Ölkədaxili turlar: adları cəlbedicidir, xidmətləri isə...
"Bu sahədə rəqabət güclü olduğundan, turizm şirkətləri qiymətləri endirirlər. Qiymət endikcə, xidmətin keyfiyyəti də azalır. Turun keyfiyyətində nəqliyyat amilinin çox rolu var. Komfortlu avtobusların qiyməti nisbətən bahadır".
Ölkədaxili turların sayı getdikcə artır. Əvvəllər bu turlar bölgələrin öz adları ilə adlandırılırdı. Son illər ölkədaxili turların bir qisminə müxtəlif adlar verilir. Lalə mövsümündə "Lalə turu", Lavanda çiçək açanda "Lavanda turu", mandarin yetişəndə "Mandarin turu", Nar festivalında "Nar turu" və s. Yəni gözəl, cəlbedici adları var. Ancaq ölkədaxili turlardan qayıdanların çoxunun heç də gözəl olmayan təəssüratları olur. "Bizi elə restorana apardılar ki, 2 saat yemək gözlədik", "Planda yazılan yerlərin çoxuna gedilmədi", "Axşam saat 10-da Bakıdayıq" demişdilər, amma gecə 1-də ancaq çatdıq" və s. kimi narazılıqlarla rastlaşırıq. Niyə turlarda bu cür problemlərlə üzləşirik?
15 manata da, 40 manata da olsa...
Turizm eksperti Rəhman Quliyev bildirdi ki, turizm şirkətləri turla səfər etmək istəyənlərə detallı məlumat verməlidirlər. Əgər onlar məlumat vermirlərsə, tura gedən şəxslər soruşmalıdırlar: "İnsanlar lavanda, feyxoa turu, çiyələk festivalı və s. adını eşidirlər, ödəniş edib tura qoşulurlar. Getdikləri yerdə onları necə bir xidmət gözləyəcəyindən xəbərsiz olurlar. Düşünürlər ki, turdur, təşkilatçılıq var. Turun qiyməti 15 manat da, 40 manata da olsa, detallı məlumat alın. Nahar hansı restoranda olacaq? Çay üçün harada dayanacağıq? Bunu öyrənsinlər. Çünki indi elə dövrdür ki, həmin restoranın xidmətini evdə oturub araşdırmaq olar. Sizi aparacaq nəqliyyat vasitəsinin markasını, istehsal ilini soruşa bilərsiniz. Nəqliyyat vasitəsinin yaxşı olmaması da təhlükəli situasiya yaradır".
R.Quliyev qeyd etdi ki, tur planlaşdırılan gün üçün gediləcək yerin hava proqnozuna da öncədən baxmaq lazımdır: "Məsələn, Qax rayonuna hansısa gün üçün tur var. Həmin gün Qaxda leysan gözlənilir. Əslində, turizm şirkəti bunu öyrənməli, turu təxirə salmalıdır. Çünki leysanlı havada proqramda nəzərdə tutulanları etmək mümkün olmayacaq. Amma bəzən qeyri-peşəkar tur təşkil edənlər heç buna fikir vermirlər. Ona görə, turistlər özləri də diqqətli olsunlar. Çünki hava elə olar ki, sizin turla bağlı planlarınız suya düşə bilər".
Bələdçi qeyri-peşəkarlığı
xidmətləri isə...turizm eksperti deyir ki, turlarla bağlı problem yaşanmasının əsas səbəbi ölkədə tur bələdçilərinin çoxunun qeyri-peşəkarlığıdır: "Proqramı idarə edən tur bələdçisindən çox şey asılıdır. Bələdçilər həvəskar yox, peşəkar olmalıdır. Bunun üçün Azərbaycanda bələdçiliyin sertifikatlaşdırılmasına ehtiyac var".
R.Quliyevin sözlərinə görə, turlarda daha keyfiyyətli, daha maraqlı proqram əlavələri istəyiriksə, qiymətlər də artacaq: "20-25 manata Qəbələ turu var, qiymət normaldır. Turların qiyməti baha deyil. Turlardan turizm şirkətlərinə böyük vəsait qalmır. Özlərini ayaqda saxlamaq üçün edirlər bunu. Həm də turizm şirkətləri qiymət cəhətdən insanlara uyğun olsun deyə, ekonom paketlərlə bazara çıxırlar. Həm özləri işləyirlər, həm də insanlar üçün uyğun qiymət olur. Ancaq daha keyfiyyətli, daha maraqlı proqramlar üçün artıq o qiymətə də əlavələr olmalıdır. Bahalı turlar da var. İmkanı olan onlarla gedir".
"Qiymət azaldıqca keyfiyyət azalır"
Turizm şirkəti rəhbəri Aqil Ağalarov deyir ki, qiymət amili keyfiyyətdə böyük rol oynayır: "Çalışdığımız 6 il ərzində bizdən narazı qalan müştəri olmayıb. Çünki hər məsələni diqqətdə saxlayırıq. Qiymət məsələsi burda problem yaradan faktor ola bilir. Bu sahədə rəqabət güclü olduğundan, turizm şirkətləri qiymətləri endirirlər. Qiymət endikcə, xidmətin keyfiyyəti də azalır. Turun keyfiyyətində nəqliyyat amilinin çox rolu var. Komfortlu avtobusların qiyməti nisbətən bahadır. Turizm şirkətləri də ekonom qiymətləri tətbiq edirlərsə, ona uyğun da komfort yaradırlar. İli köhnə olan avtobuslara üstünlük verirlər. Bu da turist narazılığına gətirib çıxarır. Ona görə insanlar baxmalıdırlar, eyni xətt üzrə turun qiyməti birində 20 manat, digərində 28 manatdırsa, deməli, buna nə isə səbəb var. Ümumilikdə, inandığın, xidmətindən əmin olduğun turizm şirkəti ilə getmək lazımdır".
"Restoranlar turları qəbul etmək istəmirlər"
Turlarla bağlı ən çox problem yaradan məsələ restoranlardan narazılıqdır. A.Ağalarov deyir ki, restoranların çoxu turları qəbul etmək istəmirlər: "Restoranlar şəxsi avtomobillərlə gələn müştərilərə üstünlük verirlər. Çünki onlar daha çox sifariş verirlər. Böyük problemlərimiz restoranlarla bağlıdır. Xeyli sayda insanın eyni vaxtda fərqli nələrsə sifariş verməsi onlar üçün problem yaradır. Tur yeməyi paket şəklində sifariş edəndə bu, restoranlar üçün uyğun olur. Ona görə də problem yaşanmasın deyə, biz yeməyi paket şəklində sifariş veririk".
Yol uzundursa...
Turlardan vaxtında qayıtmamaqla bağlı problemin yaranmasına gəlincə, A.Ağalarov bunları söylədi: "Planlaşdırılan vaxtda Bakıya çatmırlarsa, bunun səbəbi həm tur rəhbəri ola bilər, həm də tur iştirakçıları. Bəzən məsuliyyətsiz tur iştirakçıları olur, vaxtında təyin edilən yerdə olmurlar, onlara görə ləngimə olur. Bəzən, sadəcə tur rəhbəri düzgün planlama etmir. Məsələn, Şəki, Qəbələ, Gəncə kimi yerlərə bir günlük gedilirsə, axşam 10-da Bakıda olacağı deyilirsə, bu, mümkün deyil axı. Ümumiyyətlə, o istiqamətə bir günlük tur təşkil edilməsi doğru deyil. Gedib-gəlmək olar, amma o istirahət olmayacaq".
Mütəxəssislərin dediyindən belə məlum olur ki, yalnız qiymətin uyğunluğuna görə tura qoşulmamalıyıq. Həm də qoşulmaq istədiyimiz turu yaxşıca araşdırmalıyıq.