Kəlbəcərə gedib çıxmaq üçün 15 kilometrlik tunel çəkilir
Azərbaycan prezidenti İlham Əliyevin tapşırığına əsasən, Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Ermənistan silahlı qüvvələrinin işğalından azad edilmiş ərazilərdə yol infrastrukturunun yenidən qurulması istiqamətində genişmiqyaslı tikinti işləri həyata keçirilir. İşğaldan azad edilmiş ərazilərdə icra olunan yol infrastrukturu layihələrindən biri Toğanalı-Kəlbəcər-İstisu avtomobil yoludur. Artıq yolda genişmiqyaslı tikinti işlərinə başlanılıb.
Göygöl və Kəlbəcər rayonlarını birləşdirən Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun layihə uzunluğu 80,7 kilometr təşkil edir. Dövlət başçısının tapşırığına əsasən, avtomobil yolu Qarabağın inkişaf planı nəzərə alınmaqla 2-4 hərəkət zolaqlı olmaqla 1-ci və 2-ci texniki dərəcəyə uyğun olaraq inşa edilir.
Layihənin keçdiyi ərazinin sərt dağlıq və qayalıq relyefinin olmasını nəzərə alaraq, yolun əsas hissəsinin II texniki dərəcəyə uyğun, yəni hərəkət hissəsinin 2 zolaqdan, yoxuşlarda isə əlavə zolaq verilməklə tikintisi nəzərdə tutulub. Tunel və körpü olan hissələrdə isə 1-ci texniki dərəcəyə uyğun 4 hərəkət zolağının inşası planlaşdırılır.
Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun tikintisi layihəsi Göygöl rayonunun Toğanalı kəndindən keçməklə inşa edilir.
Layihənin 16-cı kilometrlik hissəsindən Murovdağ silsiləsi başlanır və yüksəklik 1900 metrdən Murovdağ zirvəsinədək 3250 metrə qədər artır. Burada mövcud yoldan istifadə ediləcəyi təqdirdə, həddindən artıq sürüşmə zonalarına rast gəlinir. Bu ərazilərdə inşa ediləcək dolaylara (serpantin) əlavə özül əsaslı istinad divarları tikilsə belə, qış fəslində güclü qar və şaxtalı hava şəraitində yolun təhlükəsiz istismarı mümkün olmaya bilər. Bölgədə sərt qayaların olması səbəbindən yolun tikildiyi ərazidə tikinti texnikalarının hərəkət qabiliyyəti də məhdudlaşır. Mövcud yoldan istifadə edərkən Murovdağ zirvəsindən enişdə də eyni çətinliklər yaranır. Yolda maillik 16-28 faiz arası dəyişir. Əgər yol 7 faiz mailliklə tikilsə, mövcud 16,5 kilometrlik yolun uzunluğunun dolaylarla daha 15 kilometr uzadılması tələb olunur. Bu üzdən çətin relyefə malik ərazidə 31,5 kilometrlik yolun tikilməsi əvəzinə, bu hissənin Murovdağ silsiləsinin altından 11,7 kilometrlik tunel ilə keçilməsi daha məqsədəuyğun hesab edilib.
Murovdağ silsiləsindən sonra 2830 və 460 metr uzunluqlara malik daha 2 avtomobil tunelinin inşası da nəzərdə tutulur. Beləliklə, yol boyu ümumi uzunluğu 15 kilometrə yaxın olan 3 tunel tikiləcək. Tunellər bir istiqamət üzrə 2 hərəkət zolaqlı və 12 metr enində olacaq.
Hazırda Murovdağ tunelinin portalında işlər aparılır. Daha sonra qazma, partlatma və qırıcı üsulları ilə tunelin qaya qruntlardan ibarət hissələrin kənarlaşdırılması işləri aparılacaq.
İş həcmi və layihənin qısa müddət ərzində yekunlaşdırılması tapşırığı nəzərə alınaraq tikintini Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “3 nömrəli Magistral Yolların İstismarı” MMC ilə subpodratçı şirkətlər olaraq yol tikintisi sahəsində ixtisaslaşmış Türkiyənin “Kolin İnşaat Turizm Sənaye və Ticarət” və “Cengiz İnşaat Sənaye və Ticarət” şirkətləri birgə icra edir.
Hazırda yolun müəyyən hissələrində layihə-axtarış, geologiya və torpaq işləri aparılır. Belə ki, tikinti norma və standartlarına uyğun olaraq təməl üçün materialların təmin edilməsi, ağır vərdənə ilə əsasın tələb olunan kipliyə çatdırılması və torpaq yatağının səth sularından qorunması üçün torpaq küvetlərin çəkilməsi işləri görülür. Xüsusi texnikalardan istifadə olunmaqla yolun genişləndirilərək profilə salınması və 15-21,5 metr enində yeni torpaq yatağının inşası işləri həyata keçirilir. Bunun üçün tikinti ərazisinə lazımi sayda qüvvə cəlb edilib.
Tikinti işləri “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, agentliyin rəhbərliyinin nəzarəti altında həyata keçirilir.
Yeni inşa edilən yol boyunca layihəyə uyğun suların ötürülməsini təmin etmək məqsədilə ümumi uzunluğu 2575 metr olan 103 dairəvi boru, həmçinin zəruri olan yerlərdə ümumi uzunluğu 450 metr olan 5 yeni avtomobil körpüsünün inşası işləri də icra olunacaq.
Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu başlanğıcını Göygöl rayonunun Toğanalı kəndindən götürməklə işğaldan azad edilmiş Kəlbəcər rayonunun ərazisindən keçir. Bu üzdən sözügedən rayonun bir-çox yaşayış məntəqələri ilə yanaşı rayon mərkəzinə və məşhur İstisu ərazisinə qədər rahat gediş-gəlişi təmin edəcək.
Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin nəqliyyat, rabitə və yüksək texnologiyalar İşçi Qrupu çərçivəsində digər aidiyyəti dövlət qurumları ilə koordinasiyada həyata keçirilən bu yol layihəsi Qarabağın vahid nəqliyyat konsepsiyasının ayrılmaz tərkib hissəsini təşkil edir.
Qeyd edək ki, prezidentin 2020-ci il 24 noyabr tarixli sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahına Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev rəhbərlik edir.