azia.az
azia.az

Pentaqonun yeni Bakı planı – nüvə başlıqları təklifi...

27-08-2016, 10:56

Pentaqonun yeni Bakı planı – nüvə başlıqları təklifi...
Amerikanın prezident Əliyevə işi düşüb...

İncirlikdəki nüvə başlıqlarının bir qismi Azərbaycana təklif oluna bilər; Amerika generalları İran və Rusiya ittifaqına qarşı yeni plan hazırlayır; ABŞ-ın müdafiə nazirliyinin hesabatında yazılır ki...

Türkiyə və ABŞ arasında münasibətlərin soyuqlaşması iki ölkə arasında hərbi əməkdaşlığın gələcəyi ilə bağlı suallara səbəb olub. Məlum olduğu kimi, Türkiyə “Soyuq müharibə” illərində NATO-ya üzv olub və ABŞ-la yaxın hərbi əməkdaşlıq edib. Türkiyə ərazisində bir neçə ABŞ və ya NATO hərbi bazaları qurulub. Hətta “Karib böhranı” zamanı ABŞ SSRİ-yə qarşı Türkiyə ərazisinə nüvə başlığı daşıyan “Yupiter” raketləri yerləşdirib.

Daha sonra “Yupiter” raketləri Türkiyədən götürülsə də, İncirlik Hərbi Hava bazasında nüvə başlıqları saxlanılıb. Türkiyədəki 15 iyul çevriliş cəhdindən sonra ABŞ generalları özləri də bunu etiraf etdilər. Ötən həftə isə Avropa mətbuatı İncirlikdəki raketləri Rumıniyaya köçürəcəyi haqda xəbər yayıb. İddialara görə, artıq proses başlayıb və 20-yə yaxın nüvə başlığı Rumıniyanın Deveselu hərbi hava bazasına köçürülüb. Ancaq proses ləng gedir, həm texniki, həm də siyasi problemlər yaranıb.

Qeyd edək ki, Rumıniyada yerləşən Deveselu hərbi bazası bu ilin mayında gündəmə gəlib. ABŞ məhz bu bazada Rusiyaya qarşı raketdən müdafiə “qalxanı” inşa edib. Avropanı Rusiya hücumundan qorumalı olan 800 milyon dollarlıq layihə Rusiyanın ciddi etirazlarına səbəb olub. Ancaq hələlik Rumıniya bu iddiaları təsdiq etmir.

Türkiyədə 15 iyul qiyamından sonra İncirlik hərbi bazasının taleyinin gündəmə gəlməsi, xüsusən də nüvə başlıqlarının Türkiyədən çıxarılması qarşılıqlı ittihamların artdığı bir zamana təsadüf edir. Yeri gəlmişkən, bir qədər əvvəl ABŞ-da yerləşən bəzi “beyin mərkəzləri” nüvə başlıqlarının Türkiyədən çıxarılması təklifini irəli sürüb. Buna əsas səbəb kimi, qiyam zamanı bir çox generalların ölkəsinə xəyanət etməsi göstərilib. İddia müəlliflərinə görə, ölkəsinə xəyanət edən generallar bu nüvə silahlarını terrorçulara verə bilərlər. Lakin səbəb yalnız bu deyil...

Hər kəsə məlumdur ki, nüvə silahları partlayış gücündən daha çox, psixoloji silah olaraq qəbul olunur. ABŞ-ın Türkiyədən nüvə başlıqlarını çıxarıb Şərqi Avropaya aparması da bu mənada, Türkiyəyə və eləcə də Rumıniyaya yerləşdirməklə Rusiyaya açıq mesajdır. Ancaq maraqlıdır ki, hazırda Türkiyədən çıxarılan nüvə başlıqlarının yalnız 20-sinin Rumıniyaya aparıldığı iddia olunur; yerdə qalan 30 (Türkiyədə “soyuq müharibə” illərində 50-100 arası nüvə başlığının olduğu haqda bilgilər yayılıb - K.R.) nüvə başlığının taleyi haqda hər hansı məlumat yoxdur.

Yeri gəlmişkən, daha əvvəl də Türkiyədən çıxarılacaq nüvə başlıqlarının digər regionlara yerləşdiriləcəyi ilə bağlı məlumatlar yayılıb. Nə qədər gözlənilməz hesab olunsa da, Türkiyədən çıxarılacaq nüvə başlıqlarının bir qisminin yerləşdiriləcəyi yeni ünvanlar arasında Azərbaycanın da adı çəkilir. İddialara görə, ölkəmizin adı bu məsələdə Pentaqonun planına daxil edilib.

Bu barədə bizə diplomatik mənbələrdən bilgi sızıb. Həmin bilgilərdə iddia olunur ki, hazırda Pentaqon Türkiyənin İncirlik Hərbi bazasından çıxarılacağı ehtimal edilən nüvə başlıqlarının yerləşdiriləcəyi yeni ölkələr arasında Azərbaycanı da araşdırır. Məlum olduğu kimi, bu nüvə başlıları “soyuq müharibə” illərində SSRİ-yə, indi isə böyük ölçüdə Rusiyaya qarşı hərbi təzyiq vasitəsi olaraq istifadə edilir. Azərbaycanın da geostrateji mövqeyi, Rusiya və İranla sərhəddə yerləşməsi nüvə başlıqlarının yerləşdirilməsinə namizədliyi üçün uyğundur. Bu ideyaya Azərbaycan hakimiyyətinin necə yanaşması məlum deyil; lakin bilinən budur ki, rəsmi Bakı Pentaqonla bir sıra sahələrdə ciddi əməkdaşlıq içərisindədir və Azərbaycanın Amerika üçün dəyəri üzdə görünəndən qat-qat yüksəkdir...

“Nüvə başlıqları Bakıya təklif oluna bilər”, şərti başlıqlı xəbərini diplomatik qaynağımız bu cür əsaslandırır: “Hazırda Rusiya bölgədə təsir gücünü günü - gündən artırır. Son illərdə İranla da ciddi şəkildə yaxınlaşan Moskva bu ölkənin dini rəhbərliyinin başında dayandığı mühafizəkar qanadla yaxından əməkdaşlıq edir. Eyni zamanda, İranın dini hakimiyyəti Rusiya ilə dərin ittifaqa üstünlük verir. Rusiya isə bu yaxınlaşmanın qarşısında gizli olaraq İranın nüvə proqramına böyük dəstək verəcəyini bildirib. Eyni zamanda, Vaşinqton İranın uranın zənginləşdirilməsi prosesini yenidən aktuallaşdıracağından ehtiyatlanır”.

Diplomatik dairələrə yaxın olan mənbəmiz iddia edir ki, hazırda Rusiya ilə İran arasında müdafiə sahəsində gizli və dərin anlaşma əldə olunub. Bu anlaşmaya əsasən, Rusiya İranı “S-300" və ”S-400" hava hücumundan müdafiə sistemləri ilə təmin edəcək. Bu isə o deməkdir ki, artıq Suriyadan sonra, İranda da bu komplekslər mövcud olacaq.

Məlumatda o da vurğulanır ki, Rusiyanın İrana yeni silahlar verməsi məhz ABŞ-a və onun regiondakı fəaliyyətlərinə qarşıdır: “Pentaqon məhz bu şərtləri nəzərə alaraq Azərbaycanla hərbi əməkdaşlıq danışıqlarını yenidən bərpa etmək, əməkdaşlığı genişləndirmək və İncirlikdə yerləşən nüvə başlıqlarının bir qismini Azərbaycana yerləşdirmək üçün Bakının razılığını əldə etməyə çalışır. Əgər bu olarsa, Bakı əlavə güc çətiri əldə edəcək”.

Lakin o da məlumdur ki, Azərbaycan qanunlarına və Konstitusiyasına görə, ölkəmizdə nüvə başlıqlarının yerləşdirilməsi, xarici hərbi bazaların qurulması mümkünsüzdür. Mənbəmizsə iddia edir ki, əsas olan Azərbaycan siyasi hakimiyyəti ilə danışıqların başlaması və daha sonra da, anlaşmaya varılmasıdır. Bundan sonrası, prosedur məsələsidir:

“Amerikanın hərbi hakimiyyəti iddia edir ki, əgər İrana o silahlar gedərsə, bu, o deməkdir ki, regionda güc balansında dəyişiklik olacaq və Rusiya regiona nəzarəti tamamilə ələ keçirəcək. ABŞ siyasi hakimiyyəti hazırda İranın siyasi rejimi ilə əməkdaşlıq edir; lakin Pentaqondakılar hesab edir ki, dini rəhbərlik İranın siyasi iqtidarı üzərində mütləq nəzarətə sahibdir və istədiyi zaman, prosesi durdura, tərsinə çevirə bilir".

Mənbəmizin iddialarına görə, İrana veriləcək “S-300" və ”S 400" raketlərinin istifadəsi əslində iranlıların deyil, rusların kontrolunda olacaq: “Bu isə, Türkiyə başda olmaqla Azərbaycan, Gürcüstan və Türkmənistan üçün də təhdiddir. Məhz bu qorxulu perspektivin qarşısını almaq və regionda güc balansının pozulmasını önləmək üçün Amerikanın hərbi strateqləri müəyyən tədbirlər planlayıblar. Əks halda, ABŞ-ın Cənubi Qafqazda varlığına son qoyula bilər. Bu baxımdan, hazırda Pentaqonun timsalında ABŞ-ın prezident Əliyevə ciddi ”işi düşüb". Pentaqon onunla danışıqlar masasına oturmaq və İncirlikdə olan nüvə başlıqlarının bir hissəsini təhlükəsizlik bəhanəsi ilə Azərbaycana təklif etmək niyyəti güdür.

Burada məqsədlərin ən birincisi isə, Rusiya və İranın bu planı, gedən prosesi bilməsidir. Pentaqon bununla da Rusiyanın mesajlarına ciddi bir cavab mesajı vermiş olur; bəlkə də bununla Rusiya və İranı yuxarıda qeyd olunan istiqamətdəki dərin hərbi əməkdaşlıqdan çəkinməyə sövq edə bilər... Çünki ruslar yaxşı bilir ki, Amerikanın nüvə başlıqları bir nəsil yeni başlıqlardır. Rusiyada isə köhnə nəsil nüvə başlıqları mövcuddur. Cənubi Qafqazda bu cür bir ABŞ sistemi olarsa, Gürcüstanın NATO yolu daha da sürətlənəcək və Azərbaycan daha rahat nəfəs ala biləcək..."

O da bildirilir ki, buna oxşar məlumatlar Pentaqonun yeni təhlükəsizlik hesabatında da yer alıb. Əgər hesabat qəbul olunarsa, yaxın dövrdə danışıqlar prosesi başlaya bilər.
Ancaq nəzərə almaq lazımdır ki, bu addım həm də ciddi risk daşıyır və Rusiya ilə İranın ciddi təpkisinə, hər cür təxribatlara səbəb ola bilər.(musavat.com)


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi