azia.az
azia.az

Azərbaycan-İran Dövlət Komissiyasının növbəti iclası keçirilib

15-03-2019, 16:22

Martın 15-də Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının 13-cü iclası keçirilib.
İclasda İqtisadiyyat naziri, Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev vurğulayıb ki, Azərbaycan və İran prezidentlərinin siyasi iradəsi və dostluq münasibətləri ölkələrimiz arasında iqtisadi əməkdaşlığın inkişafı üçün möhkəm zəmin yaradır. İkitərəfli əlaqələrdə xalqlarımızın ortaq dinə, tarixə və adət-ənənələrə malik olması da əhəmiyyətli rol oynayır. Son 5 ildə Azərbaycan-İran əlaqələri xüsusilə inkişaf edib və yeni mərhələyə qədəm qoyub. Ölkələrimiz arasında əməkdaşlığın möhkəm müqavilə-hüquq bazası yaradılıb, müxtəlif sahələrdə 150-dən çox, son 5 ildə 50-yə yaxın sənəd imzalanıb.Azərbaycan-İran Dövlət Komissiyasının növbəti iclası keçirilib
Dövlət Komissiyasının ötən iclasından keçən dövrdə görülmüş işlər barədə məlumat verən Şahin Mustafayev bildirib ki, Azərbaycanda qeydiyyatdan keçmiş İran şirkətlərinin sayı 1000-i ötüb, İranın Azərbaycana yatırdığı investisiyaların həcmi 3,4 mlrd. ABŞ dollarına çatıb. Azərbaycan iş adamları da İran iqtisadiyyatına investisiyalar yatırır. Azərbaycan və İran birgə layihələri çərçivəsində Neftçala Sənaye Məhəlləsində avtomobil istehsal edilir, Bakıda Azərbaycan-İran klinikası açılıb, Pirallahı Sənaye Parkında birgə əczaçılıq zavodu tikiləcək.
Qarşılıqlı əməkdaşlığın əsas istiqamətlərindən olan ticarət sahəsində ciddi irəliləyişlərə nail olunub, 2018-ci ildə ticarət dövriyyəsi 74% artaraq 446 mln. dollar təşkil edib. Bununla belə, ticarət dövriyyəsinin artırılması və strukturunun şaxələndirilməsi üçün böyük potensial var.
Şahin Mustafayev qeyd edib ki, hər iki ölkənin dövlət başçılarının siyasi iradəsi və verilən tapşırıqların icrası nəticəsində nəqliyyat-tranzit sahəsində mühüm işlər görülüb. 2016-cı ildə Azərbaycan və İran dəmir yollarının əlaqələndirilməsi haqqında Hökumətlərarası Sazişin və Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin reallaşdırılması sahəsində əməkdaşlıq haqqında Niyyət Protokolunun imzalanması həyata keçirilən tədbirlər üçün hüququ zəmin yaradıb.
Tarixi əhəmiyyətə malik Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafı istiqamətində önəmli tədbirlər həyata keçirilib. Azərbaycan bu layihə üzrə öz ərazisində müvafiq infrastrukturun yaradılması işini uğurla tamamlayıb. Bununla yanaşı. Astarada iki ölkənin dəmir yollarının birləşdirilməsinə nail olunub, Astaraçay çayı üzərində dəmir yolu körpüsü istismara hazır vəziyyətə gətirilib, quru yük terminalının 1-ci fazası istifadəyə verilib. Mart ayının 6-da Qəzvin-Rəşt dəmir yolunun açılması yalnız Şimal-Cənub deyil, eyni zamanda Cənub-Qərb Nəqliyyat Dəhlizinin də inkişafı istiqamətində atılmış çox mühüm addımdır.
İki ölkə arasında mühüm əməkdaşlıq istiqamətlərindən biri də sərhəd və gömrük sahəsində əməkdaşlıqdır. Bu sahədə görülən işlərdən danışan Şahin Mustafayev örən ilin mayından Biləsuvar, Astara və Culfa sərhəd-keçid məntəqələri 24 saatlıq iş rejiminə keçdiyini, Şahtaxtı-Poldəşt məntəqəsinin iş rejiminin bu ilin fevral ayından 12 saatdan 16 saata artırıldığını qeyd edib.
Vurğulanıb ki, Azərbaycan və İran energetika sahəsində də səmərəli əməkdaşlıq edirlər. SOCAR və İranın NİCO şirkəti arasında uğurlu əməkdaşlıq əlaqələri vardır. Ölkələrimiz arasında Naxçıvan Muxtar Respublikasının qazla təmin olunmasında əməkdaşlıq həyata keçirilir.
“Xudafərin” və “Qız Qalası”, eləcə də “Ordubad və Marazad" SES və hidroqovşaqlarının tikintisi və istismarı üzrə Birgə Texniki Komissiyalar yaradılıb, bu istiqamətdə birgə iş aparılır. Eyni zamanda, 330 kv-luq İmişli-Parsabad elektrik xətti tikilib. 2016-cı ildə Hökumətlər arasında elektrik enerjisinin satışı haqqında Çərçivə Sazişi imzalanıb, İranın Muğan və Astara bölgələrinə elektrik enerjisinin ixracına başlanılıb.
İran-Azərbaycan-Rusiya və İran-Azərbaycan-Gürcüstan elektrik enerjisi sistemlərinin birləşdirilməsi nəzərdə tutulur. Azərbaycan-İran-Türkiyə elektrik enerjisi dəhlizinin yaradılması məqsədilə həyata keçiriləcək tədbirlər üçtərəfli enerji əməkdaşlığını genişləndirməyə əlavə imkan yaradacaq.
Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev qeyd edib ki, kənd təsərrüfatı, səhiyyə, təhsil, mədəniyyət, turizm sahələrində əlaqələrimiz davamlı olaraq inkişaf edir. Son illərdə Azərbaycana səfər edən İran vətəndaşlarının sayının artdığı müşahidə edilir. Belə ki, 2018-ci ildə 240 mindənn çox iranlı Azərbaycanda olub. ASAN viza vasitəsilə viza alan əcnəbilərin sayına görə İran vətəndaşları 1-ci sıradadır.
Əməkdaşlığın genişləndirilməsi perspektivlərinə gəlincə, nazir Şahin Mustafayev diqqətə çatdırıb ki, sənaye, kənd təsərrüfatı, ticarət, kiçik və orta sahibkarlıq, gömrük, maliyyə və bank, İKT, ekologiya, melioarasiya, humanitar və s. sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanlar var və Dövlət Komissiyasının iclasında aparılacaq müzakirələr bu potensialın reallaşması istiqamətində əhəmiyyətli olacaqdır.
İran İslam Respublikasının İqtisadi işlər və maliyyə naziri, Dövlət Komissiyasının həmsədri Fərhad Dejpəsənd ölkəsinin Azərbaycanla əlaqələrin genişlənməsinə xüsusi önəm verdiyini, son illərdə Azərbaycan-İran əlaqələrinin daha da inkişaf edərək yüksək səviyyəyə çatdığını qeyd edib. Fərhad Dejpəsənd hər iki ölkənin dövlət başçısının İran-Azərbaycan əlaqələrinin inkişafına və Dövlət Komissiyasının işinə dəstək göstərdiyini vurğulayıb. İranlı nazir qeyd edib ki, ölkələrimiz arasında ticarət dövriyyəsinin artması müsbət haldır. Bununla belə, qarşılıqlı ticarətin genişlənməsi üçün imkanlar genişdir. Bundan başqa, sənaye, səhiyyə, kənd təsərrüfatı, turizm, tranzit və yükdaşımlar sahələrində də əlaqələrin inkişafı üçün potensial böyükdür. Ölkələrimiz arasındakı yüksək siyasi münasibətlər iqtisadi əməkdaşlığın dərinləşdirilməsinə əlverişli şərait yaradır.
Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 13-cü iclasında iqtisadiyyatın müxtəlif sahələrində Azərbaycan-İran əməkdaşlığının inkişafına, birgə həyata keçirilən layihələrə, ticarət əlaqələrinin genişləndirilməsinə dair müzakirələr aparılıb.
İclasın sonunda Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 13-cü iclasının yekunlarına dair Protokol imzalanıb. Sənədi Komissiyanın həmsədrləri - Azərbaycan Respublikasının İqtisadiyyat naziri Şahin Mustafayev və İran İslam Respublikasının İqtisadi işlər və maliyyə naziri Fərhad Dejpəsənd imzalayıb.
İclas çərçivəsində müzakirə olunmuş məsələlərin və Komissiyanın gələcək fəaliyyət istiqamətlərinin əksini tapdığı sənəddə ticarət, kiçik və orta sahibkarlıq, sənaye, nəqliyyat, gömrük, kənd təsərrüfatı, energetika, su və ətraf mühit, qida təhlükəsizliyi, investisiya, İKT, turizm, humanitar və s. sahələrdə əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur.
Dövlət Komissiyasının iclası çərçivəsində İranın “Etihad” şirkəti ilə Azərbaycanın “Azərmaş” ASC arasında Neftçala Sənaye Məhəlləsində avtomobil ehtiyat hissələrinin istehsalına, həmçinin “Qartal” şirkəti və “Azərmaş” ASC arasında Hacıqabul Sənaye Məhəlləsində avtobus istehsalına dair Anlaşma Memorandumları imzalanıb.

Mətbuat Xidməti


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi