağlı idi. Oradan keçəndən sonra Tbilisi prospektində qol, qıç gördüm, “Semaşko”, “Kaspar” xəstəxanalarında morqda olduq. Bütün yol boyu Bakı şəhərinə qara lent bağlanmışdı. Saat 1-ə işləmişdi, qardaşımı axtarmaqdan yorulmuşduq. Xalam oğlu da mənimlə idi. Onu Rusiya səfirliyinin yanında düşürdüm. O, maşından düşəndə maşına qara lent bağladılar, ürəyim düşdü. Oradan çıxdım ki, qardaşımın qaynanasıgilə gedim, bəlkə onlar bilərlər, haradadır. “Olimp” mağazasının yanına gəldim, gördüm maşını orada dayanıb. Maşının nömrəsi 90-79 idi, bu günə kimi yadımdadır. Mən rəhmətliyi “Kaspar”ın morqunda görəndə orada 11 nəfər yerdə uzanmışdı, təkcə bu, stolda idi. Həkimlər yanımıza gəldilər ki, qardaşın qəhrəmandır. Orada binalarda yaşayanlar hər şeyi görmüşdülər. Onlar da yanımıza gəldilər.
Qaradaşımın qəhrəmancasına həlak olmasına baxmayaraq, biz bu məktəbin qardaşımın adını daşımasına çox çətinliklə nail olduq. Bizim nazirlikdə adamımız olmasaydı, xahiş etməsəydik, bu, mümkün deyildi. Mən arayış ala bilmədim ki, qardaşım rus ordusu tərəfindən öldürülüb. Mən onun meyitini şəhərdən kəndə 4 saata gətirmişəm. Postlar hər yerdə saxlayırdı, hamısına qanlı paltar göstərmişəm. Siz inanın Bakı şəhərində maşın tapa bilmirdim ki, aparım meyiti yuduzdurum. Hamısı küçəyə çıxmağa qorxurdu. “Dram” teatrının şoferi dedi, mən sürərəm. “UAZ” markalı maşını var idi. Maşın “beşmərtəbə”nin yanından Nərimanov heykəlinin yanına gəldi, meyiti maşına qoyduq, oradan da “Təzə Pir” məscidinə getdik. Amma oradan meyidi kəndə gətirməyə böyük maşın tapa bilmədim. Furqon maşın tapıb, onda gətirdim”.
“İstədiyim yalnız odur ki, qardaşımın məktəbdə adını tanısınlar, bilsinlər ki, bu adam kimdir”
“Dövlətin şəhid ailəsi kimi qayğısından razısınızmı” sualına şəhid S. Məmmədovun qardaşı belə cavab verdi: “Mütəllibov kişi adam olub. Rəhmətliyin yoldaşına da, anama da ev verdilər. Mütəllibov şəhidlərə qiymət verdi. Amma indi aparıb qardaşımın adına küçəni Mehdibad ərazisində veriblər. Biz istərdik qardaşımın adını daşıyan küçə Digah kəndində olsun. Orada kim onu tanıyır?! Anam sağ olanda ona da, qardaşımın yoldaşına da hər birinə 300 manat verirdilər. Anam rəhmətə gedəndən sonra ona verilən aylıq ödəniş də yoldaşına verildi.
Mən indiyə kimi heç bir yerdə qardaş
ımın adından istifadə etməmişəm. İstədiyim yalnız odur ki, qardaşımın məktəbdə adını tanısınlar, bilsinlər ki, bu adam kimdir. Hər cür şəhid olan var. Kiməsə təsadüfən güllə dəyib, amma o, qəhramancasına həlak olub”.
“Cəmbərəkənd qəbristanlığında qəbirlərimiz ayaq altında qalmışdı, murdarlamışdılar”
Şəhid Səxavət Məmmədovun Şəhidlər Xiyabanında dəfn olunmamasına gəlincə, İ. Məmmədov qeyd etdi ki, o, qardaşının Şəhidlər Xiyabanında dəfn olunmasını istəməyib: “Çünki Cəmbərəkənd qəbristanlığında qəbirlərimiz ayaq altında qalmışdı, murdarlamışdılar. Ona görə, istəmədim qardaşım orada dəfn olunsun. İstədim ki, qardaşım atasının, qohum-əqrabasının yanında dəfn olunsun”.
“İstəyirəm ki, həmin büstü gətirib, məktəbin həyətinə qoysunlar”
“Biz qardaşımın işlədiyi qarajda, Nəqliyyat Nazirliynin yanında, Ziya Bünyadov küçəsində KTB-4 var, orada dövlətin köməyi ilə onun muzeyini tikdik. Ora böyük xərc çəkildi. Onun büstü qoyuldu, açılışı olmuşdu. Amma bu gün orada binalar tikilir. Mən indi o büstü görmürəm. Mən o bina tikənlərin yanına getdim dedim ki, bəlkə qardaşımın büstünü məktəbə gətirək, həyətdə quraşdırılısın. Mən onlara dedim ki, heç olmasa orada qardaşım xatırladan kiçik bir lövhə qoyun. Necə ki, “Kaspar” Xəstəxanasının qarşısında qardaşımın və 3-4 nəfər şəhidin adı yazılmış xatirə lövhəsi durur. Onlar dayandılar, üzümə baxdılar. Bilmirəm, qardaşımın yoldaşı, yaxud övladı onlardan nə tələb edib. Bu gün ona görə dilim qısadır, ayağım getmir ki, birdən gedərəm, mənə qayıdıb deyərlər, sən kimsən. İndi heç olmasa istəyirəm ki, həmin büstü gətirib, məktəbin həyətinə qoysunlar. Şagirdlər tanısınlar, ona qiymət versinlər. 10 il bundan əvvəl 20 Yanvar günü şagirdlər yığılıb, qəbir üstünə gedirdilər, indi getmirlər. Mən hər il şəhidlər üçün ehsan verirəm. Mən ancaq bunu bacarıram”,-deyə şəhidin qardaşı söylədi.
“İnsan özü özünü ölümə hazırlayır”
“20 Yanavar günü yaxınlaşanda hansı hissləri keçirirsiniz” sualını isə İ. Məmmədov belə cavablandırdı: “Uşaqlarla danışanda deyirik ki, ölüm göz qırpımındadır. Rəhmətliklə mən ayrılanda yanvarın 17-si idi. Mənə elə baxışlarla baxdı ki, o dünyasını dəyişəndə o baxışlar yadıma düşdü. İnsan ölümünü bilirmiş. İnsan özü özünü ölümə hazırlayır. Mən onunla sağollaşdım, dayanıb, mənə baxdı, əl etdi, sonra da çıxdı, getdi. Özüm də dayandım ki, qardaşım mənə niyə belə baxdı. Hələ də onun baxışları gözümün önünə gəlir”./Hurriyyet.org