YAP-çı bələdiyyə sədrinin müxalifətçi nəvəsi radikalların təbliğatçısı rolunda-FOTO/VİDEOFAKT
Azərbaycanda hazırki iqtidarın hesabına böyük vəzifələr və maddi nemətlər əldə edən bəzi şəxslərin və onların yaxın qohumlarının sonradan hakimiyyətə qarşı müxalif mövqedən çıxış etməsi, hətta ölkəmizə düşmən mövqedə dayanan xarici dairələrin əlində alətə çevrilən xaricdəki “söyüş müxalifəti”nə müəyyən kompramatlar sızdırması ilə bağlı xəbərlər yenilik deyil. Bununla bağlı ortaya çıxmış bir çox faktlar və iddialar mövcuddur.
Bu xüsusda Editor.az-ın redaksiyasına olduqca ilginc məlumatlar daxil olub. Məlumatlarda Səbail bələdiyyəsinin Yeni Azərbaycan Partiyasını təmsil edən sədri Hacı Əliyevin ictimai fəal nəvəsi Nurel Kərim Rövşən oğlunun dövlətçilik əleyhinə real və virtual fəaliyyətindən bəhs olunur. Nurel Kərimin sosial şəbəkədəki hesablarının müşahidəsi göstərir ki, bu gənc adam radikal müxalifətin və onların dövlətçilik əleyhinə olan təbliğatının əsas ruporlarından birinə çevrilib.
Məsələn, Nurel Kərim öz Facebook hesabında mütəmadi olaraq ölkəmizcə ictimai-siyasi sabitliyi pozmağa yönəlik razılaşdırılmamış aksiyalara çağırış edir, özü böyük şövqlə bu aksiyalarda iştirak edir. Üstəlik öz qanuni vəzifəsini yerinə yetirən Azərbaycan Polisinin fəaliyyətini gözdən salmaq, guya ölkəmizdə sərbəst toplaşmaq azadlığının pozulması görüntüsünü yaratmaq üçün sosial şəbəkələrdə çoxsaylı paylaşımlar edir.
Səbail bələdiyyəsinin sədri Hacı Əliyevin ictimai fəal nəvəsi Nurel Kərim Azərbaycan iqtidarını ən sərt formada tənqid edən, dövlətimizdən beynəlxalq təşkilatlar şikayət edən radikal müxalifətçilərlə birlikdə tez-tez bir araya gəlir, sevərək onlar üçün dövlətçilik əleyhinə trolluq edir. Azərbaycanda guya söz və mətbuat azadlığının boğulduğunu iddia edir.
Bu gənc fəal Azərbaycan demokratik abu-havada baş tutduğu bütün yerli və beynəlxalq təşkilatlar tərəfindən bəyan edilən parlament seçkilərinin saxta keçirildiyi və onu tanımaqdan imtina etdiyini yazır. Maraqlıdır ki, görəsən, Nurel bəy ən yaşlı bələdiyyə sədrlərindən olan babası Hacı Əliyevin də cəmi bir neçə ay öncə qatıldığı bələdiyyə seçkiləri haqqında da belə düşünürmü?!
Nurel Kərim öz paylaşımlarında Azərbaycanda həyata keçirilən genişmiqyaslı islahalar siyasətini gözdən salmağa, bu siyasətin guya reallığı əks etdirmədiyini iddia etməyə çalışır.
Ümumiyyətlə, bu gənc fəalın demək olar ki, bütün fəaliyyəti sosial şəbəkələrdə və reallıqda radikal müxalifətin ideologiya və tesizlərini təbliğ etməyə yönəlib.
Redaksiyamıza daxil olan məlumatlara görə, hazırda təhsil aldığı Bakı Dövlət Universitetində 20-ə qədər fəndən kəsiri olan Nurel Kərimi hansısa gözəgörünməz qüvvə qoruyur. Və sanki onun sayəsində Bakı Dövlət Universitetində daha çox gəncin radikal qrupların təsiri altına düşməsinə çalışır…
Daxil olan daha bir məlumatda isə qeyd olunur ki, Səbail bələdiyyəsinin sədri Hacı Əliyev seçkilərə bir neçə ay qalana qədər Nizami rayonun “Razin” deyilən qəsəbəsində yaşayırmış və rəsmi olaraq orada qeydiyyatda imiş. Yenə də hansısa gözəgörünməz qüvvə onu seçkilərə bir neçə ay qalmış “Səbail sakini” edir və bu rayondan seçkilərə qatılmasına şərait yaradır.
Maraqlıdır ki, öz doğma nəvəsini dövlətçilik ruhunda tərbiyə edə bilməmiş sədr Hacı Əliyev bələdiyyə fəaliyyətini hansı meyarlar əsasında quracaq…
//Editor.az