azia.az
azia.az

Vaşadze seçkiləri uduzdu, Saakaşvili xalqı küçələrə çağırdı

29-11-2018, 00:28

Gürcüstanda prezident seçkilərinin bu gün keçirilən ikinci tutunda hakim “Gürcü arzusu” koalisiyasının namizədi Salome Zurabişvilinin qalib elan edilməsinin ardınca keçmiş prezident Mixail Saakaşvili Avropadan öz tərəfdarlarına müraciət edib.

Virtualaz.org gürcü KİV-lərinə istinadən xəbər verir ki, Saakaşvili videomüraciətində əhalini küçələrə çıxmağa və vətəndaş itaətsizliyinə səsləyib. O, “Gürcü arzusu”nun lideri Bdzina İvanişvilini “çirkin oliqarx” adlandırıb. Bildirib ki, İvanişvili qanunu, konstitusiyanı, demokratiyanı və seçki institutunu tapdalayıb.

Saakaşvilinin sözlərinə görə, hakimiyyət seçkiləri oğru dünyasının dəstəyi ilə keçirib. Və bu seçkilərin demokratiyaya və xalqın öz iradəsini nümayiş etdirməsinə dəxli yoxdur.

“Bu gündən etibarən İvanişvili Gürcüstanın legitim hökmdarı deyil. Mən bu seçkiləri tanımıram və gürcü cəmiyyətini də nəticələri tanımamağa səsləyirəm”-o bildirib.

Mixail Saakaşvili qeyd edib ki, seçkilərin nəticələrinin necə olacağından asılı olmayaraq müxalifət küçələrə çıxacaq və kütləvi itaətsizlik nümayiş etdirəcək. “Mən Gürcüstan polisini xalqın tərəfində dayanmağa çağırıram, silahlı qüvvələri qanunsuz əmrləri yerinə yetirməkdən imtina etməyə səsləyirəm. Dövlət aparatının sağlam qismi Gürcüstanda hökmranlıq edən kriminal, mafioz bandadan məsafə saxlamalıdır”-o bildirib.

Saakaşvili “istənilən yolla” Gürcüstana qayıdacağını da deyib.

Gürcüstanda keçirilən prezident seçkilərinin ikinci turu üzrə səsvermə başa çatıb.

Virtualaz.org bildirir ki, seçki məntəqələri yerli vaxtla saat 20:00-da bağlanıb.

Xatırladaq ki, Gürcüstanda prezident postu uğrunda iki əsas namizəd mübarizə aparır. Bunlar hakim “Gürcü Arzusu -Demokratik Gürcüstan” partiyasının dəstəklədiyi Salome Zurabişvili və müxalifətin namizədi Qriqol Vaşadzedir.

Onu da qeyd edək ki, Gürcüstanın xarici ölkələrdəki səfirliklərində yaradılan seçki məntəqələri yerli vaxtla saat 24:00-dək fəaliyyət göstərəcək.

Yeri gəlmişkən, seçkilərin ikinci turu ilə bağlı keçirilmiş "exit-poll"un nəticələri artıq açıqlanıb.

“Rustavi 2” televiziya kanalının sifarişi ilə “Edison Research” təşkilatının keçirdiyi “exit-poll”un nəticəsinə əsasən, Gürcüstanın hakim Gürcü Arzusu Partiyasının dəstəklədiyi namizəd Salome Zurabişvili 55%, Vahid Milli Hərəkat Partiyasının namizədi Qriqol Vaşadze isə 45% səs toplayıb.

“Gallup International” təşkilatının apardığı “exit-poll”un nəticəsinə əsasən isə S.Zurabişvili 58%, Q.Vaşadze 42% səs əldə edib. Təşkilat “exit-poll”u “İmedi” televiziya kanalının sifarişi əsasında həyata keçirib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi