azia.az
azia.az

Düşmən tanklarla Şuşaya əks-hücuma keçdi

9-03-2022, 09:26


Bu, 44 günlük Vətən savaşı ilə bağlı ilk sənədli romandır. Roman müəllifinin oğlu və qardaşı oğlu ilk günlərdən döyüşlərə qatılıb və Şuşa uğrunda savaşlara qədər iştirak ediblər (Müəllifin qardaşı oğlu şəhid olub).
Düşmən tanklarla Şuşaya əks-hücuma keçdi
Roman faktlar, sənədlər, döyüşçülərin xatirələri, real döyüş əməliyyatları əsasında qələmə alınıb.

Beləliklə, Kult.az tanınmış yazıçı Etibar Muradxanlının “Dəmir Yumruq əməliyyatı 44” adlı sənədli romanının kiçik ixtisarla dərcinə başlayır.

Əvvəli BURADA

Erməni əsgərləri ucadan və tələsə-tələsə danışaraq, xüsusi təyinatlılara yaxınlaşmağa başladılar. Havanın çiskinli və duman olması, eyni zamanda Azərbaycan xüsusi təyinatlılarının belə tez və gözlənilmədən şəhərə sıza bilmələrinə inamsızlıq düşməni aldatmışdı. Aralarındakı mübahisədən və səs tonlarından narahatlıqları və panika içərisində olduqları da aydınca hiss olunurdu. Düşmən şəhərin müdafiəsini üzərinə götürmüş “təcrübəli hərbiçi”, Birinci Qarabağ müharibəsi iştirakçısı, Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyanın nə işlə məşğul olduğundan, şəhərin müdafiəsinə cəlb olunmuş üç min əsgərin hara yox çıxmasından, Araik Arutyunyanın ölümü, dirimi olmasından danışıb mübahisə edir, bəziləri isə Seyran Ohanyanın artıq şəhəri tərk etdiyini, qaçdığını iddia edirdi.

Kapitan Nahid Tağıyev mayor Saleh Həsənova tərəf boylanıb əlini xəfifcə sinəsinə toxundurmaqla, “Məndə” deyə işarə etdi. Avtomatını kürəyinə çevirib kəmərindən sallanan süngünü qamarladı. Komandirlərinin hərəkətini anlayan baş leytenant Azad Axundov, baş leytenant Tural Koroğluyev, gizir Əlimuxtar İbrahimov, gizir Azər Hüseynov və baş leytenant Elnur Qasımov soyuq silahlarının dəstəklərini əllərində sıxıb addımlamağa başladılar. Əlbəyaxa döyüşə hazır olan qrup asta addımlarla düşmən əsgərlərinin üzərinə yeridi.

Düşmən aldandığını və səhv etdiyini anladıqda qrup artıq düşmən əsgərlərinin arasına dalmış, onlara bir bıçaq atışı məsafəsinə qədər yaxınlaşmışdı. Düşmən əsgərlərinin əks-həmlə qrupuna yaxınlaşarkən daha arxada qalan hissəsi duyuq düşüb avtomatlarını atəş vəziyyətinə gətirərək geri çəkilməyə cəhd etdilər. Və qarşıda təkcə Azərbaycan Ordusunun xüsusi təyinatlıları deyil, öz yoldaşları, çiyin-çiyinə döyüşdükləri səngərdaşları, Ermənistan ordusunun xüsusi təyinatlılarının da olmasına baxmayaraq, qəfil atəşə başladılar. Digərləri isə başqa bir çıxış yolu görməyib, göz-gözə qaldıqları xüsusi təyinatlıların üzərinə atıldılar.

Düşmənin atəş açmaq imkanını özlərində saxlayıb geri çəkilən hissəsinə uzaqlaşmağa macal verilmədən mayor Saleh Həsənovun qrupu tərəfindən sərrast atəşlə məhv edildi. Kapitan Nahid Tağıyevin qrupu isə özünümüdafiə instiktindən doğan vahimə içərisində üzərlərinə atılan düşmən əsgərlərini süngü ilə qarşıladı. Kapitan Tağıyev süngünü bağıraraq üzərinə atılan düşmən zabitinin sinəsinə sapladı. Dərhal da çevrilib avtomatının qundağını arxadan başına endirmək istəyən düşmən əsgərinin süngü-bıçaqla hülqumunu parçaladı. Aralarına sızmış altı nəfərdən ibarət xüsusi təyinatlı ilə əlbəyaxa döyüşə girmiş on beş-iyirmi nəfərdən ibarət düşmən odlu silahlarını işə salmağa macal tapmadan süngü ilə məhv edildi.

Hadisələri uzaqdan müşahidə etməklə duyuq düşən, Şuşa həbsxanasının yaxınlığında mövqelənib şəhəri Şuşakənd istiqamətindən gözlədikləri hücumdan müdafiə tapşırığı almış düşmən əsgərləri cəld arxa tərəfə, xüsusi təyinatlıların gəldikləri istiqamətə çevrilib qəfil atəşə başladılar. Xüsusi təyinatlılar hərəkətdən durmadan sürəkli atəş və sürətli hərəkətlə düşmənin üzərinə yüyürdü.

Düşmən ani olaraq susdu. Bir neçə dəqiqədən sonra düşmən əvvəlki mövqelərindən təxminən yüz əlli-iki yüz metr arxadan yenidən əks-həmlə qrupunu atəşə tutdu...

- Samiri vurdular! – Baş leytenant Hidayət Cahangirov bağırıb xəbərdarlıq etdi.

Sinəsindən aldığı avtomat yarasından gizir Samir Mehdiyev bir-neçə addım irəli addımlayıb üzüstə torpağa düşdü. Baş leytenant Cahangirov qaçıb özünü döyüş yoldaşına çatdırdı. Samir Mehdiyevi arxası üstə çevirib başını dizinin üstünə qoydu. Gizir Mehdiyev gözlərini açıb başının üstündə duran döyüş yoldaşının sifətinə boylandı. Ani bir təbəssümlə gözlərini qıyıb:

- Haqqınızı... halal edin... qardaş! – deyə, xəfifcə qapadı...

Düşmən əsgərləri xüsusi təyinatlıların hərəkət istiqamətində aramsız atəş yağdırmaqla şəhərin mərkəzinə doğru çəkilib gözdən itdilər. Qarşı tərəfdən gələn UAZ markalı komandir maşını da istiqamətini geri dəyişib sürətlə uzaqlaşdı...

Həbsxananın yaxınlığında şəhəri Şuşakənd tərəfdən gözlənilən hücumdan müdafiə etmək üçün səngərlər qazılıb, istehkamlar qurulmuşdu. Demək, düşmən işğaldan azad etmə tapşırığını icra edən xüsusi təyinatlıları arxa tərəflərindən, keçilməz qayalardan və möhkəm müdafiə sistemi qurduqları Şuşa qalası istiqamətindən deyil, qarşıdan, Şuşakənd istiqamətindən gözləyirmiş. Şuşakənd istiqamətindən Şuşaya doğru hərəkət edən kapitan Ülvi Hüseynovun komandiri olduğu motoatıcı tabor isə 1214 saylı yüksəklikdə düşmən tərəfindən mühasirə olunaraq, irəliləməsinin qarşısı alınmışdı. Əslində isə düşmən 1214 saylı yüksəklikdə mühasirədə saxladıqları motoatıcı taborun vəzifəsinin hücum imitasiyası yaratmaqla Şuşa şəhərində cəmləşmiş düşmən ordusunun bir hissəsini öz üzərinə cəlb edib parçalamaq, düşməni aldadaraq Azərbaycanın işğaldan azadetmə ordusunun manevr imkanlarını genişləndirmək və xüsusi təyinatlıların digər istiqamətlərdən şəhərə girişinə şərait yaratmaq olduğundan xəbərsiz idilər...

Qruplar müxtəlif istiqamətləri nəzarətdə saxlamaq şərtilə şəhərin mərkəzinə doğru, düşmən əsgərlərinin geri çəkildiyi istiqamətdə irəliləməyə başladı. Şəhərdə ölü bir sükut hökm sürür, atəş səsləri belə sükutun ölən nəfəsi kimi titrəyir, ara-sıra yollarda görünüb tez də yox olan avtomobillərin şəhərin küçələrində vurnuxaraq çıxış yolu aradığı boğulmaqda olan səslərindən aydınca duyulurdu. Hər an bir sürpriz, hər an bir hiylə ehtimalı əks-həmlə qrupunu olduqca ehtiyalı davranmağa məcbur edirdi. Binaların damlarını, yuxarı mərtəbələrini, girişlərini, dolanbac küçələrin giriş-çıxışlarını və dönüşlərini nəzarətdə saxlamaqla ehtiyatla irəliləyərək məktəb binasının qarşısında dayandılar. Məktəb binası ilə yanaşı qədim bir tikili olan muzey diqqəti cəlb etdi. Hər iki binanın ətrafı və içəriləri ehtiyatla yoxlanıldı. Düşmən qüvvələrinin yoxluğuna, hər hansı bir pusqunun olmadığına əmin olduqdan və tikililərin qədim qalın divarlarının artilleriya hücumlarına qarşı davamlılığını, təhlükəsizlik baxımından əlverişli olduğunu nəzərə alaraq, qruplar həmin tikililərdə mövqelənməyi qərara aldılar. Mayor Saleh Həsənov öz qrupu ilə muzeydə, kapitan Nahid Tağıyev isə öz qrupu ilə məktəbdə mövqeləndı...

Azərbaycan xüsusi təyinatlılarının şəhərdə olması xəbəri düşmənin yüksək hərbi dairələrinə çatmışdı. Düşmən həm Laçın tərəfdən, həm də Xankəndi tərəfdən Şuşaya hücum etməklə birləşmək və xüsusi təyinatlıların təminat yolunu bağlamaq tapşırığı almışdı...

Şəhərin mərkəzinə doğru irəliləmək tapşırığı alan mayor Saleh Həsənov qrupunun bir hissəsini Xankəndi tərəfdən gözlənilən hücumun qarşısını almaq üçün Şuşa qalasının ətrafında mövqeləndirmişdi. Şərq istiqamətində hərəkət edən birinci qrupun komandiri də müəyyən sayda döyüşçünü eyni tapşırıqla görəvləndirmişdi. Yaralandıqdan sonra gecəni Şuşa qalasının yaxınlığındakı meşəlikdə keçirən mayor Zaur Rəhimov da öz qrupu ilə Xankəndi tərəfdən gözlənilən hücumun qarşısını almaq tapşırığını öz üzərinə götürmüşdü. Briqada komandiri polkovnik Ələkbər Cahangirovun rəhbərliyi altında fəaliyyət göstərən xüsusi təyinatlılar isə polkovnik-leytenant Ceyhun Camalovun komandirliyi ilə mərkəzə doğru irəlilələməklə şəhəri düşməndən təmizləmək tapşırığı almışdı...

Düşmən bir neçə ağır zirehli texnika və çoxsaylı canlı qüvvə ilə şəhərin girişinə doğru irəliləməyə başladı. Qala divarlarının arxasında mövqelənən xüsusi təyinatlılar dərhal cavab atəşi ilə düşməni geri çəkilməyə, ağır zirehli texnikanı isə mövqelənməyə məcbur etdi. Düşmən tankları mövqeləndikləri yerlərdən ani olaraq irəli şütüyüb Şuşa qalasının ətrafını atəşə tutduqdan sonra geri çəkilib yenidən gizlənməyə çalışır, fürsət gözləyirdilər. Bir neçə saatdan sonra irəliləyə bilməyəcəklərini anlayan düşmən piyada qüvvələri sürətli hərəkətlə şütüyən təkərli texnikaların içərisində şəhərə sızmağa cəhd göstərdi. Amma xüsusi təyinatlıların ciddi müqaviməti nəticəsində istəklərinə nail ola bilməyib böyük itki verməklə geri çəkildilər.

Nəhayət düşmən ağır texnikaların arxasınca həm tankların üzərindəki artılleriya qurğuları, həm də avtomat və pulemyotlarla sürəkli atəş açmaqla şəhərə doğru irəliləməyə başladı. Qala divarlarının arxasında mövqelənmiş xüsusi təyinatlılar müqavimət göstərməyib səbirlə düşmənin daha da yaxınlaşmasını gözlədi. Bu zaman şəhərin mərkəzinə sızma tapşırığını icra edən tabor komandiri kapitan Nahid Tağıyevin kapitan Kamalovun rəhbərliyi altında ayırdığı pusqu qrupu və tabor komandiri mayor Anar Qasımovun pusqu qrupu düşmənin piyada qüvvələrinin hücumunun qarşısını almaq və məhv etmək haqda tapşırıq aldı. Şuşa qalasının yaxınlığından keçən Laçın-Xankəndi asfalt yolunun altındakı böyürtikən kolluqları ilə örtülmüş qayalıqda gizlənərək gözləmə mövqeyi tutmuş hər iki qrup qəfil yerlərindən sıçrayaraq hücuma can atan düşmənlə üz-üzə gəldi. Eyni anda həm Şuşa qalası istiqamətindən, həm də şəhərin kənarındakı pusqu qrupları tərəfindən kiçik çapli silahlarla atəşə məruz qalan düşmən böyük itki verməklə yenidən geri çəkilmək məcburiyyətində qaldı. Tank əleyhinə heç bir silahdan istifadə edilmədiyinə əmin olan düşmən zirehli texnikası isə müqaviməti yararaq şəhərə daxil ola bildi və sürətlə şəhərin mərkəzinə doğru hərəkət eləməyə başladı...

Şəhərə girdikdən sonra şərq istiqamətində hərəkət edən birinci qrupun komandiri öz qrupu ilə şəhərin Laçın tərəfindən dairəvi müdafiəsini öz üzərinə götürən düşmən qüvvələrini zərərsizləşdirib Laçın istiqamətində irəlilədi. Və əks-həmlə qruplarının təminat yolunu bağlamaq və Xankəndi tərəfdən davamlı olaraq hücuma cəhd edən erməni hərbi qruplaşmaları ilə birləşmək məqsədi ilə hücuma keçən düşmənin ağır zirehli texnikası və piyada qüvvələri ilə üz-üzə gəldi. Amma düşmən, xüsusi təyinatlılar Şuşa-Laçın yolunu yarıb paralel olan çöl yolu tərəfdən, yəni arxadan irəliləyərək Şuşa qalasına doğru hərəkət etdikləri zaman düşmənin Laçın rayonu istiqamətindən yolunu qapayıb müdafiəni öz üzərinə götürən xüsusi təyinatlıların kapitanı Qəzənfər Bağırlı və motoatıcı qüvvələrin kapitanı Ramazan Hudulovun qrupları tərəfindən pusquya düşdü və böyük itki verməklə geri çəkilmək məcbiriyyətində qaldı.

Birinci qrupun komandiri isə öz qrupu ilə şəhəri düşməndən təmizləmə əməliyyatını davam etdirməyə başladı...

Həm şəhərin mərkəzinə doğru hərəkət edən, həm də kənardan müdafiəni təşkil edən xüsusi təyinatlıların ağır texnikaya qarşı silahlarının tükəndiyini hiss edən düşmən zirehli texnikası bundan maksimum istifadə etməyə çalışaraq mərkəzə doğru şütüdü…

- Düşmən tankları artıq şəhərin mərkəzindədir, cənab polkovnik. Amma onları məhv etmək üçün əlimizdə tank əleyhinə heç bir vasitə yoxdur! Xahiş edirəm, təcili olaraq bizə zirehli texnikaya qarşı silah göndərin! – mayor Saleh Həsənov radio vasitəsilə məlumat verdi.

- Tank əleyhinə idarə olunan raketlər yaxın saatlarda sizə catdırılacaq, mayor. O zamana qədər zirehli texnika tərəfindən yerinizin aşkar olunmasına imkan verməyin.

- Oldu, cənab polkovnik!..

Ardı var


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi