Buğdanın qiymətində artım gözlənilir?
Bu il yerli buğdanın qiymətinin ötən ilə nisbətən baha olacağını şərtləndirən amillər var. Dünyada baş verən proseslər məhsulun maya dəyərini artırıb. Qiymət dinamikası proqnoz verilməsi mümkün olmayan ssenari üzrə inkişaf edir.
Mövzu ilə bağlı Kaspi qəzeti məqalə dərc edib.
Dünya bazarında buğdanın qiyməti durmadan artır. Təbii ki, bunun əsas səbəbi Rusiya-Ukrayna gərginliyidir. Çünki bu iki ölkənin dünya taxıl bazarında payı çox böyükdür.
Buğda ilə bağlı tələbatının böyük hissəsini idxal hesabına qarşılayan ölkələri qiymət artımı narahat edir, eləcə də Azərbaycanı. Məhsul xaricdə hansı qiymətə təklif olunursa, o qiymətə almağa da məcburuq. 3 ay sonra isə yerli buğdanın biçin mövsümü başlayacaq. Dünya bazarındakı qiymət yüksəlməsi yerli buğdanın satışında da öz əksini tapacaqmı? Adətən hansı məhsulun qiyməti bu il baha olursa, növbəti əkin mövsümündə fermerlər onların əkilməsinə daha çox meyil göstərirlər. Bu qiymət artımları Azərbaycanda buğda əkməyə üstünlük verənlərin artmasına təsir göstərə bilərmi?
İqtisadçı ekspert Cəfər İbrahimli deyir ki, Ukrayna hadisələri olmasaydı belə, buğdanın qiyməti ötən ilə nisbətən baha olacaqdı:
“Azərbaycanda və dünyada gübrənin, toxumun qiyməti kəskin artıb. Ötən il neftin, dizelin də qiyməti artırılıb. Ölkədə bütün mal və xidmətlərin dəyərində artım var. Bu, istər-istəməz bütün malların qiymətlərinə sirayət edir. Daxili bazarda da buğdanın qiymətinin keçənilki biçin dövrü ilə müqayisədə yüksək olacağını düşünürəm. Çünki istehsal xərci yüksəlib”.
Hansı səviyyədə artım olmasına gəlincə, C.İbrahimli bildirib ki, ilkin olaraq, təxminən 10 faizlik artım gözlənilir:
“Buğdanın qiyməti biçin mövsümündəki qiymətlərlə ölçülür. Biçin mövsümündə müəyyən bir qiymət müəyyənləşir. Sonrakı dövrdə qiymət dünya bazarında baş verən proseslərə uyğun tənzimlənir. Builki biçin mövsümündə əvvəlki biçin dövrü ilə müqayisədə 10 faizlik qiymət artımı gözləyirəm. 2021-ci ildə məhsul toplananda buğdanın qiyməti 34-35 qəpik idi. Sonrakı tarixlərdə 50 qəpiyə qədər yüksəldi. Builki biçin ilində isə başlanğıc qiymət 40 qəpik və onun üzərində olacaq. Qalanları da siyasi proseslərdən asılıdır. Siyasi proseslər qaydasına düşsə, keçənilki biçin dönəminə paralel qiymət reallığı ilə üzləşə bilərik”.
İqtisadçı Rəşad Həsənov deyir ki, iki səbəb yerli buğdanın qiymətinin artımını şərtləndirir:
“Birincisi, dünya bazarında qiymətlər yüksəlirsə, yerli istehsalçı da qiymətləri artırmalıdır. Bu, təbii bazar qanunauyğunluğudur. İkincisi, son bir ildə dünya bazarında gübrənin qiymətində 2 dəfə artım qeydə alınıb. Digər tərəfdən, Azərbaycanda istehsalda istifadə olunan gübrələrin əhəmiyyətli hissəsi Rusiyadan idxal olunur. Rusiyanın başlatdığı müharibəyə görə bu ölkəyə tətbiq edilən sanksiyalar fonunda bu ölkənin öz məhsullarının ixrac etmək imkanı məhdudlaşır, yaxud ixrac etdiyi təqdirdə, həmin məhsullara daha böyük rüsumlar təklif edir. Daşınma xərclərinin artması gübrənin və bu kimi digər pestisidlərin daha baha qiymətə gəlməsinə səbəb olur. Beləliklə, məhsulun maya dəyəri bahalaşır, nəticədə təklif qiyməti artır. Hər iki səbəb yerli istehsalın qiymətinin bahalaşmasını şərtləndirir”.
R.Həsənov bildirdi ki, əsas buğda tələbatımız idxal hesabına ödəndiyi üçün qiymət dinamikası da dünyadakı siyasi proseslərdən asılı olacaq:
“Yerli buğda ərzaq məqsədli istifadə üçün o qədər də yararlı deyil. Azərbaycan, demək olar ki, ərzaq məqsədli taxılın 90 faizini idxal edir. İdxal olunan taxılın əhəmiyyətli hissəsi Rusiyanın payına düşür. Keçən il 331 milyon dollarlıq ümumi taxıl idxal olunub ki, onun da 318 milyonu Rusiyadan idxal olunub. Rusiyadan gələn taxılın da 98 faizi ərzaqlıq taxıl idi. Buna görə də, istənilən halda bu istiqamətdə qiymət dinamikası proqnoz verilməsi mümkün olmayan ssenari üzrə inkişaf edir. Kifayət qədər sərt bahalaşma gözlənilir”.
Qiymət artımının buğda əkməyə maraq göstərənlərin sayını artıracağına gəlincə, R.Həsənov bildirib ki, bu faktor təşəbbüsləri qismən artıra bilər:
“Meliorasiya tədbirləri düzgün aparılmadığı üçün Azərbaycan torpaqlarının əhəmiyyətli hissəsi yararsız vəziyyətə düşüb. Xüsusilə taxıla yararlı torpaqlardan söhbət gedir. Çünki taxıl kənd təsərrüfatında son çarə kimi qiymətləndirilir. Əgər torpaq məhsuldardırsa, orada mənfəət norması daha yüksək olan məhsulların istehsal edilməsi faydalı hesab edilir. Taxıl su az, çatan, məhsuldarlıq zəif olan yerlərdə əkilir. Düşünürəm ki, hökumət müəyyən qədər dəstəkləsə, təşviq etsə, xüsusilə də torpaqların şoranlaşmasının qarşısının alınması ilə bağlı tədbirləri gücləndirsə, növbəti ildə taxıl əkilməsində artım ola bilər”.