Mehdiyevin müsadirə olunan əmlaklarının qiyməti açıqlandı - FANTASTİK MƏBLƏĞ
Xəbər verdiyimiz kimi, 14 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilən, lakin cəzasının icrası şərti hesab edilən Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin əmlakları müsadirə olunub. Müsadirə olunan əmlakların siyahısında torpaq sahələri, villalar, ticarət mərkəzləri, yaşayış binaları, şirkətlər və bank sektorunda paylar yer alır.
Maraqlıdır, sadalanan əmlakların ümumi bazar dəyəri nə qədərdir? Onların müsadirəsi dövlət xəzinəsinə hansı həcmdə əmlakın keçməsi deməkdir?
Məsələ ilə bağlı News24.az-a danışan Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc bildirib ki, siyahıda yer alan daşınmaz əmlakların yerləşdiyi ərazilər onların bazar dəyərinə ciddi təsir göstərə bilər:
"Sözügedən obyektlərin bir qismi yüksək qiymətləndirilən, prestijli və iqtisadi fəallığın yüksək olduğu ərazilərdə yerləşir. Bu səbəbdən onların dəyərini yalnız ümumi göstəricilər əsasında müəyyənləşdirmək düzgün olmaz. Bu siyahıya baxmışam. Burada torpaq sahələri, villalar, mənzillər, fərdi yaşayış evləri və müxtəlif qeyri-yaşayış obyektləri var. Bunların hər biri ayrıca qaydada qiymətləndirilməlidir. Çünki həmin əmlakların yerləşdiyi ərazilər kifayət qədər bahalıdır. Bəzi obyektlər aktiv iqtisadi hərəkətin olduğu və prestijli hesab edilən məkanlarda yerləşir”.
Orucun fikrincə, siyahıda göstərilən daşınmaz əmlakların ümumi dəyəri 5 milyard manatı ötə bilər. Bununla belə, o vurğulayıb ki, bu rəqəm ilkin ehtimaldır:
"Siyahıda göstərilən daşınmaz əmlakların ümumi dəyəri 5 milyard manatdan çox ola bilər. Bu hazırki bazar qiymətinə əsaslanır. Əmlakların dəyərinin hesablanması zamanı yalnız torpaq sahələrinin və tikililərin bazar qiyməti nəzərə alınmamalıdır. Siyahıda müəssisələrin və müxtəlif şirkətlərin də yer alması qiymətləndirmə prosesini daha mürəkkəb edir. Belə obyektlər üzrə həm əsas vəsaitlərin, həm də biznesin ümumi iqtisadi dəyərinin müəyyənləşdirilməsi vacibdir. Burada müəssisələr də var. Onların əsas vəsaitləri hesablanmalı, eyni zamanda biznes dəyəri gəlirlilik səviyyəsinə uyğun qiymətləndirilməlidir. Bu, böyük həcmli qiymətləndirmə işidir".
Ekspert hesab edir ki, kənd təsərrüfatı təyinatlı torpaqların, villaların, yaşayış binalarının və digər daşınmaz əmlakların qiymətləndirilməsi də müvafiq sahədə təcrübəsi olan mütəxəssislər tərəfindən aparılmalıdır:
"Bu prosesdə qiymətləndiricilərin peşəkarlığı və obyektivliyi xüsusi əhəmiyyət daşıyır. Əmlakların dəyəri ilə bağlı konkret rəqəmlərin səsləndirilməsi yalnız ətraflı araşdırma və peşəkar qiymətləndirmədən sonra mümkün ola bilər. Əks halda, ayrı-ayrı obyektlərin qiyməti barədə irəli sürülən rəqəmlər real bazar dəyərini əks etdirməyə bilər. Syahıda ölkənin iqtisadi infrastrukturu baxımından əhəmiyyətli obyektlər də olduğundan, qiymətləndirmə prosesi kompleks şəkildə həyata keçirilməlidir. Bu zaman həm daşınmaz əmlakların bazar dəyəri, həm müəssisələrin maliyyə göstəriciləri, həm də onların gəlirlilik potensialı nəzərə alınmalıdır".