“10 manata Varşavada yaxşıca nahar eləmək olar, Bakıda isə...” - sabiq XİN başçısı da bahalıqdan gileyləndi
“Varşavanın mərkəzində beş seçimdən birini edib 10 manata belə müxtəlif çeşidli səhər yeməyi sifariş vermək mümkündür. Üstəlik kofe, yaxud çay da bu hesaba daxildir. Bakının mərkəzində isə 10 manata yalnız iki fincan çay içmək olar. Düzdür, yanında bir mikroskopik ölçülü qurabiyə də verirlər. Sonra da şikayətlənirik ki, ölkəmizə turistlər az gəlir”.
Bu sözləri öz facebook səhifəsində Azərbaycanın keçmiş xarici işlər naziri, hazırda Bosniya və Hersoqovinadakı səfiri Vilayət Quliyev yazıb.
Maraqlıdır ki, səfirin sosial şəbəkələrdə çoxsaylı oxucuları Vilayət Quliyevi dəstəkləyib və şərhlərdə Bakının restoran və kafelərindən verilmiş qəbzlər dərc etməyə başlayıblar.
Sabiq nazirin iradı əslində yeni deyil. Paytaxt Bakıda yaşayış gerçəkdən də insanların gəlirləri fonunda çox bahadır. Qiymətlərin yüksək, eyni zamanda servisə adekvat olmaması isə xarici turistləri Azərbaycana gəlməkdən çəkindirən mühüm amillərdən hesab olunur.
Niyə belə vəziyyət yaranıb? Bunun obyektiv və subyektiv səbəbləri, çıxış yolu nədir? Bakı paytaxtlar arasında nə dərəcədə bahalı məkandır?
İqtisadçı-alim Vüsalə Əhmədova “Yeni Müsavat”a mövzunu belə şərh etdi: “Sabiq nazir bu haqda indi danışır, amma biz illərdir ictimai-iaşə sektorundakı qiymət özbaşınalığından bəhs edirik, ancaq hələ ki heç bir irəliləyiş əldə edilməyib. Hər zaman qeyd edirəm, Sovet İttifaqının dağılmasından sonra ölkəmizdə yeganə geniş vüsət alan sahibkarlıq sahəsi ”restoran və şadlıq sarayı biznesi" oldu, o da ki acınacaqlı vəziyyətdədir. Bu sahə üzrə obyektlərin böyük əksəriyyətini yüksək çinli məmurlar öz inhisarlarına aldılar və qiymətləri istədikləri kimi diktə edirlər.
Vüsalə Əhmədova: “Bəyəm ölkədə alternativ istehsal sahələri yaradılıb ki?” - Müsahibə
Vüsalə Əhmədova: “Bu sahə üzrə obyektlərin əksəriyyətini yüksək çinli məmurlar inhisara alıb”
Vətəndaşlarımız və əksəriyyət xarici turistlər ölkədəki qiymət özbaşınalığından son dərəcə şikayətçidirlər. Özümün də vaxtaşırı xaricdən qonaqlarım olurdu. Şəhərimizin hətta ən yaxşı sayılan ictimai iaşə müəssisələrindəki qiymət xaosundan və mövcud xidmət səviyyəsindən dəfələrlə olub ki, utanmışam. Hələ bir neçə ailə fərdi ilə birgə hər hansı məkana gedən sadə vətəndaş nə qədər xərcinin çıxacağını, restoranda hansı “sürpriz qiymətlərlə” qarşılaşacağını əvvəlcədən bilmir. Adi 40 qəpiklik suyun turistik məkanlarda 2-5 manata satılması, vətəndaşlara 50-70 manatlıq çay dəsgahlarının təklif olunması, “bizdə sadə çay verilmir, çay dəsgahlardır” və ya “bu məkanda yemək yeməyənlərə çay vermirik” və s. bu kimi ikrah hissi yaradan ifadələr biznes təfəkkürümüzün yüksək “inkişafından” xəbər verir.
Qeyd edim ki, Türkiyə öz ənənəvi “serpme kahvaltı” çeşidləri ilə məşhurdur. Bu tip səhər yeməklərində süfrəyə ən azı 20-30 çeşid, bəzi menyularda isə hətta 50-60 çeşid təam qoyulur. İki nəfərlik bu tip səhər yeməklərinin qiyməti 85-120 TL (təqribən 8.5-12 manat) arasındadır, bəzi lüks məkanlarda ən yüksək qiymət 150-250 TL-dir (təqribən 15-25 manat). Bizdə isə ictimai iaşə obyektlərinin əsas devizi “yüksək xidmət, münasib qiymət” deyil, “necə edim ki, daha çox qazanım”dır".
İqtisadçı qeyd edir ki, bütün bu neqativ hallara görə ölkəyə turist gəlmir, vətəndaşlarımız da imkan düşən kimi xarici ölkələrə üz tuturlar: “Dünya İqtisadi Forumu (WEF) hər il ”səyahət və turizmin inkişafı indeksini" açıqlayır. Bu indeks ölkədəki qanunvericilik, infrastruktur, təbii sərvətlər, mədəni sərvətlər, sosial-iqtisadi şərait və davamlılıq, kommunikasiya texnologiyaları və qiymət rəqabət qabiliyyəti daxil olmaqla 112 bənd üzrə ayrı-ayrılıqda verilən balların ümumi qiymətləndirilməsi əsasında müəyyən edilir. Reytinq cədvəlində Azərbaycanın hər zaman Gürcüstan, Ermənistan və ya Latviya, Litvadan geridə qalması xoş təəssürat bağışlamır. BMT-nin Dünya Turizm Təşkilatı (UNWTO) 2021-ci ildə dünya miqyasında 421 milyon insanın turistik səfərlər etdiyini açıqladı. 421 milyon turist sayının ölkələr üzrə paylanmasına baxsaq, ilk 5 yerdə qərarlaşan ölkələr: 1-ci yerdə Fransa (təqribən 40-50 milyon), 2-ci yerdə Meksika (31,9 milyon), 3-cü yerdə İspaniya (31,2 milyon), 4-cü yerdə Türkiyə (29,9 milyon), 5-ci yer İtaliyadır (26,3 milyon). Pandemiyadan sonra sektor tədricən canlanmağa başladı. Məsələn, Türkiyənin 2021-ci ildə turizmdən əldə etdiyi gəlirləri 2019-cu ilə nəzərən 103% artaraq 24 milyard 482 milyon 332 min dollara çatdı.
Turist cəlb etmək üçün ölkənin təbii və ya tarixi zənginlikləri qədər xidmət səviyyəsi də vacib rol oynayır. Turizmin inkişafı indeksində qiymət rəqabət qabiliyyətinə görə irəlidə olan ölkələr hər zaman daha çox turist cəlb edirlər. Məsələn, qiymət rəqabət indeksində İspaniya 117 ölkə arasında 90-cı yerdə, Türkiyə isə 18-ci yerdədir. Bakı və ətrafındakı ortalama hotellərin sutkalıq qonaqlama qiymətləri 200-500 manat arasında dəyişir. Lüks hotellərdə isə qiymət 1000-2000 manatdır. Və bu qiymətə ən yaxşı halda səhər yeməyi daxil edilir. Məsələn, Antalyada ortalama hotellərdə 5-6 günlük “hər şey daxil” (all inclusive) istirahət qiymətləri 450-1200 manat arasında dəyişir. Azərbaycan aviaməkanını inhisara alan AZAL aviadaşımalarının qiymətinin yüksək olması da bir başqa problemdir. Bu səbəbdən də ölkəmizə gələn turistlər dünya üzrə turistlərin cəmi 0,003%-ni təşkil edir. Aylıq ortalama 400-600 manat əmək haqqı alan vətəndaşlarımız üçün isə istirahət əlçatmazdır".
Samir Dübəndi: “Regionlardakı hava limanlarının potensialından tam istifadə edilməyib” - 18.08.2021, Sputnik Azərbaycan
Samir Dübəndi: “Restoran biznesində bu sahəyə aid olmayan, təhsilsiz, təcrübəsiz adamları görürük”
Azərbaycan Hotellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin sədri Samir Dübəndi “Yeni Müsavat”a açıqlamasında problemin səbəbləri və həlli yollarından danışıb: “Bakıda restoranlarda qiymətlərin baha olması fikri ilə mən razıyam. Bunun obyektiv və subyektiv səbəbləri var. Dünyada baş verən proseslər bizim ölkəyə də təsirsiz ötüşmür. Ərzaq bahalaşması baş verir və bu Azərbaycana da təsir edir. Restoranlar tərəfindən xammal olaraq istifadə olunan bəzi qida məhsulları da bahalaşıb. Xammalın maya dəyəri artıbsa, təbii ki, bunun satış qiyməti də artmalıdır. Bunlar obyektiv səbəblərdir.
Təbii ki, hər bir sektorda olduğu kimi, bu sahədə də işbazlar var. Bu biznesin incəliklərini öyrənmədən, təcrübələr keçmədən bu sahəyə gəlirlər. Niyə bu daha çox restoran biznesində özünü göstərir? Çünki bu sahə daha az investisiya tələb edən bir biznesdir. Hotelçilikdə biz daha çox peşəkarlıq görürük. Restoran biznesində bu sahəyə aid olmayan, təhsili, təcrübəsi olmayan adamları görürük. Təbii ki, bunlar fürsətçillik edirlər. Əvvəlki illərin statistikasına nəzər salsaq görərik ki, turistlərin sayı artıb. Gələn turistlərin əksəriyyəti varlı təbəqəyə aiddirlər. Onlar öz valyutaları ilə hesablayırlar, bizdəki qiymətlər onlara ucuz gəlir. Onlar 10 manata da çay alırlar".
S.Dübəndi əlavə edib ki, qiymətlər azad bazar iqtisadiyyatı şəraitində tələb və təklif əsasında formalaşır: “Əgər bu qiymətlər mövcuddursa, demək, bu qiymətlərə tələbat var. Dövlət qurumlarının qiymətlərin tənzimlənməsində rolu ola bilər. Eyni zamanda qeyri-hökumət təşkilatları da bir araya gələrək qiymətlərin tənzimlənməsi işində iş görə bilərlər. Bizim bu sahədə çalışan assosiasiyalarımız zəifdir. Burada dövlət qurumlarının üzərinə məsuliyyət düşür. Onlar sənayeni birləşdirməlidirlər. Bu sahədə çalışan, təcrübəli, fəal insanları bir araya toplamalıdırlar. Bu zaman sənaye birləşə bilər”.
Ceyhun Aşurov: Dünyada sağlamlıq turizmi artan templə inkişaf edir - AZƏRTAC
Ceyhun Aşurov: “Bəzi restoranlar qəsdən çayın qiymətini baha təklif edir, çünki...”
Turizm üzrə ekspert Ceyhun Aşurov isə mövzu ilə bağlı fikirlərini “Yeni Müsavat”a belə açıqladı: “Bu istisna haldır. Bu şəkildə Azərbaycandakı, Bakıdakı bütün qiymətlər ifadə edilmir. Tamamilə razıyam ki, Azərbaycanda bəzi kafelərdə, yaxud da xüsusi yerlərdə çay çox baha qiymətədir. 25-30 manata çaylar satılır. Amma görüş yeri üçün bəzi kafe və restoranlarda 1 fincan çayı 5 manata, bəzən isə daha baha qiymətə satırlar. Bu bəzi restoranların öz daxili siyasəti ilə əlaqəli ola bilər. Bəzi restoranlar öz məkanlarının, sadəcə, çay içmək məkanına çevrilməməsi üçün bu cür qiymət qoyurlar ki, bahalı olsun və oraya insanlar gəlib çay içmək və vaxtlarını keçirmək üçün istifadə etməsinlər. Çay içmək üçün xüsusi çay evləri var. Bəziləri yığışıb orada çaylarını içə bilərlər.
Bu mənada mən razıyam ki, bəzən restoranlarda, sadəcə, çay içmək baha başa gəlir. Amma əlbəttə, bizdə şəhərdə bəzi yerlərdə xüsusi “biznes lunch”lar da var ki, günorta yeməyi 10 manatdan aşağıdır. Buna birinci ana yemək və yanında müəyyən içki də daxildir. Belə təklif edən xüsusi restoranlar da var ki, günorta vaxtlarını bu cür dəyərləndirməyə çalışırlar. Bəzi yerlərdə, sadəcə, səhər yeməyi bir adam üçün 10 manat təklifi var ki, burada kifayət qədər yeyəcək-içəcək olur.
Ona görə istisnaları ümumi hal kimi dəyərləndirməmək daha doğru olardı. Yenə deyirəm, bəzi restoranların, sadəcə, bir içkiyə olan qiymətləri bahadır ki, orada gələn müştərilər uzun müddət yeri məşğul edərək yalnız bir içki içib dayanmasınlar. Lakin burada tanınmış şəxslərlə bağlı məkan rəhbərliyi də xüsusi diqqət etsin. Adətən tanınmış restoranlarda, yerlərdə tanınmış insanları bu cür içkilərə qonaq edirlər, hətta onların tez-tez təşrif buyurması üçün, görüşləri üçün şərait yaradırlar. Amma ümumilikdə, bu yalnız bizdə deyil, bir çox yerlərdə də bir içkini belə baha qoyurlar ki, kütləviliyin qarşısı alınsın".