azia.az
azia.az

Bakıda 30 qəpiklik su 1manata satılır

12-08-2016, 15:05

Bakıda 30 qəpiklik su 1manata satılır
Temperaturun 40-41dərəcəyə yüksəldiyi yay günlərini sərin içkilərsiz təsəvvür etmək mümkün deyil. Ancaq fürsətdən istifadə edən bəzi obyektlər bu içkilərin qiymətini kəskin bahalaşdırırlar. Bu isə paytaxt sakinlərin etirazına səbəb olur.

Şəhərin müxtəlif yerlərində fəaliyyət göstərən köşklərdə adi suyun qiyməti 30 qəpik yox, 40-50 qəpik arasında dəyişir. Təbii ki, evdən çıxmaq məcburiyyətində olan bu havada ən azından adi su almalı olur. Adi vaxt 60-80 qəpik olan “İce tea”lər bu köşklərdə 1 manat 10 qəpik- 1 manat 20 qəpiyə satılır. Su almaqda olan bir xanıma yaxınlaşdığımız zaman bildirdi ki, hava çox istidir və o neçəyə olur- olsun su almalıdır: “Ayrı vaxtı 30 qəpiyə aldığım suyu indi 50 qəpiyə aldım. Əlac nədir? Susuzluqdan öləsi deyilik ki”.

Suların qiyməti ilə bağlı Bizimyol.info-ya şikayət edən izləyicimiz Rasim Məmmədov bildirib ki, Dəmiryol vağzalında 30 qəpiklik suyu 1 manata, 60 qəpiklik içkini isə 2 manata satırlar. Izləyicimiz bu sahədə özbaşınalığın olmasından, nəzarətin düzgün aparılmadığından narazıdır.
Sosial şəbəkədə keçirdiyimiz sorğuda iştirak edən izləyicilərimiz məsələ ilə bağlı öz fikirlərini bildiriblər:

Oxucumuz Könül Bayramova deyir ki, bir dəfə həddindən artıq susuzladığından girdiyin mağazaların birində suyun pulunu ödəməmiş içib: “Dilim-ağzım qurumuşdu. Satıcıya dedim nə qədər verəcəm? Gördü ki, suyu içmişəm, fürsətdən istifadə edib 2 manat aldı məndən. Yaxşı ki, 10 manat demədi. Yoxsa deyəcəkdi ki, içmisən mənə nə, mən bu qiymətə satıram. Əslində o suyun qiyməti 40-50 qəpik idi. Vallah pis oldum. Daha heç vaxt o dərəcəyə qədər susuz qalmaram”.
Emin Cumazadə şikayətlənir ki, 40 qəpiyə qazsız su olarmı: “Bizim öz sularımız xarici sulardan bahadı. Belə iş olar? Konkret insanların çörəyi və suyu ilə oynayırlar. Ən lazımlı iki məhsulun qiymətini qaldırırlar”.

Bir başqa izləyicimiz isə yazır ki, yarım litirlik “Pepsi”nin qiymətləri 60 qəpik olub: “Adi, qazsız su da 40 qəpik olub. Eləcə də digər içəcəklər od qiymətinə qalxıb. Belə yerdə yaxşı deyiblər. Dağıl, ey dünya...”

Günel Süleymanova isə Sumqayıtın yeni salınan bulvarından adi, soyuq çayı 1 manat 50 qəpiyə alıb. Xanım deyir ki, halbuki bu çay marketdə 60 qəpikdir.

Şahin Abdulməlik deyir ki, ölkədə suyun 1 litri, neftin 1 litrindən bahadır: “Yarım litirlik sular 2 çörək qiymətindədir. Adi 20 qəpiklik kran suyuna da dədələrinin qiymətini qoyublar. Əgər pulun olmadısa ya səhradasan, ya şəhərdə, heç bir fərqi yoxdur”.

Eyyub Hüseynov: “Azad bazar iqtisadiyyatı adı altında istehlakçıların geniş aldadılması baş verir”

“Azad İstehlakçılar” İctimai Birliyinin (AİİB) sədri Eyyub Hüseynov Bizimyol.info-ya açıqlamasında bildirdi ki, ölkədə istehlakçı hüququnun qorunmadığı şəraitdə və azad bazar şəraitində istənilən şəxsin haqqı var ki, istənilən malı istənilən qiymətə satsın: “Sular dövlət tərəfindən tənzimlənməyən qiymətlərə daxildir. Ona görə çox yuxarı qiymət müəyyən edənlər də var. Dövlət isə bununla bağlı müəyyən tədbirlər görməlidir. Elə etməlidir ki, qiymət ya sabit qalsın, ya da aşağı düşsün. Ancaq Azərbaycanda bir dəfə qalxan qiymət bir daha enmir. Azad bazar iqtisadiyyatı adı altında istehlakçıların geniş aldadılması baş verir”.

Natiq Cəfərli: “Hökümətin görəcəyi iş rəqabətli mühiti yaradıb, bir məkanda daha çox təklifin olacağı şəraiti yaratmaqdır”

İqtisadçı ekspert Natiq Cəfərli Bizimyol.info-ya açıqlamasında bildirib ki, içkilərin baha satıldığı obyektlər adətən dənizkənarı obyektlər, kafelər, restoranlarda olur: “Böyük marketlərdə ciddi qiymət artımına rast gəlinmir. Əsasən standart qiymətlərdir. Mövsümlə əlaqəli qiymət artımı müşahidə olunur. Təbii ki, daha çox pul qazanmaq istəyirlər. Bunun dövlət tərəfindən tənzimlənməsi və ya nəzarət mexanizmi yoxdur. Dövlətin görəcəyi iş normal, rəqabətli mühit yaratmaqdır ki, bir məkanda bir nəfər yox, 5 nəfər satış həyata keçirsin. Rəqabət olarsa, belə absurd qiymətlər yaranmaz. Hökümət satış nöqtələrinin artırılması, onlara lisenziyanın verilməsinin sadələşdirilməsi, xarici ölkələrdəki kimi səyyar lisenziyaların tətbiq olunması kimi işlər görülməlidir. Qiymət bazar qaydalarına, rəqabətə görə tənzimlənsin və belə absurd qiymətlər ortaya çıxmasın”

Ekspert deyir ki, heç kim supermarketdən 30 qəpiyə aldığı suyu, sonradan 1 manata sata bilməz. Bu mümkün deyil: “Dənizkənarı obyektlərdə ola bilər belə olsun. Hardasa normaldır. Onlar da bir mövsüm üçün çalışırlar. Onların da icarə haqlarını, vergiləri, ödədikləri rüşvətləri nəzər alsanız, çalışırlar ki, bu mövsümdən maksimum faydalansınlar. Ona görə də dövlətin və hökümətin görəcəyi iş bu deyil. Dediyim kimi, hökümətin görəcəyi iş rəqabətli mühiti yaradıb, bir məkanda daha çox təklifin olacağı şəraiti yaratmaqdır. Bunu yarada bilsələr, təbii ki, qiymətin aşağı düşməsinin şahidi olacağıq”.

Aysel İsgəndərli


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi