"Qanun qüvvəyə minsəydi, ölkədə böyük kapitalı olan şirkətlərə problem yaradacaqdı" - ŞƏRH
İqtisadçı ekspert Samir Əliyev “Valyuta tənzimi haqqında” qanunun bu gün prezident İlham Əliyev tərəfindən Milli Məclisə geri qaytarılmasını şərh edib.
Ekspertin sözlərinə görə, hazırda ölkədə xarici investisiyaya çox böyük ehtiyac var, qeyd edilən qanunun prezident tərəfindən geri qaytarılması da bununla bağlıdır: "Dövlət investisiyaları indiyə qədər bunları kompensasiya edirdi. Məlum səbəbdən kompensasiyalar azalıb. Ona görə də xarici investisiyalara yatırımlar edilməlidir. Hər hansı bir qanunda buna bəzi məhdudiyyət qoyulubsa, başa düşüləndir. Çünki bu yolla ölkədən çıxarılan valyuta axınının qarşısını qismən almaq lazımdır. Hər bir dövlət də bunun qarşısını almaq istəyir. Bunun üçün müxtəlif inzibati və iqtisadi metodlardan istifadə edirlər. Belə bir vaxta belə bir qaydanın tətbiq edilməsi məqsədə uyğun deyildi. Qanunda sahibkarlar ölkədən çıxardığı pulun 20%-i həcmində vergi verməliydi, bu da xarici investisiya üçün böyük problem yaradırdı. Bu qanun qüvvəyə minsəydi, Azərbaycanda yüksək kapitalı olan şirkətlərə problem yaradacaqdı. Sahibkarlıq, xarici investisiyalar üçün bu çox neqativ siqnal olacaqdı”.
Samir Əliyev bildirir ki, qanunun ölkə başçısı tərəfindən geri qaytarılması çox yaxşı addımdır. Ekspertin fikrincə, bu sahələrdə daha ciddi təhlil aparılmalı və müvafiq addımlar atılmalıdır.