Kürün sahilində narkotik becərənlər "iş başında” saxlanıldı - VİDEO
Salyan Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərin aşkar edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində əməliyyat tədbiri keçirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, RPŞ-nə Kür çayının rayonun Kürqaraqaşlı kəndi ərazisindən keçən hissəsinin sahilində narkotik tərkibli bitkilərin kultivasiya edilməsi barədə əməliyyat məlumatı daxil olub. Dərhal qeyd edilən ərazi əməliyyat nəzarətinə götürülüb.
Keçirilən əməliyyat tədbirləri nəticəsində çayın sahilində narkotik vasitələrin kultivasiyası ilə məşğul olan həmin kəndin sakinləri Müşfiq Dadaşov və Zaman Süleymanov çətənə bitkilərinə qulluq edən zaman "iş başında” saxlanılıblar.
Həmin əraziyə keçirilən baxış zamanı dörd kiloqramdan artıq marixuana və 39 ədəd çətənə kolu aşkar olunaraq götürülüb. Əvvəllər də narkotiklərə görə həbs olunan hər iki şəxs izahatlarında narkotiklərin kultivasiyası ilə məşğul olduqlarını etiraf ediblər.
Şöbə əməkdaşları tərəfindən Kür çayının sahilində keçirilən digər bir uğurlu əməliyyat tədbiri nəticəsində eyni əməllə məşğul olan Kürqaraqaşlı kənd sakini Kamal Zeynalov da saxlanılıb.
Qeyd edilən ərazidə baxış zamanı oradan K.Zeynalov tərəfindən xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilmiş 19 ədəd çətənə kolu aşkarlanaraq maddi sübut kimi götürülüb və ekspertizaya təqdim olunub.
Aşkar olunan faktlarla bağlı Salyan RPŞ-nin İstintaq Bölməsində cinayət işləri başlanılıb, istintaq və əməliyyat tədbirləri davam etdirilir.