Sabiq müdir keçmiş rektorun həbsini tələb etdi
Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Bakı Slavyan Universitetinin (BSU) əlavə və qiyabi təhsil şöbəsinin sabiq müdiri Dürdanə Əliyevanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Azia.az APA-ya istinadla xəbər verir ki, hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən iclasda şahid qismində Yusif Babayev ifadə verib. O, ifadəsində həyat yoldaşının Bakı Slavyan Universitetində işə düzəlmək üçün Dürdanə Əliyevaya 10 min manat verdiyini, lakin işlə təmin edilmədiyini deyib: "Eşitmişdim ki, universitetdə işə qəbul və digər məsələlərlə Dürdanə Əliyeva məşğul olur. Ona görə birbaşa özü ilə görüşdüm. Razılaşdıq ki, həyat yoldaşım Xarici əlaqələr şöbəsində aparıcı mütəxəssis kimi çalışacaq. Bunun qarşılığında Dürdanə xanıma 10 min manat verdim. Sentyabr ayında pandemiya oldu, dedilər yanvar ayında işə başlayacaq. Yanvar ayı da gəldi, yenə olmadı. Verdiyim pulu da geri ala bilmədim".
Təqsirləndirilən Dürdanə Əliyeva şahidin ifadəsinə münasibət bildirmək istəməyib.
Prosesdə sonra ixtisasartırma üçün BSU-da təhsil almış Esmira Qurbanova və Rövşanə Abduləzimova ifadə verib.
Şahidlər Dürdanə Əliyevaya verdikləri təhsil ödənişlərinin bir hissəsinin hesaba oturmadığı üçün universitetə borclu qaldıqlarını bildiriblər.
Prosesdən sonra Dürdanə Əliyeva açıqlamasında bu əməli təkbaşına etmədiyini bildirərək, BSU-nun sabiq rektoru Nurlana Əliyevanın və həmin vaxt mühasib işləyən şəxsin də məsuliyyətə cəlb olunmasını tələb etdiyini deyib.
D. Əliyevə qeyd edib ki, Nurlana Əliyeva və mühasibin cinayət işinə cəlb olunması üçün dəfələrlə vəsatət qaldırıblar.
Qeyd edək ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Bakı Slavyan Universitetinin (BSU) əlavə və qiyabi təhsil şöbəsinin müdiri, dosent Dürdanə Əliyeva barəsində araşdırma aparılıb.
Dürdanə Əliyevanın qanunsuz əməlləri törətməsi barədə çoxsaylı şikayətlər araşdırılıb. Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə), 32.4, 312.2 (rüşvət verməyə təhrik etmə), 311.1 (rüşvət alma) maddələri ilə cinayət işi başlanılıb.