Qarabağ söhbəti - Vahid Əhmədov: “Aprel döyüşlərini davam etdirmək lazım idi” - MÜSAHİBƏ
“Elə bilirsiniz ki, Bakıdakı 30 min erməni Ermənistanı müdafiə etmir?”
“Qarabağ döyüşlərində iştirak etmişəm, Ağdamda erməni gülləsinə də tuş gəlmişəm”
“Rusiya Dağlıq Qarabağın açarını itirib, indi o açar öz əlimizdədir”
Modern.az saytının “Qarabağ söhbəti” layihəsi davam edir. Layihə çərçivəsində budəfəki müsahibimiz Milli Məclisin deputatı Vahid Əhmədovdur.
- Vahid müəllim, bu dəfə sizinlə tamam fərqli formatda söhbət edəcəyik. Dağlıq Qarabağ mövzusu ətrafında həmsöhbət olmaq istəyirik. 1980-ci illərin sonlarında Qarabağın başını qara buludlar almağa başladı. Maşınqayırma zavodlarına rəhbərlik etdiyiniz illərdə Qarabağla bağlı düşüncələriniz nədən ibarət idi?
- Dağlıq Qarabağ münaqişəsi 1988-ci ildə adi Topxana meşəsində bir ağacın qırılması ilə başlayan hadisə olub. Düzdü, o zamanlar Azərbaycanda milli azadlıq hərəkatı dirçəlməyə başlamışdı. Demokratik fikirli insanlar, istər ziyalı, istərsə də qeyri-ziyalı olsun, azadlıq hərəkatına qoşulmuşdular. Bilirsiz ki, Azadlıq meydanında mitinqlər keçirilirdi. Ən ciddi məsələlərdən biri də Azərbaycanın müstəqilliyinin bərpa olunması idi. Buna da 1991-ci ilin 18 oktyabrında nail olduq. Bu müddətdə ən narahatedici məsələ Qarabağ məsələsi idi. Məsələ çox ciddi idi. O zaman Azərbaycan SSRİ-nin tərkibində idi. Dediyiniz kimi, 3 zavoda rəhbərlik edirdim. Bizim zavodda hərbi texnikaların istehsalına da başlanılmışdı. Bu silahlarla Qarabağa yardım etmək məqsədimiz vardı. Əlbəttə, Qarabağla bağlı aparılan siyasət düzgün siyasət olmadı. Həmçinin, Ermənistanı müdafiə edən qüvvələr vardı. Xüsusilə, Rusiya Ermənistanı çox ciddi müdafiə edirdi. Eyni zamanda, digər dövlərlər də vardı ki, erməni lobbisi güclü olduğundan Ermənistanı müdafiə edir, bizi isə dəstəkləmirdi. İndi bizə qarşı ikili standartlar olduğu kimi, o zaman da mövcud idi. Bütün bunlara baxmayaraq, o zaman əhali çox vətənpərvər idi. İntellektual səviyyəsi güclü olan şairlərimiz, yazıçılarımız digər mədəniyyət xadimlərimiz irəlidə gedirdi. Zavodlarda, fabrikərdə çalışanlar Qarabağ məsələsinə çox ciddi yardımlar etmək istəyirdilər.
- Bu qədər dəstək olduğu halda, Qarabağı müdafiə edə bilmədik. Səbəb nə idi?
- O zamankı hakimiyyətə rəhbərlik edən Əbdürrəhman Vəzirovun dövründə ən böyük cinayət ondan ibarət oldu ki, Qərbi Azərbaycandan çıxarılan azərbaycanlıları gətirib Bakıda yerləşdirdilər. Bu, ən böyük cinayət idi. Belə etmək olmazdı. Buna qarşı etirazlar, müəyyən görüşlər oldu. Ancaq heç nəyə nail ola bilmədik. Moskva düyməni basmışdı. Rəhbərlik, dövlət başçısı güclü insan olsaydı, bunlar da baş verməzdi. Güclü ordumuz yox idi.
Bizim müstəqilliyimizi o qədər də qəbul edə bilmirdilər. Ciddi proseslər 1990-cı illərdə başladı. 20 Yanvar hadisələri baş verdi, əhalini qırdılar. Çünki Azərbaycanın müstəqil olmasını istəmirdilər. 1991- ci ilin martında müstəqilliklə bağlı məsələ gündəmə gələndə Dağlıq Qarabağ məsələsi ətrafında da müəyyən addımlar atılmağa başladı. Bakıda və Moskvada müəyyən müzakirələr getdi. Müzakirələrin getməsinə baxmayaraq, torpaqların düşməndən təmizlənməsinə nail olunmadı. Dağlıq Qarabağ üçün ən ciddi problem 1992-ci ildə yarandı. Hakimiyyət dəyişikliyi baş verdi. Rusiya müəyyən qədər hakimiyyətə gələn demokratik qüvvələri qəbul etmirdi. Heç etmək fikri də yox idi. Çünki müstəqil dövlət kimi Azərbaycanın yaşamasını istəmirdilər. Açığını deyəcəm: 1992-ci ildə insanların əhval-ruhiyyəsi daha yüksək idi.
- Bugünkündən də?
- Əlbəttə. Məsələn, o vaxtlar Daxili İşlər Nazirliyinin tərkibində OMON dəstəsi vardı. Qarabağ savaşlarında vuruşan əsasən onlar idi. Yəni ordu ciddi formalaşmasa da, milis dəstələrimiz torpaqların müəyyən qisminin azad edilməsində iştirak etdilər. Sonradan isə bəzi insanlar siyasətə qoşulmağa başladı. Hansı ki, siyasətə qoşulmamalı idilər. Siyasətə qoşulandan sonra vəziyyət daha da ağırlaşmağa başladı. Bəzi insanlar demokratik qüvvələri qəbul etmirdilər. Onların Moskva ilə çox ciddi əlaqələri vardı. Necə deyərlər, hələ Sovet imperiyasının dadını itirməmişdilər. Sovet hakimiyyətinin bərpa olunmasını istəyirdilər. Təsəvvür edin, Azərbaycanın müstəqilliyinə səs verəndə 356 nəfər deputat idik. 356 deputatın 100 nəfərindən çoxu səsvermədə iştirak etmədi. Bir sözlə, qarmaqarışıq vəziyyət idi.
- Hadisələrin və o zamankı hakimiyyətin içində olan birisi kimi növbəti sualıma cavab vermək haqqınız var. Qarmaqarışıq vəziyyət olsa da, Qarabağın itirlməsində Xalq Cəbhəsi hakimiyyəti günahlandırılır. Halbuki hadisələr 1988-ci ildə başlamışdı. Sizcə, niyə?
- Düzdür, o zamankı hakimiyyətin günahı var idi, amma Qarabağın itirilməsində günahlandırılmasını o qədər də doğru qəbul etmirəm. Çünki dövlət yox idi, dövlət yeni qurulmuşdu. Bu dövlətin qurulmasına mane olan qüvvələr həddindən artıq çox idi. Bu qüvvələr həm daxildən, həm də xaricdən idi. Bizə İrandan, Rusiyadan təzyiqlər olurdu. Avropa dövlətlərinin çoxu bizi qəbul etmirdi. 1991-ci ilin 18 oktybarında müstəqillyimizi bərpa edərkən Türkiyə, Pakistan, Rumıniya kimi dövlətlər bizi tanıdı. Həmin vaxt mən, Etibar Məmmədov (AMİP lideri) və digər deputatlar Pakistana getdik, baş nazirlə görüşdük. Bizi tanıdılar. Dövlət yeni qurulduğundan atributları, ordusu yox idi. Zavodlar işləmirdi.
Bu məsələni heç yerdə açıqlamamışam, ilk dəfə sənə söyləyəcəm: qoy tarixdə qalsın. Deməli, 1993-cü ilin avqust ayı olardı. Baş nazirin birinci müavini idim. Gecə saat 1 olardı, evə yenicə daxil olmuşdum. Heydər Əliyevin köməkçisi mənə zəng etdi. Dedi ki, Heydər Əliyev səninlə təcili danışmaq istəyir. Evdə hökumət telefonu vardı. “Eşidirəm” dedim. “Təcili dur yanıma gəl” söylədi. Dərhal Heydər Əliyevin yanına getdim. İçəri girəndə gördüm qəbulda 15-ə yaxın adam var. Baş nazirin müavini Abbas Abbasov, indiki baş nazirin müavini Əli Həsənov, rəhmətlik baş prokuror Murad Babayev, deputat Arif Rəhimzadə və digərləri... Mənə həmişə Vahid müəllim deyə müraciət edirdi. Heydər Əliyev mənə dedi ki, “Vahid müəllim, Füzuli-Zəngilan tərəfdə vəziyyət çox ağırdı. İstəyirəm ki, ora gedib bizə dəqiq məlumat verəsən”. Biz gecə ilə çıxdıq. Beyləqanda düşərgə qurdum. Abbas Abbasovu bir dəstə ilə Zəngilan-Qubadlı tərəfə göndərdim Özüm isə səhərə yaxın 15-20 maşınla Füzuli-Cəbrayıl tərəfə getdim. Füzuliyə dönən yerdə hərbçilər bizi saxladı. General Zaur Rzayev də yanımda idi. Hərbçilər mənə məruzə etdilər ki, “Nəcməddin Sadıqov maşın karvanını saxlatdırıb, çünki müharibə gedir. Ora girmək olmaz”. “Ali baş komandanın göstərişi var. Ölüm də olsa getməliyəm” deyib Füzuliyə doğru irəlilədik. Horadizdən keçib Fizuliyə yaxınlaşanda gördüm ki zabitlər, əsgərlər geri qayıdır. Zaur Rzayevə komanda verməsini xahiş etdim. O da komanda verib qaçanları saxlatdırdı. Niyə qaçdıqlarını soruşanda “ermənilər Füzulini tutublar” cavabını verdilər. Həmin vaxt orada uzun söhbətimiz oldu. Dedim ki, “mən Füzuliyə mütləq daxil olmalıyam”. Füzuliyə daxil olanda heç kimi görmədik, nə erməni, nə də azərbaycanlı vardı. Sürücüyə maşını İcra hakimiyyətinə sürməyi əmr etdim. İcra başçısının otağına keçəndə bir stəkan su istədim. Mənə bir stəkan su gətirdilər. Dedim ki, “gördüz, burda nə erməni var, nə də azərbaycanlı. Deməli, kimsə burada təxribat törədib. Ona görə də torpağı qoyub çıxıblar”.
- Kim idi o təxribatı törədən?
- Bilmirəm,deyə bilmərəm.
- Hər halda kim olduğunu bilirsiz?
- Nə isə... Ordan çıxıb Cəbrayıl tərəfə yollandıq. Cəbrayılda post vardı, o postda bizi yenə saxladılar ki, “girmək olmaz”. Ancaq biz Cəbrayıla da daxil olduq. Cəbrayılda da heç kim yox idi. İcra hakimiyyətinə gedib bir stəkan su içdik. Sonra Beyləqana gəlib vəziyyəti Bakıya məruzə etdim. Mənim üçün ən ağrılı vəziyyət bu idi. Ola bilər ki, atışma olub. Ancaq kimsə təxribat törətmişdi ki, insanlar torpağı qoyub çıxmaq məcburiyyətində qalsınlar.
- Sizcə, bu təxribat əməlini həyata keçirənlər sapı özümüzdən olan baltalar idi, yoxsa, xarici qüvvələr?
- O barədə bir söz deyə bilmərəm. Onu məxfi orqanlar yaxşı bilir. Əsas odur ki, fakt faktlığında qalır. Deyim ki, bizim insanlar döyüşkən deyil, bu yanlışdır. Bizimkilər döyüşkən idi. Bu məsələdə heç bir problem yox idi.
- Baş nazirin o zamankı müavini olmuş Abbas Abbasov Zəngilan-Qubadlı tərəfdə vəziyyət barədə sizə nə məlumat vermişdi?
- Abbas Abbasovun Zəngilan-Qubadlı tərəflərdə xidməti böyük olub. Çünki camaat Araz çayını keçməli idi. Abbas Abbasovun köməkliyi sayəsində çayı keçərkən insan tələfatı olmadı.
- Vahid müəllim, 1992-ci ildə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı Helsinki Yekun Aktına imza atanlardan da biri sizsiz. Yekun Aktına görə, ATƏT-in Minsk qrupu yaradıldı. Ancaq bu günə kimi o sənəf bir işə yaramır. Bu barədə sizin də fikirlərinizi eşitmək istəyirik.
- 1992-ci ildə mən baş nazir əvəzi kimi Helsinki görüşünə qatılmışdım. Rəhmətlik Əbülfəz Elçibəy, rəhmətlik Vəfa Quluzadə və xarici işlər naziri Tofiq Qasımov da orada idilər. Bizi Leninqradda Sobçakla Putin qarşıladı. Putin o zaman Sobçakın müavini idi. Sonra bizi Helsinkiyə yola saldılar və ora gedib sənədə qol çəkdik. Təəssüf ki, dediyiniz kimi, 1992-ci ildə Yekun Aktında ATƏT-in Minsk qrupu yaradılsa da, 27 ildir ki, heç nəyə nail ola bilmədik. Bircə atəşkəsə nail olduq.
- Ancaq atəşkəs məsələsində də fikirlər haçalanır. Bəzilərinə görə, atəşkəs uzandıqca Ermənistan qazanır, Azərbaycan isə itirir. Siz necə düşünürsüz?
- Atəşkəsin elan olunmasının müsbət tərəfləri var. Məsələn, müəyyən illər oldu ki Azərbaycanda yaradıcılıq işləri getdi. Neft müqavilələri imzalandı. Ancaq biz Dağlıq Qarabağı geri qaytara bilmədik. Açığı, atəşkəsin bu qədər uzanması lazım deyildi. Ümumiyyətlə, tarix göstərir ki, müharibəsiz heç kim torpaq azad etmir. Həmişə öz fikrimdə qalmışam. Torpaq yalnız müharibə yolu ilə azad edilir.
- Ancaq müharibə edən dövlətlərdə də torpağı geri qaytarmaq olmur. Yaxın Gürcüstan və Ukrayna məsələsini nümunə göstərmək olar. Sizcə, müharibə olarsa, Qarabağı geri qaytara bilərik?
- Başa düşürəm. Bölgədə Qarabağdan sonra da qanlı hadisələr baş verdi. Gürcüstanda Abxaziya, Cənubi Osetiya, Ukraynada Donetsk, Luqansk kimi ərazilərdə müharibəni Rusiya etdi. Bəzən deyirlər ki, bunu Rusiya özbaşına edir. Rusiya da bunu özbaşına etmir. Ümumi razılıq əsasında planlar qurulur. Açığı, sizə deyim ki, burada müsəlman-xristian məsələsi daha çox qabardılır. Qərbin əli ilə Şərqdə baş verənləri çox yaxşı bilirik. Ona görə də Qarabağın geri qaytarılmasında özümüzə güvənməliyik.
- Deyirsiz ki, Qarabağı ancaq müharibə ilə geri ala bilərik?
- Sülh danışıqları da aparmaq lazımdır. Ancaq biz ildə orduya kifayət qədər pul ayırırıq. Kifayət qədər silahlar alırıq. Bunlar nədən ötrüdür?! Ondan ötrüdür ki, öz torpaqlarımızı azad edək. Gec-tez azad etmək lazımdır. Nə qədər tez azad etsək, o qədər yaxşı olar. Deyirlər ki, Rusiya Qarabağı azad etməyə qoymaz. Rusiya gedib Gürcüstanı, Ukraynanı işğal edəndə qoymamaydılar da!... Avropa əngəl olaydı da...Hansı ki, Ukraynanın təhlükəsizliyinə 4 dövlət imza atıb. Rusiya, Fransa Amerika demişdi ki, nüvə silahı olmasa, biz Ukraynanın təhlükəsizliyini təmin edəcəyik. Nə oldu bəs?! Burada maraqlar toqquşur. Ona görə də Azərbaycan torpaqlarını nə qədər tez azad etsə, bir o qədər yaxşı olar. Kimisə gözləməli deyilik. “Kimsə necə baxacaq” məsələsi çoxdan keçib. 2016-cı ilin aprel hadisələri göstərdi k,i ordumuzun buna imkanı var. Onu davam etdirmək lazım idi. Artıq müharibə məsələsində güzəştə getməyə yol yoxdur.
- Ermənistan hakimiyyəti son vaxtlarda hədələyici açıqlamalar verir. Baş nazir Nikol Paşinyan “Qarabağ Ermənistandır”,-deyə bəyan edib. Paşinyanın bu açıqlamaları verməkdə məqsədi nədir?
- Paşinyan faktiki olaraq azğınlaşmış bəyanatlar səsləndirir. Hətta Sarkisyanın bir açıqlamasını oxudum: - “Dağlıq Qarabağ heç zaman Azərbaycanın tərkib hissəsində olmayacaq” deyir. Bu hələ hakimiyyətdən kənarlaşdırılan adamdır. Köhnə separatçıdır, azərbaycanlıları qırıb. Paşinyan da Qarabağa gəlib yollar çəkir, tarixi abidələri söküb yerində başqa şeylər tikir. Qarabağı faktiki olaraq özününküləşdirirlər. Münaqişənin həll yolu müharibədir. Millət ayağa qalxıb torpağını azad etməlidir.
- Vahid müəllim, siz 1980-ci illərdə 3 zavoda rəhbərlik etmisiz. İndi Bakıda 30 minə yaxın erməninin yaşadığını deyiriksə, o vaxtlar bu rəqəm daha çox idi. Zavodunuzda erməni fəhlələr çalışmamış olmazdı. Bəs onların Dağlıq Qarabağ münaqişəsinə münasibətləri necə idi?
- Erməni ermənidir. Hətta müavin vəzifəsində olanlar vardı ki, sonradan onları dəyişdirdim. Elə bilirsiz ki, Bakıdakı həmin 30 min erməni Ermənistanı müdafiə etmir? Edir, inanın mənə. Ürəklərində başqa, dildə tamam başqa söz deyirlər. Tarix boyu ermənilər heç zaman bizimlə yola getməyib. 1905-1906, 1918, 1948-53, 1988-ci ildən ta bu günə kimi.
- Birinci müstəqilliyimizlə ikinci müstəqilliyimiz arasında bir paradoksallıq var. Birinci müstəqilliyimizi indiki Yerevanı Ermənistana bağışladıqdan sonra əldə etdik. İkinci müstəqilliyimizi isə əldə edib daha sonra Dağlıq Qarabağı itirdik...
- Birinci müstəqilliyimizdə cəmi 23 ay yaşadıq. Böyük tarix deyildi. İrəvan məsələsini tarixçilər daha yaxşı izah edər. İkinci müstəqilliyi əldə edib Dağlıq Qarabağı itirməyimizin əsas səbəbi o idi ki, erməni lobbisi çox güclü idi. Biz Azərbaycan dövləti olaraq ciddi lobbi işini qura bilməmişik. Düzdü, kifayət qədər maliyyə imkanları olan insanlar var. Həm Azərbaycanda, həm Rusiyada, həm də Avropada belə insanlarımız mövcuddur. Ancaq bu imkanlı şəxslər Azərbaycan lobbisini yaratmağa nail ola bilməyib. Yadıma gəlir, Ermənistanın ən ağır günündə Şarl Aznaur ildə 100 milyon dollar pul verirdi. Ermənistanın büdcəsində pul yoxdur. Onları dolandıran insanlar var. Dağlıq Qarabağ məsələsində Moskvanın rolu böyük oldu. Moskva Azərbaycanın müstəqiliyini həzm edə bilmədi. Qafqazda neft-qazla zəngin olan yeganə dövlət Azərbaycandır. Bunu hamı bilir. Tarix boyu mübarizələrin 99%-i neftin, qazın üzərində olub. O vaxt hakimiyyət davası da çox ciddi məsələ idi. Müstəqillik yenicə əldə olunmuşdu. Demokratik olmalarına baxmayaraq, idarəetmə üsulları zəif, bacarıqları yox idi. O vaxt hakimyyətdə 50-50-yə idi. 50% kommunistlər, 50% demokratlar gəlmişdi. Çalışırdıq ki, insanlar iqtisadi cəhətdən əziyyət çəkməsinlər.
- Kommunist partiyasının üzvü olmusuz. Partiya üzvü ola-ola Qarabağın azadlığı uğrunda gedən etirazlara qoşulmusuz. Həm də vəzifədə idiz. Rusiya bu məsələdə hansı mövqeyi sərgiləyirdi? Sizə hər hansı mane olurdumu?
- Rəhbərlik etdiyim zavod birbaşa Moskvaya tabe idi. SSRİ maşınqayırma naziri, Sosialist Əməyi Qəhrəmanı Lukyanenko dostum idi. Onunla tez-tez görüşürdüm. O bizi dəstəkləyirdi. Ancaq mənə ən çox təzyiq Moskvada yox, Bakıda oldu. Məni Bakıda bir neçə dəfə həbs də etmək istəyiblər. Bilirsiz, kommunist olsam da, demokratik fikirli idim. Vəzifədə olan bəzi insanlar vardı ki, mənim tərəfimdə idilər. Onların sayəsində həbs olunmaq təhlükəsindən qurtulmuşam.
- Bayaqkı sualıma yenidən qayıtmaq istəyirəm. Dağlıq Qarabağ məsələsində Cəbhə hakimiyyətini daha çox ittiham edirlər. İsa Qəmbərin, Yaqub Məmmədovun, Etibar Məmmədovun da adı günahkarlar sırasında çəkilir. Bunlardan kimdi günahkar?
- Sizə deyim də. Bu məsələdə vəzifədə olanı da, vəzifədən gedəni də günahlandırmaq olar. Hamını müdafiə etmək fikrində deyiləm. Müəyyən səhvlər olub.
- Məsələn, Şuşanın işğalında Ayaz Mütəllibovun adı çəkilir.
- Səhvlərin olduğunu heç kim inkar etmir. Bir məsələni də nəzərə almaq lazımdır ki, o zaman dövlət yox idi, yeni-yeni qurulurdu. İdarəetmə sistemində müəyyən dəyişikliklər gedirdi. Hakimiyyətdə bir-birini qəbul etməyən insanlar vardı. Ümumi götürəndə hamımız günahkarıq. Çox istərdim ki, Dağlıq Qarabağ məsələsini gələcək nəsillərə saxlamayaq. Bunu həll etməliyik.
- İctimaiyyətdə belə fikirlər var ki, Qarabağ münaqişəsinin uzadılması onun unudulmasına hesablanıb. Nə dərəcədə doğru fikirlərdir?
- Atəşkəsin üzərindən 25 il keçib. Bu böyük vaxtdır. Yeni nəsil yetişir. Ancaq Qarabağı unutdurmaq mümkün deyil.
-Ən yeni nəsil Qarabağ məsələsini necə anlayacaq?
- Niyə ki, tarix var. Bu elə-belə məsələ deyil.
- Ancaq İrəvanı bu gün istəmirik. Halbuki, o da tarixdir.
- Ona görə də münaqişə tez həll edilməlidir. Paşinyan deyir ki, gücünüz varsa, gəlin Qarabağı alın! Bundan artıq adama nə deyərlər?! Faktiki olaraq bizim millət üçün təhqirdir. İnandırım sizi ki, istənilən vaxt gedib vuruşmağa hazıram. 1992-ci ildə neçə dəfə Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmişəm.
- Bayaq Abbas Abbasovun adını çəkdiniz. O da sizinlə döyüşlərdə iştirak edib?
- Abbas Abbasov da, Allahşükür Paşazadə də, başqa dövlət adamları də Qarabağa gedib.
- Siz müharibədə tam olaraq döyüşmüsünüz?
- Bəli,bəli... Ağdamda gedən döyüşlərdə erməni gülləsinə də tuş gəlmişəm. Pənah Hüseynlə birgə atəş altında da olmuşuq. Söhbət ondan getmir. Həyatdı da... Bir dəfə verilibsə, gec-tez alınacaq. Bizim millət döyüşkən millətdir. 1992-93-cü illərdə öz gözümlə görmüşəm ki, bizim uşaqlar necə fədakar idilər. Ad çıxaran insanlarımız olub ki, ermənilər onlardan qorxurdu. İnsanlarda vətənpərvərlik hissini qaldırmaq lazımdır. Televiziyada ciddi verilişlər hazırlanmalıdır.
- Sanki əks-təbliğat gedir. Eləmi?
- Ciddi islahatlar getməlidir. Demirəm ki, yasa bataq. Ancaq vətənpərvərlik hissini artıran verilişlər olmalıdır.
- Vahid müəllim, Azərbaycanda “5-ci kolon”un olduğunu deyirlər. Sizcə, nə dərəcədə haqlıdırlar?
- Deyənlərə haqq verirəm. Çünki bu məsələdə Azərbaycanda problem qalır. Bu yaxınlarda deputat Siyavuş Novruzovun arxivlərin açılması ilə bağlı müsahibəsini oxudum. Mən də arxivlərin açılmasının tərəfdarıyam. Arxivlər açılmalıdır və kimin kim olduğu bilinməlidir.
- Ancaq Ayaz Mütəllibovla bir dəfə arxivlərin açılması ilə bağlı söhbət edirdik. Dedi ki, arxivdə gizli nələrsə qalmayıb.
- Elə söhbət yoxdur. O “yoxdur” deməklə deyil axı!.. Siyasətdə olanlar bunu yaxşı bilir.
- 1991-ci ilin martında SSRİ-nin saxlanmasına imza atan bir neçə şəxsə “bunu niyə etmisiniz” sualını verəndə, kor-koranə şəkildə, bilmədən etdiklərini deyiblər. 1991-ci ilin 18 oktyabrında əldə etdiyimiz müstəqilliyə razı olduqlarını söyləyiblər. Haqlıdırlarmı?
- İndi vaxt keçib. Zaman hər şeyi yerinə qoyub. Mən təlatümlərin hər zaman içində olmuşam. Ad çəkməyəcəm. İndiki bəzi millət vəkilləri vaxtilə deyirdilər “Azərbaycan heç zaman müstəqil yaşaya bilməz. Bu mümkün deyil”. Biz isə sübut etdik ki, Azərbaycan müstəqil yaşaya bilər. Bu gün Azərbaycan regionda ən qüdrətli, dünyada isə inkişaf etmiş dövlətlərdən biridir. Amerikada olanda mənə sual verdilər ki, “sizdə demokratiya niyə inkişaf etməyib?”. Neçə ildir müstəqil olduqlarını soruşanda, “243 il” dedilər. “Cəmi 28 ildir ki, müstəqilik. İmkan verin biz də müstəqil dövlət kimi yaşayaq, nəsil dəyişsin və sairə” cavabını verdim. Nöqsanlarımız da var. İnkar etmirik. Ancaq inkişafımız da göz önündədir.
- 1991-ci ilin martında SSRi-nin saxlanmasına razı olanlar 1991-ci ilin oktyabrında müstəqillik qazandığımıza şahid oldular. Bəs 1992-ci ildə Dağlıq Qarabağı itirəndə hansı sifətdə oldular?
-Hamı haqqında eyni fikri söyləmək olmaz. Hamısı müəyyən fikirli insanlardırlar. Təəsüf ki, elə insanlar var, onları bəlkə heç Qarabağ maraqlandırmır.
- Söhbətin əvvəlindəki sualı bilərəkdən sizə ünvanladım. Zavod direktoru ola-ola Qarabağın azadlığına çalışırdınızz. Bu gün vəzifədə olan bəziləri Qarabağı arxa plana atıb.
- Nə demək istədiyinizi anladım. Ancaq qeyrəti, namusu olan insanlar Qarabağ sevgisi ilə yaşamalıdır. Əvvəllər müstəqillik məsələsi ilə bağlı çox narahat idim. Ancaq 2016-cı ilin aprelində bu narahatlıq aradan qalxdı. Gəncliyimiz çox yaxşı inkişaf edib. Torpağı da geri qaytarmaq olar, ancaq müstəqilliyimizi qoruyub saxlamaq bizim üçün çox önəmlidir. Bəzən deyirlər ki, Dağlıq Qarabağın açarı Rusiyanın əlindədir. Ancaq bu gün o açar itirilib. O açar öz əlimizdədir. Rusiya istəsə də, Qarabağ məsələsini həll edə bilməz. Çünki bir tərəfdə Amerika, digər tərəfdə Avropa dövlətləri var.
- Həmçinin bizə qardaş olan Türkiyə də?!
- Guya Türkiyəni istəyirlər? Türkiyənin üzərində qara buludlar fırlanır. Açığı, Türkiyədən də narahatam. Atatürkün yaratdığı Türkiyəni qoruyub saxlamalıyıq. Çox problemlər var. Çox da dərinə getmə.
- Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına Azərbaycanın üzvlük məsələsi də zamanla gündəmə gətirilib. Bəzi deputat həmkarlarınız KTMT-yə üzv qəbul olmağımızı dəstəklədiyi halda, siyasi ekspertlər bunun fəsadlarını söyləyirlər. Sizcə, Azərbaycan indiki halda KTMT-yə üzv qəbul olmalıdırmı?
- Bilirsiz, istər KTMT, istərsə də Avrasiya Gömrük İttifaqı olsun, həmişə onların əleyhinəyəm. Heç birinə daxil olmamalıyıq.
- Dediyim kimi, bəzi həmkarlarınız daxil olmağımızın tərəfdarıdırlar.
- Biz siyasətdə olan adamlarıq. Dünyada gedən prosesləri izləyirik, danışıqlar aparırıq. Açığını deyim, bu sahədə İlham Əliyevi dəstəkləyirəm. Azərbaycanı sabit saxlamaq çox çətindir, ancaq cənab Prezident buna nail olub. Müstəqillik və sabitlik bizim Qarabağ probleminin həllində əsas faktordur.
- Sonuncu sualım ordumuzun Naxçıvan və Qazax istiqamətlərində irəliləməsi və bəzi ərazilərə nəzarəti ələ keçirməsilə bağlıdır. Ancaq Müdafiə Nazirliyi bu barədə ictimaiyyətə geniş açıqlama vermir.
- Açığını deyim. Rəsmi açıqlamaya ehtiyac yoxdur. Əvvəllər də belə hallar olub. Ancaq ictimaiyyətə bu barədə məlumat verilməyib. Əsas odur ki, torpaqlar azad olunsun. Ordumuzla bağlı məndə çoxlu məlumatlar var. Çox güclü silahlarımız var. Artıq bu silahlardan istifadə etməyin vaxtı çatıb. Biz gedib kiminləsə müharibə etmirik. Biz torpaqlarımızı geri qaytarmaq istəyirik. Dağlıq Qarabağı və ona bitişik olan torpaqlarımızı azad etmək istəyirik. Dünyada artıq elə bir proses gedir ki, bu da sərhədlərin tanınması ilə bağlıdır. Mütləq şəkildə dövlətlərin sərhədləri tanınmalıdır.